Küçə siyasətçisi Ermənistanı fəlakətə aparır: Nikolun addımları İrəvanın çöküşünü sürətləndirir

Paşinyanı və düşmən ölkəni böhrandan işğalçılığa son qoymaq xilas edə bilər
Ermənistan parlamentinin sabiq vitse-spikeri, Koçaryan-Sarkisyan rejiminin siyasi təşkilatı olan "Respublikaçılar” Partiyasının əsas simalarından sayılan Eduard Şarmazanov özünün "Facebook” səhifəsində hazırkı hakimiyyətin fəaliyyətini tənqid edib. Hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "məxməri inqilab”dan sonrakı səhvlərini açıqlayıb. Şarmazanov Ermənistan tarixində heç zaman olmayan hadisələrin, Nikolun 8 aylıq hakimiyyəti zamanı baş verdiyini qeyd edib. Sosial şəbəkədə "TOP - 10” səhvlər başlığı ilə yazdığı yazıda səhvləri bənd - bənd sadalayıb.

Yeni ili işsiz və ac qarşılayan erməni xalqı...

İlk olaraq Şarmazanov deyir ki, ilk dəfə olaraq Ermənistanın Diaspora Nazirliyi bağlanır, bununla yanaşı Mədəniyyət Nazirliyi də daha olmayacaq. Sarkisyan "klanı”nın əsas fiqurlarından biri bunu vurğulamaqla bildirmək istəyir ki, bundan sonra Ermənistan tamamilə çökəcək. 
Çünki, faktiki olaraq Ermənistan tarix boyu diasporaların gücünə ayaqda qalmağı bacarıb. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları düşmən ölkənin dövlət büdcəsinin 80 faizinə yaxınını təmin edirdi. Müxtəlif ölkələrdə erməni millətçi mafioz-biznesmenlər ianələr toplayırdılar. İndi Paşinyan Diaspora Nazirliyini bağlamaqla, həmin lobbiçilərin də qarşısına bir sədd çəkmiş olur. Bundan sonra Ermənistanın onsuz da bərbad vəziyyətdə olan dövlət büdcəsi, daha da boşalacaq.
Elə Şarmazanov yazdığı "TOP - 10” səhvin ikinci bəndində də buna işarə edir. Bildirir ki, Ermənistan vətəndaşları 2019-cu ili işsiz statusu ilə qarşılayacaq. Bu o deməkdir ki, ölkədə işsizlik çoxalacaq, insanlar daha da ac-yalavac duruma düşəcəklər. 
Çünki dediyimiz kimi, diaspora təşkilatlarının köməyi ilə formalaşan dövlət büdcəsinin xərcləri azalacaq. Bu həm işsizliyin yaranmasına, həm də ermənilərə verilən qəpik-quruş sosial müavinətlərin, təqaüdlərin kəsilməsinə gətirib çıxaracaq.

İrəvana KTMT zərbəsi – daha şıltaqlıq edib, hədə-qorxu gələ bilməyəcəklər

Şarmazanov üçüncü bənddə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə baş verənlərə nəzər salıb. O qeyd edir ki, Ermənistan KTMT baş katibliyi vəzifəsini itirdi. Bu isə Ermənistan üçün böyük zərbə deməkdir. Paşinyan KTMT təmsilçiləri ilə "körpüləri yandırdı”. Artıq müttəfiq ölkələr Ermənistanı demək olar ki təşkilatda görmək istəmirlər. Faktiki olaraq KTMT-nin əsas dövlətlərindən olan Rusiya Paşinyanı qeyri-ciddi siyasətçi sayır. KTMT baş katibliyi postuna Belarusdan olan namizədin seçilməsini dəstəkləyən Kreml rəsmi İrəvanı "ofsaidd”ə saxlamış oldu. Qurumda olan digər əsas dövlətlər, Belarus və Qazaxıstan onsuz da əvvəllər Ermənistana "isti münasibət” bəsləmirdilər. İrəvanın baş katibliyi itirməsi həm rəsmi Minskin həm də Astananın ürəyincədir. 
Belarus prezidenti Aleksandr Lukaşenko da KTMT ilə başlı son açıqlamalarında dolayısı ilə təşkilatın heç də Ermənistana möhtac olmadığını söylədi. Bu da təbiidir. Azərbaycan kimi bölgənin hər cəhətdən lideri olan dövlətlə bərabərhüquqlu münasibətlər, əməkdaşlıq Ermənistan kimi zavallı dövlətlə yaxşı münasibətlərdən daha cəzbedicidir. Şarmazanovun KTMT ilə bağlı narahatlıq dolu açıqlaması da başa düşüləndir. Çünki bu günə qədər işğalçılıq siyasətini davam etdirən rəsmi İrəvan hər zaman KTMT-ni əlində bayraq edirdi. "Bizə bir şey olsa, KTMT-nin nizamnaməsi var ortada” deyib həm şıltaqlıq, həm də hədə-qorxu dilində danışırdı. Amma artıq nə şıltaqlıq var, nə də hədə-qorxu dili. Çünki faktiki olaraq Ermənistan KTMT-də heç bir söz sahibi olmayan bir dövlətdir.

Paşinyanın hakimiyyətə gəldikdə ilk və yeganə düzgün addımı qaniçən Sarkisyan-Köçəryan rejiminə qarşı sərt mövqe tutmasıdır

Sabiq vitse-spiker 4-cü bənddə qeyd edir ki, ilk dəfə olaraq "Qarabağ qəhrəmanı” və Ermənistanın prezidenti olmuş şəxs həbs edilib. Bununla Şarmazanov qaniçən, ötən əsrin ən dəhşətli soyqrımından olan Xocalı soyqırımını törədənlərdən birinə, Robert Köçəryana qarşı qaldırılan cinayət işini nəzərdə tutur. Şarmazanov bu qlobal terrorçunun həbsini "səhv addım” adlandırır. Əslində Köçəryanın həbsi doğru addımdır. Bəlkə də Paşinyanın hakimiyyətə gəldikdə ilk və yeganə düzgün addımı qaniçən Sarkisyan-Köçəryan rejiminə qarşı sərt mövqe tutmasıdır. Amma Şarmazanov bunun Ermənistan üçün yalnış olduğu qənaətindədir. Necə ki, yazdığı "TOP - 10”un beşinci bəndində buna aydınlıq gətirib.
 Belə ki o deyir ki, artıq Paşinyanın dövründə Ermənistan siyasəti "Qarabağın azadlığı uğrunda mübarizə”dən ibarət deyil. Vurğulayır ki, Paşinyan hakimiyyəti Qarabağı düşünmür, hakimiyyəti mənimsəməyi məqsəd qoyub. Guya ki, Sarkisyan-Koçaryan separatçı rejimi "Qarabağın azadlığı uğrunda mübarizə” aparırmış. Əslində Şarmazanov onların hakimiyyətinin işğalçılıq siyasəti apardığını desəydi, daha doğru olardı. Amma keçmiş vitse-parlamentari Paşinyanın səriştəsizliyi ilə Ermənistanı neçə çökdürdüyünü anlatmağa çalışır.

Total seçki saxtakarlığı ilə "qalib” olan "Mənim addımım”

Növbəti bəndlərdə Şarmazanov "artıq real müxalifətsiz parlamentə sahibik”, "ilk dəfə Eçmiədzin kilsəsinin dəftərxanası zəbt edildi”, "ilk dəfə bütün ermənilərin kotolikosuna hücum oldu”, "ilk dəfə homoseksuallar polisə hücum etdi”, "ilk dəfə olaraq ölkə rəhbəri xalqı qaralara və ağlara böldü” – deyə qeyd edir. Eyni zamanda vurğulayır ki, bütün bunlar son 8 ayda baş verib. Yəni Paşinyanın hakimiyyəti müddətində. Şarmazanovun qeyd etdiyi son bəndlərin demək olar ki hamısı doğrudur. Faktiki olaraq Nikol Paşinyan noyabrın 9-da növbədənkənar parlament seçkiləri keçirdi. Demək olar ki, seçki prosesi başdan-ayağa anti-demokratik şəraitdə baş tutdu. 
Əlində olan inzibati resurslarla total saxtakarlığa yol verən Paşinyan rəhbərlik etdiyi "Mənim addımım” seçki blokunu "qalib” etdi. Əslində isə bu ermənilərin də etiraf etdiyi kimi Ermənistan tarixinin ən bərbad, ən anti-demokratik, ən biabırçı seçkisi oldu. Özünü "demokrat” adlandıran Nikol qohum-qonşularını, həkimini, bərbərini, bağbanını deputat statusu formalaşdırmaq istədiyi parlamentinə saldı. Paşinyan heç bir müxalif qüvvələrə şans tanımadan öz diktatura hakimiyyətini qurdu. Hətta bu gün parlamentdə Ermənistan qanunverici orqanında hər zaman yer almış "Daşnaksütyun” Partiyası da təmsil oluna bilmədi. Halbuki daşnaklar bu günə kimi parlamentdə əsas fraksiya olurdu.

Ermənistanın ideologiyası da sarsılıb

Məlumdur ki, Eçmiədzin kilsəsi və ermənilərin katalikosu Ermənistan üçün vacib məkandır. Ermənistan siyasi sisteminin, erməni millətçiliyinin əsas qaynağı o kilsədir, onun da idarəçisi katalikos Qaregindir. Lobbiçilərin qəbul etdiyi, bütün ermənilərin inandığı kilsəyə və, hörmət etdiyi dini liderə hücum artıq Ermənistanın ideologiyasının da sarsıldığını açıq ortaya qoyur. Bu da Ermənistanın yox, bütün erməni xalqının məğlubiyyətidir. Ermənilərin ağlara və qaralara bölünməsi məsələsi... Bəli "şəhər uşağı” olan Paşinyan ancaq ətrafına elitar erməniləri topladı ki, imkanlı ermənilərə üstünlük verdi. "Sizin haqq səsiniz olacam” vədi ilə sadə xalqa qarşı apardığı siyasətlə dirsək göstərmiş oldu.
Ən biabırçı vəziyyət isə hakimiyyət strukturlarına homoseksualların hücumudur. Belə ki, Paşinyanın cinsi azlıqlara xitabən "sizi dəstəkləyirəm” mesajı, bu təbəqəni ruhlandırdı. Paşinyanın dəstəyindən ilham alan cinsi azlıqlar hökumət məmuruna, polisə hücumdan çəkinmədi.

Nikolun tək çıxış yolu işğal etdikləri Qarabağı Azərbaycana qaytarmaqdır

Bütün bunların fonunda onu demək mümkündür ki, Ermənistanı qarşıda dərin xaotik vəziyyət gözləyir. Qeyd etdiyimiz kimi, büdcənin boş olması, sosial vəziyyətin ağırlığı, müttəfiq dövlətlərlə münasibətlərin korlanması, Dağlıq Qarabağ separatçıları ilə gərginlik, dini liderlə qarşıdurma, keçmiş Sarkisyan-Köçəryan rejimi ilə müharibə sonucda Paşinyan rejimini "yıxacaq”. Ən birincisi elə Nikolu hakimiyyətə gətirmiş ermənilər hakimiyyətdən salacaqlar. Çünki Paşinyan meydanlarda verdiyi vədlərə əməl etmir. Sosial vəziyyət günü-gündən ağırlaşır. Əhali kasıbçılığın son həddində, Nikolun yaxasından yapışacaq və onu hakimiyyətə gətirdikləri kimi də göndərəcəklər tarixin arxivinə. Neçə ki qaniçən Sarkisyan-Köçəryan rejimi tarixin zibilliyinə atıldı, Paşinyanın da bu taleyi yaşaması qaçılmazdır.
Nikolun vəziyyətdən çıxmaq üçün tək bir yolu var – Qarabağın Azərbaycana qaytarılması. Ermənistan hakimiyyəti özündə təpər taparaq sülh danışıqlarında konstruktiv mövqe sərgiləməli, işğal etdikləri Azərbaycan torpaqlarından separatçı silahlılarını çıxarmalı, sülh yolu ilə əraziləri qaytarmalıdır. Əks təqdirdə Azərbaycan hərbi gücündən istifadə edərək torpaqlarını işğaldan azad edəcək. Müharibə isə Ermənistanın ümumiyyətlə dövlət kimi yox olması deməkdir. Çünki Azərbaycanın güclü ordusunun, hərbi kontingetinin, silah-sursatının qarşısında Ermənistan sınıq-salxaq silahları ilə, ac-yalavac əsgərləri ilə dayana bilməz. Sülhlə əraziləri qaytarmaq Paşinyan üçün ən optimal yoldur. Bununla Ermənistan qonşu ölkələrlə sərhədləri açılar, beynəlxalq iqtisadi layihələrə qoşula bilər, sosial durumlarını yaxşılaşdırmaq şansları olar. Əks təqdirdə isə, yenə də qeyd etdiyimiz kimi Ermənistanı fəlakətli günlər gözləyir.
Anar Bayramoğlu