"Kütlənin zövqünü korlayıblar"
Eldəniz Məmmədov: "Bayağı musiqilərin təbliğinə televiziyalar və aparıcılar şərait yaradır"
Son illər musiqi zövqümüzün korlandığını deyirik. Buna görə günahkarlar axtarırıq, səbəbini araşdırmağa ehtiyac duyuruq. Həqiqətən Azərbaycan səhnəsində bayağı musiqilər baş alıb gedir, səhnəyə qeyri-peşəkarlar ayaq açıb meydan sulayır. Azərbaycan səhnəsinin bugünkü görünüşü əsl musiqiçiləri, muğam ifaçılarını, sənətkarları narahat edir. «Şərq»in bu dəfəki qonağı xanəndə, müğənni Eldəniz Məmmədov ilə söhbətimiz də elə bu zəmində oldu.
- Əvvəllər Azərbaycan səhnəsində bir canlanma, ifaçılar arasında rəqabət hiss olunurdu. Son iki ildə sanki səhnəmiz sönük olub.
- Bəli, bu gün Azərbaycan səhnəsi çox sönük, səssiz olub. Bunun bir çox səbəbləri var. Ən əsas səbəblərdən biri toy bazarının zəifləməsidir. Azərbaycan müğənnilərinin gəlir yeri toydu, bunu heç kim dana bilməz. 5 il əvvəl müğənnilər toylarda yaxşı qazanırdı, gəlirdən də yaradıcılığa xərcləyirdilər, maraqlı layihələr təqdim edilirdi, klip çəkilirdi, konsert hazırlanırdı, yeni mahnılar səslənirdi. Bu gün müğənnilərin o gəliri yoxdu.
Yəni müğənninin toyu azalanda bu istər-istəməz onun yaradıcılığına da təsir etmiş olur. İndi hərə ayda 3-5 toy ifa edir, ordan qazandığı ilə də ailəsini birtəhər dolandırır. Sənətə, səhnəyə vəsait xərcləməyə imkan qalmır. Müğənni də istəyər ki, konsert versin, klip çəkdirsin, mahnı alsın, oxusun. Amma bunun üçün pul lazımdır. Maliyyəsiz nə etmək olar ki? Müğənni bu gün sənəti yox, əksər hallarda qazancını düşünür.
- Sənət naminə oxuyan qalmayıb. Hamı dolanmaq naminə oxuyur.
- Acınacaqlı həqiqətdi. Bunu etiraf etmək də ağırdı. Amma olanı demək də lazımdır. Sənət üçün sərmayə olmalıdır, layihə hazırlayırsansa, buna pul xərclənməlidir. O pulu da qazanmaq çətinləşib.
- Bəs sənətə, səsə heyif deyilmi? Axı bir müddət sonra o cavanlıq gücü, potensialı tükənəcək, səs rəngini, avazını dəyişəcək.
- Əlbəttə, heyifdir. Əslində sənətçi çalışmalıdır ki, sənət adına nələrisə meydana qoysun. Düzdür, mən özümü bu baxımdan o qədər kasıb müğənni hesab etmirəm. Yəni yaradıcılığım kasıb, repertuarım zəif deyil, hər il yeni mahnılar, muğamlarımızı lentə aldırıram. 2018-ci il mənim üçün uğurlu oldu. İki konsert proqramı təqdim etdim. Həm paytaxtda - Beynəlxalq Muğam Mərkəzində, həm də Sumqayıt şəhərində konsert proqramı ilə çıxış etdim. Şükür ki, hər iki konsert proqramı maraqlı, anşlaqla keçdi. Yeni mahnılar lentə aldırdım. Hələ növbədə bir neçə yeni mahnılarım var. Demək istəyirəm ki, mən imkan qədər sənətimi inkişaf etdirməyə çalışıram.
- Təşkilatçılar tərəfindən sənə konsert təklifi gəlirmi?
- Konsert təklifi aldım. Sadəcə qonorar məni qane etmədi. Bir də konsert məsuliyyətli işdir. Onun üçün hazırlıq lazımdır. Düzdür, öz imkanlarımla təşkil etdiyim konsert layihəsi istədiyim kimi uğurlu keçdi. Amma gələn təklifləri də dəyərləndirərkən müəyyən məqamları nəzərə almaq lazımdır.
- Maraqlıdır ki, bayağı dediyimiz mahnılara tələbat çoxalıb. Təəssüf ki, bu gün kütlə o musiqilərə, o ifalara maraq göstərir. Deyək ki, Üzeyir Mehdizadə, Damla kimi müğənnilər səhnədə at oynadırlar, sənətkarlardan daha çox qazanırlar.
- Bunu yaradan səbəblər və günahkarlar var. Səhnəmizin bu gün bu qədər bayağı olmasında efirlərin, bəzi aparıcıların da payı az deyil. Efirlər dediyiniz ifaçıları, bayağı musiqiləri bu qədər televiziyada təbliğ etməsələr, inanın, onlar bu qədər məşhur olmazlar. Hərdən deyirlər ki, indi bunların qarşısını almaq mümkün deyil. Niyə mümkün deyil? Əgər efirlərdə senzura olsa, telekanallarda Bədii Şuralar yaradılsa, bu kimi müğənnilər, bayağı musiqilər efirlərdə təqdim olunmaz, o müğənnilərin ayağı səhnəyə, efirlərə açılmaz.
Kim edir bunları? Aparıcılar! Belə müğənniləri o qədər bəh-bəhlə dəvət edirlər ki, sənətkara o diqqətin yarısı göstərilmir. Niyə? Çünki belə müğənnilər reytinq gətirir. Kütlənin zövqünün arxasınca sənət aparmaq olmaz. Mən heç kimin adını çəkməyə ehtiyac da duymuram. Onları bəyənənlər də o səviyyədə olan dar düşüncəli insanlardı. Əslində sovet dönəmində də bayağı müğənnilər, ifalar olub. Bir tərəfdə Yaqub Məmmədovun kasetləri satılıb, digər tərəfdə bayağı mahnıları ifa edənlərin kasetləri olub. Sadəcə səhnəyə təsadüflər ayaq aça bilmirdi. Musiqi tarixində qalmaq üçün efirə çıxmaq lazımdı, mahnı ifa etmək vacibdi.
- Bəzən bu bayağılığı sosial şəbəkələrlə də əlaqələndirirlər.
- Sosial şəbəkələrin təsiri var. Bəli. Ancaq efirdə də bu bayağılara yer verilirsə, sosial şəbəkə bunun üçün bəhanə deyilmi? Sosial şəbəkə professional səhnə deyil. Orda nə istəyirsən təqdim et. Amma efir, səhnə ciddi məkandır. Bura bayağıların yeri, məkanı olmamalıdır. Sosial şəbəkədə Alim Qasımovun, Mənsum İbrahimovun baxışı 20-30 min olursa, o bayağı dediklərimizə 1 milyon baxış görünür. Amma bu o demək deyil ki, onlar sənətkardı deyə izləyiciləri çoxdu. Sadəcə kütlənin zövqünü korlayıblar. Burda ailələrin, məktəblərin də təsiri var. Mənim evimdə də uşaqlar böyüyür. Onların zövqünü bu musiqilər niyə korlaya bilməyib?
Ailədə valideynlər də çalışmalıdır ki, uşaq vaxtında uşağın musiqi zövqü formalaşsın. Əgər ata, ana evdə, maşında, telefonunda o bayağı musiqiləri dinləyirsə, təbii ki, bu uşağın musiqi zövqünə də təsirsiz ötüşmür. Bilirsiz, sənətə dəyər vermək lazımdır. Səhnəmizin bu gün bu qədər sönük, bayağı görünməyində, aparıcıların, mətbuatın, televiziyaların rolu böyükdür. Əgər biz musiqimizin iflic olmasını istəmiriksə, bu sahəyə ciddi nəzarət yaranmalıdır.
Tahirə Məmmədqızı