“2-3 il əvvəl olan elanı sosial şəbəkələrdə indi yerləşdiriblər”
“Kim nə istəyir geyinsin, gəzsin, kefin çəksin. Bizdə səhərdən axşama kimi küçələr şortiklə gəzən yerli və xarici turistlərlə dolu olur”
Azərbaycanın istirahət bölgələrindən birinin turistləri "uyğunsuz geyimlər”dən qaçmağa dair çağırışı son günlər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Söhbət Azərbaycanın Şirvan zonasının ən çox turist cəlb edən məkanlarından biri olan İsmayıllının Lahıc qəsəbəsindən gedir.
Turistlərin diqqətini cəlb edən bu qəsəbədə yerləşən qədim tikililər, tarixi abidələr və yerli əhalinin fəaliyyətdə olan sənətkarlıq emalatxanalarıdır. Sosial şəbəkələrdə paylaşılan fotoşəkildən məlum olur ki, qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olması barədə xəbərdarlıq edib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bunun multikulturalist dəyərlərə zidd olduğunu hesab edən sosial şəbəkə istifadəçilərinin iddiasına görə, qəsəbə rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əraziyə istirahətə gələn turistlərə geyim qadağaları qoymaqla məşğuldurlar. Azərbaycanın beynəlxalq turizm ölkəsinə çevrilmək üçün uğurlu addımlar atdığı bir dövrdə bu cür şəxslərin yarıtmaz fəaliyyəti turizmin inkişafına mane olacaq addımdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında sözügedən addımın təqdirəlayiq olduğunu deyib: "Kosmopolit mövqedən yanaşsaq, qəsəbə rəhbərliyinin bu qadağası qanunsuzluqdur. Hər kəsin geyim azadlığı var və turistlər istədikləri paltarda gəzə bilərlər. Amma bir ictimai şəxs olaraq məsələyə milli mövqedən yanaşsam deyərəm ki, turistlər istirahət üçün səfər etdikləri hər bir kəndin, ölkənin milli adət-ənənələrinə hörmət etməlidir. Necə ki, məscidə girəndə hamının başını örtməsi bir qaydadır, o cümlədən də milli dəyərlərini qoruyan bölgələrin çağırışlarına əməl edilməlidir”.
Bu cür qadağaların turizmin inkişafına mane olmayacağını deyən E.Hüseynovun sözlərinə görə, bu cür elanlar səbəbindən istirahət mərkəzləri ziyana uğrasa belə dəyər: "Konservativ bir yanaşma olsa da deyim ki, milli mental dəyərlər iqtisadiyyatdan üstündür. Çox ölkələrdə olmuşam. Bir çox yerlərdə turistlərdən yerli əhalinin adət-ənənələrinə əməl etmək tələb olunur. Mənə elə gəlir ki, Lahıc qəsəbə rəhbərliyinin elanı nəticəsində həmin əraziyə turistlərin marağı daha da artacaq. Çünki əcnəbilər gəzdikləri ölkənin milli adət-ənənələri ilə tanış olmaq, özlərinə aid olmayan adətləri görmək istəyirlər”.
Lahıc bələdiyyəsindən verilən məlumatda isə, elanda adı qeyd edilən Lahıc bələdiyyə sədri Rəfiqə İsmayılovanın iki ildir bu vəzifədə çalışmadığı bildirilib: "Həmin elan köhnədir. 2-3 il əvvəl olan elanı sosial şəbəkələrdə indi yerləşdiriblər. Belə bir elanın indi yayılmasında məqsədin nə olduğunu başa düşə bilmirik. Hazırda Lahıcda heç bir yerdə belə bir elan yerləşdirilməyib və qadağa da qoyulmayıb”. Sədr olduğu dövrə cavabdeh olduğunu vurğulayan Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyevin sözlərinə görə, hazırda Lahıcda nə belə bir müraciət var, nə də şortikə qadağa: "Mən 2015-ci ilin fevral ayından etibarən bələdiyyə sədri seçilmişəm. Məsələ ilə bağlı demək istəyirəm ki, heç kəsin qonaq gələn turistə "şortik geyinmə” deməyə ixtiyarı yoxdur. Kimin kefi necə istəyir, elə də geyinir. Məgər Lahıc xüsusi zonadır, Azərbaycanın parçası deyil?! Bəlkə biri başına şlyapa qoyacaq?!”
Hazırda Lahıcda ancaq uşaqların şortik geyindiyini deyən sədrin sözlərinə görə, heç kəsə geyim qadağası yoxdur: "Kim nə istəyir geyinsin, gəzsin, kefin çəksin. Bizdə səhərdən axşama kimi küçələr şortiklə gəzən yerli və xarici turistlərlə dolu olur. İndi onları kimsə incitməlidir? İstəyən şlyapa ilə də gəzər. Nə qədər ki, mən burda sədrəm, belə hallar ola bilməz. Məndən sonra kimsə edərsə, öz işidir”.
Şəymən