
Lavrov və Zərifin Bakıya səfərinin məqsədi bəlli oldu
“Üç nazir toplaşırsa, qadağan olunmuş mövzu ola bilməz”Lavrovun Bakı səfərində Qarabağ münaqişənin həlli ilə bağlı nikbin notlar səslənə bilər

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda baş tutacaq üçtərəfli görüşündə müzakirə olunacaq əsas məsələlər açıqlanıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, toplantıda üçtərəfli regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı layihələr əsas müzakirə mövzuları olacaq.
"Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri Bakıda neft sahəsində koordinasiya məsələsini müzakirə edə bilərlər”. Bunu isə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. "Üç nazir toplaşırsa, qadağan olunmuş mövzu ola bilməz. Onlar maraqlı olan bütün məsələləri müzakirə edə bilərlər”, - deyə Karasin bildirib. (anspress) Sergey Lavrov, Məhəmməd Cavad Zərif və Elmar Məmmədyarovun iştirakı ilə üçtərəfli görüş aprelin 7-də Bakıda keçiriləcək.
Görüşün vaxtı ötən gün açıqlanıb. Bu barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirmişdi ki, Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparacaqlar. "O cümlədən "Şimal-Cənub” və digər nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri, Xəzər dənizində çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub”, - deyə Zaxarova bildirib.
Nazirlərin görüşündə neft məsələsinin müzakirə olunması isə təbiidir. Çünki "qara qızıl”ın qiymətinin dünya bazarında kəskin ucuzlaşması Azərbaycanla bərabər Rusiyanı da narahat edir. Bir müddət əvvəl Rusiya OPEK-ə daxil olan və olmayan dövlətlərə müraciət edərək hasilatı dondurmağı təklif edib. Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar.
Azərbaycan bu təklifə müsbət cavab versə də İran çağırışı mənfi qarşılayıb. İranın OPEK-dəki nümayəndəsi Mehdi Əsali mətbuata açıqlamasında bildirib ki, neft hasilatı həcmini dondurmağı planlaşdırmır. Bu isə Rusiyanın maraqlarına uyğun gəlmir. Çünki rəsmi Moskva dünya bazarındakı neft artıqlığını azaltmaqla qiymətləri qaldırmağı planlaşdırır. İran isə uzun illər sanksiyalar tətbiq edildiyi üçün hasil etdiyi nefti dünya bazarına çıxara bilməyib. Hazırda İran dünya bazarına daha çox neft çıxarmaqda maraqlıdır.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin qənaətincə, üçlük formatında olan bu görüş Şimal-Cənub tranzit dəhlizi ilə bağlıdır: "Bu məsələ, bilavasitə Rusiyanın və İranın geosiyasi maraqlarına xidmət edir. Rusiya və İran iqtisadiyyatının sanksiyalara məruz qalması kontekstində bu məsələ hər iki dövlət üçün son dərəcə əhəmiyyətlidir. Məhz, bu dəhliz vasitəsilə Rusiya öz məhsullarını qısa vaxtda Azərbaycan və İran üzərindən bütün Asiya ölkələrinə, Hindistana qədər daşımaq imkanı qazanır. Bu faktor, eyni zamanda İran üçün də keçərlidir”.
Ancaq politoloqun sözlərinə görə, Lavrovun Azərbaycan səfərini sırf Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə əlaqələndirmək sadəlövhlük olardı: "Şübhəsiz ki, Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfəri çərçivəsində Dövlət Departamentinin yüksək çinli rəsmi şəxslərlə görüşməsi Rusiyanın maraqlarına uyğun deyil. Onlar bu səfərin detallarına dair məlumatları Azərbaycan XİN-i səviyyəsində əldə etmək istəyəcək. Rusiya bütün zamanlarda Azərbaycanın yalnız onun orbitində fırlanmasına çalışıb və müxtəlif rıçaqlardan ölkəmizi təsir dairəsində saxlamaq üçün faydalanıb”.
N.Miri deyib ki, Lavrovun səfər çərçivəsində Dağlıq Qarabağ probleminin həllinə dair yeni təkliflər irəli sürməsi də istisna deyil: "Rusiya indiki şəraitdə Azərbaycanı Amerikadan uzaq tuta bilmək üçün müəyyən cəlbedici təkliflər ortaya qoymalıdır. Bunun üçün isə Dağlıq Qarabağ problemi onun əlində ideal vasitədir. Ancaq bir şeyi unutmayaq ki, Rusiya indiki şəraitdə Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil. Çünki Ukrayna və Suriya məsələsində istədiklərini ala bilməyən Moskva rəhbərliyi Cənubi Qafqaza təsir imkanlarını əldən vermək istəməz. Odur ki, Rusiya XİN başçısının özü ilə Dağlıq Qarabağ ərtafı rayonların qaytarılması ilə bağlı ciddi təkliflər gətirəcəyinə aludə olmamalıyıq. Lavrovun verəcəyi təkliflər ancaq gələcəkdə müzakirə predmeti olmaq üçündür”.
Politoloq Qabil Hüseynli isə Lavrovun Bakı səfərinin ikimərhələli olacağını deyib: "Birincisi, Bakıda Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Rusiyalı ekspertlər Moskvanın Dağlıq Qarabağa dair gizli bir planının olmasını ortaya atırlar. Zənnimcə, burada gizlilik qrifinə ehtiyac yoxdur. İkincisi, Azərbaycanın Qərb siyasətində aktivlik artır. Qərb və ABŞ isə Azərbaycana diqqəti artırır. Bunu atılan xoşməramlı addımlar da göstərir. Bütün bunlar, əlbəttə ki, Bakının Qərbə olan meyilini artırmağa yönəlib. Qərbin qazla təmin olunmasında Bakının rolu Avropa tərəfindən çox müsbət qarşılanıb və ölkə rəhbərinə dəstək verilməsinin zərurəti vurğulanır. Moskva, bu yaxınlaşmadan narahatdır. Bu məqsədlə Qarabağın fonunda Yaxın Şərq planından söz açırlar. Hətta plana Cənubi Qafqazdakı problemlərin həllini əlavə etmək istəyirlər. Lavrov Bakıya Azərbaycanla məhz, Dağlıq Qarabağın hüdudlarından kənarda olan yeddi rayonun taleyinin müzakirəsi üçün gəlir. Moskva bununla bir daha göstərir ki, proses Rusiyanın nəzarətindədir. Böyük dövlətlər, özəlliklə də bölgədə xüsusi maraqları olan Rusiya bir tərəfdən yaranmış sabitliyin səbəbkarıdır, digər tərəfdən isə problemin həllinin bütün açarlarını öz əlində saxlamaqdadır. Bakı isə artıq heç kimin nazı ilə oynamayacaq”.
Şəymən