Lavrovun açıqlamasında həqiqət payı var

“Hətta NATO üzvü olduğu halda Türkiyənin belə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etməsi istisna deyil”
“O cümlədən Pakistan da gələcəkdə Avrasiya İttifaqı ilə əməkdaşlığının gözlənilən olduğunu deyib”



Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı”nda çıxışı zamanı 50-dək ölkənin Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq iqtisadi inteqrasiya birliyidir. 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan birlik Gömrük İttifaqı və Vahid İqtisadi Zona əsasında yaradılıb. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Lavrovun açıqlamasını "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov indiki dövrdə inteqrasiyaya çox böyük ehtiyac olduğunu deyib: 

"İnteqrasiya bir çox dağıdıcı proseslərin, qarşıdurmaların qarşısını alır, eyni zamanda ümumi maraqların ortaya çıxmasına şərait yaradır. Avrasiya İqtisadi İttifaqı Rusiyanın təşəbbüskarlığı ilə yaradılıb. Rusiya isə dünyanın ən böyük bölgələrini özündə cəmləşdirib və əhatəsində də çox böyük ölkələr var. Dünyanın fövqəldövlətidir və kifayət qədər böyük əraziyə sahibdir.

Bütün bu coğrafi parametrləri göz özünə gətirdikdə isə açıq-aşkar görünür ki, Avropa və Asiyanın ətrafında cəmləşmiş ölkələrin bir çoxu postsovet məkanında yerləşən dövlətlərini gələcəyin uğur daşıyıcıları kimi görürlər. Qazaxıstan, Belarus kimi ölkələr coğrafi baxımdan həm Avropa, həm də Asiya ölkələri üçün əlçatandır. Tutduqları mövqeyə görə də onların potensial imkanları kifayət qədərdir. Məsələ burasındadır ki, bir çox ekspertlər yeni yaranan bloklara geosiyasi prizmadan baxırlar, əslində isə ən uğurlu geosiyasətin təməli belə məhz iqtisadi zəmin üzərində qurulur”.

Prinsip etibarı ilə Lavrovun səsləndirdiyi fikirlərin məntiqəuyğun olduğunu vurğulayan politoloqun sözlərinə görə, Rusiya XİN başçısı bir növ real faktlara söykənərək bu cür iddialı danışıb: 

"Hətta NATO üzvü olduğu halda Türkiyənin belə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etməsi istisna deyil. Sözügedən birlik İranın da diqqət mərkəzindədir. O cümlədən Pakistan da gələcəkdə Avrasiya İttifaqı ilə əməkdaşlığının gözlənilən olduğunu deyib. Əgər Avrasiya İqtisadi İttifaqı siyasi prosesləri önə çəkmədən sadəcə iqtisadiyyata meydan verəcəksə, o zaman dünya ölkələri bu qurumla birlikdə yeni dəhlizlər, tranzit layihələrini uğurlu bir formada həyata keçirə bilərlər. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti 2014-cü ildə Brüsseldə olarkən Azərbaycanın heç bir iqtisadi bloka qoşulmaq üçün tələsmədiyini qeyd etmişdi. Bunun da səbəbi Azərbaycanın qarşısında xeyli sayda alternativlər olması ilə bağlıdır. Hələlik ikitərəfli formatlar Azərbaycanı qane edir, onun maraqlarını təmin edir”.

Şəymən