"Le Penin prezident olmaq şansı daha çoxdur" - Fransada




"Fransada seçki kompaniyası çərçivəsində Dağlıq Qarabağ probleminə toxunublar, bu, çox taktiki məqamdır”.

Bunu Sherg.az-a Fransada birinci tur prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. 

O qeyd edək ki, bu, Fransanın erməni seçicilərinin diqqətini cəlb etmək üçün edilib:

"Erməni seçicilərə vədlərdə bayağı, heç bir əsas olmayan fikirlər səsləndirilib. Həmin bəyanatların heç biri tarixlə uzlaşmır və formal xarakter daşıyır.

İki namizədin mübarizəsinə gəldikdə isə "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen ikinci yerdə olsa da, onun prezident olmaq şansı daha çoxdur. Çünki o dünyada baş verən xaotik proseslərin qarşısını almağı özü üçün prioritet müəyyən edib. Avropa İttifaqı ilə heç bir böyük gələcəyi görmür. Bu əslində çox praqmatik yanaşmadır. Çünki Avropa İttifaqı daxilində artıq yeni bürokratik sistem formalaşıb. Bu ittifaq bir çox prosesləri səthi şəkildə qavrayır və daxildə mərkəzdənqaçma tendensiyası yüksək hal alıb.

Ümumiyyətlə, bu qloballaşma prosesləri bir çox dövlətlərə, həmçinin Fransaya bir çox bəlalar gətirir. Amerika Birləşmiş Ştatlarında belə Donald Tramp "özünəqayıdış” məramını yükləməkdədir. Ölkəni böyük potensialları olmağına baxmayaraq qlobal proseslərə qatılanda onun həm milli zəmində, iqtisadiyyatında, təhlükəsizlik sistemində, mədəni inkişafında böyük problemlər yaranır. Ona görə də, mənə elə gəlir ki, Fransa xalqı indiki zamanda daha çox Le Penin proqramına müraciət edəcək. Çünki Fransanın böyük problemləri var. Ölkə miqrantlarla mübarizə aparmaqla yanaşı həm də sosial zəmində ciddi çatışmazlıqlarla üzləşib. Nəzərə alsaq ki, Le Pen yerli istehsalçılara böyük imtiyazlar vəd edir, milli valyutanın qayıdışını söz verir, Avropa İttifaqından çıxmağı özü üçün başlıca addım müəyyən edib, buna görə onun şansı daha çoxdur”.

Qeyd edək ki, 1-ci turun nəticələrinə görə sabiq iqtisadiyyat naziri, "En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb.

Aysel Aslan