Lənkəranskinin qətli meydan açdı

Rusiya bazarlarında azərbaycanlılara güclü təzyiqlər başladı
“İndi əsas məsələ kriminal aləmdə Rövşəni kimin əvəz edəcəyidir”

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə ciddi qarşıdurma müşahidə olunur. Qətldən bir neçə gün keçməsinə baxmayaraq, klanlar arasında açıq savaş özünü büruzə verməkdədir. Müşahidə olunan odur ki, Lənkəranskinin aradan götürülməsinin ardınca Moskvada onun adamlarını "ovlamağa” başlayıblar. Məlumatlara görə, "vor zakonların” təzyiqlərinə tab gətirməyən klan üzvləri öz obyektlərindən didərgin düşüblər. Onların əksəriyyəti ölümlə hədələnir. Artıq nüfuzlu biznesmenlər də Lənkəranskinin bazarlarından qaçırlar. Böyük nüfuza sahib olan "qanuni oğru”nun ölümü təkcə onun klanına deyil, eyni zamanda Rusiya bazarlarında çalışan azərbaycanlılara da "baha başa” gəlib. Rövşənin yoxluğunu fürsət bilən rəqib klanın üzvləri azərbaycanlıların nəzarətində olan bazarları dağıdıblar. Moskva vilayətinin Odinçovo şəhərində azərbaycanlıların üstünlük təşkil etdiyi topdansatış meyvə-tərəvəz bazarı OMON-çular tərəfindən basqına məruz qalıb. Şəhərdəki məşhur meyvə-tərəvəz bazasına gələn silahlı dəstə soydaşlarımıza məxsus piştaxtaları dağıdıb, xeyli sayda ticarətçini xüsusi maşınlarla naməlum istiqamətə aparıblar. Deyilənə görə, sözügedən bazadan əldə edilən gəlirin 25 faizi Lənkəranskiyə məxsus olub. Azərbaycanlı iş adamlarına qarşı kriminal təzyiqlərin uzun müddət davam edəcəyi iddia edilir. Çünki Rusiya bazarlarında ticarətlə məşğul olan soydaşlarımızın əsas "himayədarı” sayılan Rövşən Lənkəranskinin qətli obyektlərin başsız və qorumasız qalmasına səbəb olub. Ötən gün Yekaterinburqda məşhur tərəvəz bazarında baş verən silahlı toqquşma da nüfuz sahələrinin bölüşdürülməsi ilə bağlıdır. Məlumata əsasən, həmin bazarın bir hissəsi Lənkəranskinin nəzarətində imiş. Xatırladaq ki, Rövşən Lənkəranskiyə "oğru” adını nüfuzlu azərbaycanlı "vor zakon” Mirseymur verib. Məşhur avtoritetlər Sabirabadlı Hikmətin və Çingiz Axundovun ölümündən, həmçinin "qanuni oğrular” Baxış Əliyev və Vaqif Lənkəranskinin həbsindən sonra Rövşən Lənkəranski azərbaycanlıların Moskvadakı bütün biznesinə nəzarət etməyə başlayıb. Ancaq Rövşən azərbaycanlıların çoxluq təşkil etdiyi bazarlarda, məsələn, Çerkizov bazarında mafiya aləminin "xaç atası” sayılan "Ded Xasan”ın (Aslan Usoyan) ağalıq etməsini qəbul etməyib. Elə bu səbəbdən də "Ded Xasan”ın ölümündə bir nömrəli günahkar məhz o sayılıb. Ekspertlərə görə, əgər Rövşən Lənkəranskidən boşalan yeri digər azərbaycanlı "qanuni oğru”lar tutmazsa, Rusiyada ticarətlə məşğul olan soydaşlarımız ciddi təzyiqlərə məruz qalacaqlar. Məsələ ilə bağlı "Şərq”ə danışan kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, Rusiyada bir çox sahələrdə idarəetmə birbaşa kriminal aləmlə bağlıdır: "Şimal qonşumuzda kriminal cəmiyyət, "oğru qanunları” çox güclüdür. Ölkədə xeyli insan öz fəaliyyətlərini kriminal çərçivədə və qanun pozuntusu əsasında qurur. Prosesdən kənarda qalmağa çalışan təmiz iş adamları isə istər-istəməz "oğru dünyasına” qarışmalı, ən azından "vor zakonlarla” hesablaşmalı olurlar. Ona görə də ictimaiyyətin xeyli hissəsi kriminal aləmlə əlaqə qurmağa və onlar tərəfindən idarə edilməyə məcbur qalır. Bəzi hallarda isə bu iş planlı şəkildə qurulur. Yəni hüquq-mühafizə orqanları kriminal şəxslərlə əlaqə qurur və onların hesabına iş dünyasında "dedavşina” formalaşdırırlar. Əsgərlikdə də komandir heyətin içindən bir nəfəri seçir və bütün rotanı ona "tapşırır”. Ekspertin sözlərinə görə, Rusiyada iş dünyası, ticarət sahəsi "qanuni oğru”lar tərəfindən tənzimlənir: "Rusiya bazarlarında irili-xırdalı ticarətlə məşğul olan soydaşlarımızın sayı çoxdur. Bu baxımdan, Rövşən Lənkəranski kimi bir şəxsin orada olması, yaxud kənardan bazarlara nəzarət etməsi azərbaycanlılara qarşı digər klanların təzyiqini məhdudlaşdırırdı. Madam ki, Rusiya bazarlarına qeyri-rəsmi nəzarət qaçılmazdır, o halda öz millətimizdən olan söz sahibi şəxsin soydaşlarımızı himayə etməsi daha məqbul sayılmalıdır. Biznesmenlərin dediyindən də məlum olur ki, "qanuni oğru”lar hər məqamda onların problemlərini həll edir və iş adamlarına dəstək olurlar. Görürsüzmü, Rövşənin qətlindən sonra Rusiya bazarlarında nələr yaşanır? Əgər bir adamın varlığını və dəyərini ölçmək istəyirsizsə, həmin şəxsin ölümündən sonra yaşanan hadisələrə baxın. Deməli, bəzi iddiaların əksinə olaraq, Rövşən Lənkəranskinin varlığı və ya sadəcə adı soydaşlarımızın təhlükəsizliyində mühüm rol oynayırmış. İndi əsas məsələ kriminal aləmdə Rövşəni kimin əvəz edəcəyidir”.

İsmayıl