“Lisenziyaların kökü, tipi dəyişməlidir”

Nazim Məmmədov: “Milli Məclisə, ya da Prezidentə tabe olan qurum yaradılmalıdır”



Bu günlərdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Toplantıda "Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ətrafında millət vəkilləri fikirlərini bildirib, təkliflər irəli sürüblər. Müzakirələrə qoşulan komitənin üzvü, deputat Əli Məsimli qanun layihəsində bəzi müddəalarla razılaşmayıb.

O bildirib ki, lisenziyalara aid vacib qanun layihəsinin az qala Karl Marksın kitabları qədər qalın şəkildə ortaya çıxarılmasını müsbət qiymətləndirmirəm. Bu çox yığcam və anlaşıqlı, az vərəqli olmalıdır. Əks halda, Prezident İlham Əliyevin lisenziyalar haqqında verdiyi fərman bu qanundan yaxşı şəkildə işləyəcək. Bundan başqa, deputat qeyd edib ki, "Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin adında və içərisində istifadə olunan "icazə” sözü elə əslində "lisenziya” sözü ilə eyni mənanı əks etdirir: "Bu gün dünyanın hansı dilində olan iqtisadi lüğətləri açırsansa "lisenziya” sözünün hərfi və digər mənaları əslində elə icazə deməkdir. Bu sənəddə "icazə” sözünü "lisenziya” sözünün yanına qoşmaqla 200 növ lisenziya və 47 növ icazə adı altında əslində hiyləgər bir üsuldan istifadə edildiyini göstərir. Bu lisenziya onsuz da icazədir. Bəs icazə özü nə deməkdir? Bu, özü açıq şəkildə bir taftalogiyadır və qəbuledilməzdir”.

Qanun layihəsinə münasibət bildirən sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov "Şərq”ə söyləyib ki, uzun illərdir ki, ölkədə lisenziyalar fərmanla müəyyən olunurdu. Sonuncu fərmanı 2002-ci ildə mərhum Prezident Heydər Əliyev vermişdi. Onda lisenziyaların sayı azaldıldı. Bu müsbət addım idi: "Ancaq sonralar müxtəlif nazirliklər yaradıldı və lisenziyaların, icazələrinin sayı artmağa başladı. Məşhur telekanalların birində lisenziyalar haqqında veriliş hazılatmışam və orada iştirak etmişəm. İllər boyu lisenziyaların verilmə qaydalarının təkmilləşdirilməsi və qanun çərçivəsinə salınması barədə danışmışam. 2011-ci ildə dövlət

başçısı İlham Əliyev fərman verərək Nazirlər Kabinetinə tapşırıq verib ki, lisenziyaların verilmə qaydalarının dəqiqləşdirilməsi üçün qanun layihəsi hazırlansın. Həmin lahiyəni də Milli Məclis təqdim etməlidir. Çox təəssüflər olsun ki, 5 ildən artıq vaxt keçir, ancaq bu lisenziyalar qanun şəklinə düşməyib. Son zamanlar cənab Prezident lisenziyaların verilmə qaydası, təkmilləşdirilməsi və bu işlərin ASAN xidmətə verilməsini gündəmə gətirib. Ancaq bu da müvəqqəti haldır”.

Ekspertin qənaətincə, lisenziyalar müddətli ola bilməz: "Sahibkar bir iş açır. Ona 5 illik lisenziya verilir. Bu müddət ərzində də lisenziyanı verən və ona nəzarət edən nazirlik, komitə sahibkarın işini dayandıra bilər. Bunu təcrübəmizdə görmüşük. Belə işlər sahibkarlığa ciddi ziyan vurur. Ona görə də, lisenziyaların verilməsinin kökü, prinsipi dəyişməlidir. İqtisadiyyat Nazirliynin tabeçiliyində olan antimonopoliya departamenti həmin qurumun tərkibindən çıxarılmalı və Prezidentə tabe olmalıdır. Lisenziyanın verilməsi də ya ona, ya da ASAN xidmətə həvalə olunmalıdır. Çünki nazirliklər monopoliya yaradırlar. Məsələn, deyək ki, Gömrük Komitəsi idxalda özünə yaxın olan brokerlərin fəaliyyətinə lisenziya verirdi. Bu da təbii ki, bazarda inhisarçılıq yaradırdı. O cümlədən, səhiyyə sahəsi də elədir. Bunlar aradan qaldırılmalıdır”.

N.Məmmədov diqqətə çatdırıb ki, indiki halda lisenziyaların verilməsi qaydası təkmilləşmiş olsa da, onu yarımçıq hesab edir: "ASAN xidmətə müraciət edən sahibkarlar lisenziyanı birbaşa bu qurumdan ala bilmirlər. Onlara rəyi yenə həmin nazirliklər verməklə əllərində təzyiq rıçaqı saxlayıblar. Bir neçə gün öncə, cənab Prezidentin məlum fərmanından yararlanaraq müddətli lisenziya aldım. Yenə də Səhiyyə Nazirliyi müxtəlif fəndlər irəli sürür və müxtəlif fəaliyyət növlərinə icazə vermir. Bu, o deməkdir ki, bir tərəfdən sahibkarın önünü açmaq niyyətimiz var, digər tərəfdən isə lisenziya işinə baxan nazirliklər və komitələr müxtəlif maneələr yaradırlar. Bu baxımdan, düşünürəm ki, lisenziyaların verilmə qaydalarının təkmilləşdirilməsinə ehtiyac var. Dünyada Gürcüstandan tutmuş, ABŞ-a qədər bu belədi. Rəqabət mühitinə nəzarət edən bir qurum olmalıdır. Bunun üçün nazirliyin bir departamenti səviyyəsində deyil, ayrıca ya Milli Məclisə, ya da Prezidentə tabe olan bir qurum yaradılmalıdır. Belə olarsa, inhisarçılıq aradan qaldırılar, lisenziya və icazələrin verilməsi bir mərkəzdən idarə olunar. Buna gəlib çıxmaq lazımdır. Ancaq müzakirəsi aparılan qanun layihəsini oxumamışam, görməmişəm. Onun doğru-dürüstlüyünə inana bilmərəm. Adətən, qanun layihələri nazirliklərin maraqlarını daha üstün tutur, nəinki sahibkarların”.

Ayyət Əhməd