Mafiya qrupları...

İstər Türkiyə olsun, istərsə də Rusiya, azərbaycanlıların çoxu pullarını qanun pozuntuları ilə qazanırlar
“İntellekt səviyyəsi zəif olan insanın külli miqdarda gəlir əldə etməsi ancaq 2 halda mümkün olur. Birinci alver, yəni sistemsiz, qumar kimi...”



"İkinci variant isə kriminala aludə olmaq. Bu halda isə insan ya doğrudan da zəngin həyat tərzinə sahib olur, ya da həbs olunur”



İstanbulun Sultanqazi rayonunda narkotik satışı ilə məşğul olan iki mafiya qrupu arasında atışma baş verib. Atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Yaralanan şəxs azərbaycanlı Arif Məmmədovdur.

Məsələ burasındadır ki, sözügedən hadisənin izinə düşən polis Silivridə yerləşən bağ evində əməliyyat keçirib. Polislə cinayətkar arasında qısa bir atışmanın qeydə alındığı əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, mafiya qrupları arasında atışmaya səbəb narkotik satışından gələn pulun bölüşdürülə bilməməsi olub.

Son illər Türkiyədə yaşayan azərbaycanlıların adının mafiya olayları, kriminal, narkotikaya qarşı mübarizə əməliyyatları kimi mənfi hadisələrdə hallanmasını şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay da bu tendensiyanın kifayət qədər təəssüfləndirici olduğunu deyib:

"Xaricdə, Rusiyada, Türkiyədə, elə Avropanın özündə yaşayan soydaşlarımızın əksəriyyətinin çoxunun fəaliyyət, qazanc dairəsi yüksək intellekt tələb edən sahələr olmur. Məsələn, bank, dövlət sektoru, siyasət, incəsənət, elm və s. iri sahələrdə nisbətən gerilik var. Bu da bizim təhsilə, savada, intellekt inkişafına az fikir verməyimizdən irəli gəlir. Qazanc istəyirik, amma o saat, praqmatik düşüncə ilə... Bu gün hansısa yollarla 5 dəqiqəyə 10 manat qazana bilərik, amma oxusaq, əziyyət çəkib zaman xərcləyib vacib ixtisasa yiyələnsək, sabaha 100 manata sahib ola bilərik. Biz isə birincini, 10 manatı seçirik. Yəni soğan olsun, nağd olsun. Potensialı aşağı olan insanlar bir müddət sonra həmin 10 manata qane olmur, min bir əziyyətlə təhsil alıb, hansısa bir sənət sahibi olan insanların qazancından da çox qazanmaq istəyir. Xərcləmə tələbatımızı da bu iri səviyyədə qururuq. İntellekt səviyyəsi zəif olan insanın isə külli miqdarda gəlir əldə etməsi ancaq 2 halda mümkün olur. Birinci alver, yəni sistemsiz, qumar kimi... Haradan gəldi, haradan düşdü tapıb pul çıxartmaq. İkinci variant isə kriminala aludə olmaq. Bu halda isə insan ya doğrudan da zəngin həyat tərzinə sahib olur, ya da həbs olunur”. 

İ.Altayın sözlərinə görə, məhz pul qazanma hərisliyi səbəbindən gənclər arasında kriminal qruplaşmalara qoşulmaq və cinayət törətmə halları xeyli çox olur: 

"Cinayətlərin də böyük əksəriyyəti pul, qazanc, reket təsir sferası üstündə olur. Kimsə Azərbaycanı təhqir etdi, milli, ya dövlət mənafeyimizi aşağıladı, ona görə vurdum, ya öldürdüm, bu cür arqumentlərə çox az hallarda rast gəlirik. Bu məsələnin ictimai-psixoloji mənşəyi və kökü bundadır. İstəyir Rusiya, Türkiyə, ya da harada olsa bizim iş adamları dediyimizin böyük əksəriyyəti, hamısı demirəm, öz qazancını müxtəlif qanun pozuntularına yol verməklə qazanır. Çünki düzgün, qanuni yolla böyük qazanc əldə etmək üçün lazımi savada, təhsilə, ixtisasa, potensiala, düşüncə tərzinə malik olmurlar. Ona görə biz özümüzə bu barədə tənqidi yanaşıb, gənclərimizə düzgün tərbiyə verməli, onları daha çox təhsilə yönləndirməliyik”.

Şəymən