Mağaza sahiblərinin etirazı mənasızdır

“Montin” bazarının rəhbərliyi dövlətə olan vergi borcunu ödəməlidir



Nərimanov rayonu ərazisində yerləşən "Montin bazarı” kimi tanınan ticarət mərkəzində mağaza sahibləri etiraz aksiyası keçirib. Aksiyanın səbəbinin bazarının sahibinin aldığı qərar ilə bağlı olduğu bildirilir. Etiraz edənlər bildirirlər ki, bazara 50 min manat vergi qoyulub.

Bazarın idarə heyəti isə qoyulan vergi ilə razılaşmayaraq bazarın bir həftə ərzində bağlanmasına qərar verib. Bazarda fəaliyyət göstərən sahibkarlar bildirirlər ki, mağazalara aldıqları mal üçün müəyyən banklardan kredit götürüblər. Təkcə gəlir yeri olan bu mağazalar həm özlərinin xərclərini qarşılayır, həm də bank kreditlərini ödəyir. Etiraz edənlər məsələ ilə bağlı dövlətdən kömək istəyirlər.

Dövlətə olan vergi borcunun ödənilməsinin vacibliyini vurğulayan İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyib ki, "Montin bazarı” özəl struktur olduğu üçün dövlət qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi şərtdir: "Dövlətin "Montin bazarı”na müdaxiləsi həmin bazar rəhbərliyinin vaxtlı-vaxtında borcları ödəməməsi ilə bağlıdır. Əgər bazarın vergi ödəməsində heç bir problem yoxdursa, dövlətin onun fəaliyyətinə müdaxiləsi yolverilməzdir. İndiki halda isə söhbət bazara qoyulan 50 min manatlıq vergidən gedir. Vergi isə məcburi ödəniş olduğu üçün bu baxımdan dövlətin bazara hansısa güzəştə getməsi mümkün variant deyil. Bu cür hallarda problem istənilən halda qanunvericiliyə uyğun olaraq tənzimlənir. Qanunvericilik isə vergi ödənişlərinin məcburi şəkildə həyata keçirilməsini tələb edir. Yubanmalar olduğu halda isə cərimə ödəmələrinin reallaşdırılması vacibdir. Bu mənada, "Montin bazarı”ndakı duruma dövlətin praktik olaraq müdaxilə etmək və vergi borclarının bağışlanması və ödənişlərə hansısa formada güzəştlərin tətbiqi mümkün deyil. Söhbət məcburi ödənişlərdən getdiyi üçün bazar rəhbərliyi öz borclarını ödəməlidir. Əgər onlar vergi borclarını vaxtlı-vaxtında ödəsələr, bu qədər borc yığılmazdı. Hesab edirəm ki, istənilən halda məsuliyyət sahibkarların üzərinə düşür”.

Şəymən