“Maliyyə bazarında vəziyyət ürəkaçan deyil”

Vahid Əhmədov: “Hökumət xüsusi tədbirlər planı hazırlamalıdır, hər şeyə qənaət edilməlidir”
“Çalışmaq lazımdır ki, Azərbaycanda 15-20 bank qalsın və onlar da normal fəaliyyət göstərsin”



Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan məsələ manatın yenidən dəyərsizləşmə səbəbi və dolların hansı səviyyədə möhkəmlənəcəyi ilə bağlıdır. Vətəndaşların bu narahatlığı fonunda isə manat ucuzlaşmaqda davam edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manatın avqustun 31-nə olan rəsmi məzənnəsi 1 dollar 1.6280 manata bərabər olub. Dolların belə tədricən bahalaşması ərzaq və qeyri-ərzaq bazarında da qiymətlərin artmasına gətirib çıxarır. Bəzi ekspertlər isə kəskin devalvasiyanı da istisna etmir. Hesab edirlər ki, bazarda dollara yaranan yüksək tələbat və xarici valyutanın qıtlığı manatın daha da ucuzlaşmasına gətirib çıxaracaq.

Azərbaycanın maliyyə bazarındakı vəziyyəti dəyərləndirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov həyata keçirilən real tədbirlərə rəğmən bazarda elə bir ciddi irəliləyişlərin olmadığını deyib:

- Bankların diaqnostikası həyata keçirildi, bankların ümumi vəziyyəti araşdırıldı, doqquza yaxın bank bağlandı, amma yenə də maliyyə bazarında vəziyyət ürəkaçan deyil. Azərbaycanda dollar qıtlığı yaranıb, insanların banka etibarı azalıb və bu etimadı yüksəltmək hələlik mümkün olmayıb. Bu böhran nə qədər davam edə bilər? Böhran vəziyyətindən çıxış yolları olmalıdır. Düzdür, müəyyən qurumlar yaradıldı, ancaq biz onlardan konkret iş görmürük. Hökumət xüsusi tədbirlər planı hazırlamalıdır, hər şeyə qənaət edilməlidir. İxracı stimullaşdırmaq üçün ölkə başçısının nəzarəti altında bir sıra addımlar atılıb . İxracyönümlü məhsulların artırılması üçün ciddi işlər görülməlidir. Əgər ölkədə bank sistemini sağlamlaşdırmasaq, manata inamı bərpa etməsək, kredit alış-verişini tətbiq edə bilməsək, problemlərimiz daha da çoxalacaq. Bunların hamısı dolların bahalaşması ilə birgə gələn problemlərdir. Manat ucuzlaşdıqca idxal olunan malların maya dəyəri də bahalaşır. Bu da təbii olaraq bazarlarda qiymət siyasətinə öz təsirini göstərir. Hesab edirəm ki, bahalaşma fonunda sosial gərginliyin yaranmaması üçün hökumət iş görməli, addım atmalı, təklifləri həyata keçirməlidir.

- Payızda daha bir neçə bankın bağlanacağına dair söyləntilər var. Siz bu barədə nə düşünürsünüz?

- Həmin proqnozlarla mən də tanışam. Amma bütün hallarda mən bankların bağlanmasının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Bankların konsoldasiyasını daha məqsədəuyğun hesab edirəm. Çalışmaq lazımdır ki, Azərbaycanda 15-20 bank qalsın və onlar da normal fəaliyyət göstərsin.

- Bağlanan banklarda 30 mindən artıq olan əmanətlərin qaytarılması məsələsi də bir problemə çevrilib.

- Yeni qanunvericiliyə əsasən, əmanətlərin hamısı sığortalanıb. Əvvəllər, sadəcə 30 min manata qədər olan əmanətlər sığortalanırdı, amma indi depozitlər yüz faiz sığortalanır. Ona görə də, bu sahədə ciddi bir problem yoxdur.

- Yeni qanun əvvəlki əmanətlərə də aid edilir?

- Bu barədə konkret nəsə deyə bilmərəm. Ancaq onu bilirəm ki, yaz sessiyasında biz müvafiq qanunu qəbul etdik və artıq banklara qoyulan əmanətlər tam şəkildə sığorta olunur.

- Sentyabrda manatın kəskin devalvasiyaya uğrayacağı deyilir.

- Mən bu barədə verilən proqnozlara inanmıram. Azərbaycanda kəskin devalvasiya gözləmirəm. Milli valyutamız artıq iki dəfə kəskin devalvasiyaya uğrayıb. Hesab edirəm ki, Mərkəzi Bankın apardığı yumşaq devalvasiya siyasəti düzgündür və davam etməlidir. Manatın kəskin şəkildə dəyərdən düşməsi insanlarda şok vəziyyət yaradır. Ən yaxşısı yumşaq devalvasiya ilə manatın bazarda öz qiymətini almasıdır.

- Manatın real qiyməti deyəndə hansı məzənnəni nəzərdə tutursunuz?

- Dəqiq deyə bilmərəm. Ancaq manatın yumşaq devalvasiyasının davam edəcəyini deyə bilərəm. Əslində manatın məzənnəsi ilə bağlı öz proqnozumu çoxdan vermişdim. Təxminən 6-7 ay öncə manatın tədricən ucuzlaşıb öz bazar qiymətini alacağını bildirmişdim. Qeyd etmişdim ki, neftin dünya bazarında qiymətində dəyişiklik olmayacaq, dolların bahalaşması davam edəcək, manat müəyyən qədər ucuzlaşacaq. Ancaq hələlik bu bahalaşma yüksək sürətlə getmir, Mərkəzi Bank tərəfindən yumşaq siyasət aparılır. Banklara inam olmadığından insanlar əmanətlərini dollara çevirərək saxlamağa çalışırlar. Bu da bazarda dollara tələbatı artırır. Qeyri-neft sektorunda ixracın artmasına diqqət yetirmək lazımdır ki, ölkəyə gələn valyutanın həcmi artsın. Yəni bu proses hələ davam edəcək”.

Şəymən