Maliyyə Bazarlarına Nəzarət Palatası banklara qanunsuz təlimat verib

Rauf Zeyni: “Qanunlarımız imkan verir ki, 15 min məbləğində nağdsız hesablaşmanı həyata keçirə bilsinlər”

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır. Buna səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının "Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edərək banklara təlimat verməsidir.

Etiraz edənlərin sözlərinə görə, banklar təlimatdan sonra qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib. Qeyri-hökumət təşkilatları 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər. Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması üçün dövlət başçısından müvafiq göstəriş verməsini xahiş etməyə hazırlaşırlar. 

Müraciətlə bağlı "Şərq”ə danışan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib ki, Prezident İlham Əliyev hər zaman prioritet sahə kimi vətəndaş cəmiyyətinə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, indiyə kimi dövlət başçısı tərəfindən verilən bütün Sərəncamlar, qərarlar qeyri-hökumət təşkilatlarının inkişafına münbit şəraitin yaradılmasına xidmət edib: 

"Azərbaycan 2020-ci il, Gələcəyə Baxış” konsepsiyasının 9-cü fəsli bilavasitə vətəndaş cəmiyyətinin inkişafına həsr olunub. Vətəndaş cəmiyyəti ilə əlaqədar qanunlar qəbul ediləndə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hansısa qərar veriləndə məsələ əvvəlcə ictimai müzakirəyə çıxarılmalıdır. Maliyyə, iqtisadiyyat və hüquq sahəsində fəaliyyət göstərən dəyərli ekspertlərimiz verilən qərarlara müsbət rəy verməlidir. Yalnız o halda qanunların icrasına keçmək olar”.

R.Zeyni bildirib ki, ölkə başçısının vətəndaş cəmiyyətinə yaratdığı şəraiti məhdudlaşdırmağa, qanunların icrasına mane olmağa heç kimin haqqı, ixtiyarı yoxdur: 

"Qanunlarımız imkan verir ki, qeyri-hökumət təşkilatları xüsusi fəaliyyət göstərsinlər və xüsusən, 15 min məbləğində nağdsız hesablaşmanı həyata keçirə bilsinlər. Amma banklara göndərilən məlum təlimatdan sonra əməliyyatlara məhdudiyyət qoyublar. Açığı, başa düşmürəm ki, bununla nəyə nail olmaq istəyirlər?! QHT Forumun prezidenti kimi hesab edirəm ki, problem tezliklə həllini tapmalıdır. Qeyri-hökumət təşkilatları müxtəlif instansiyalarla danışıqlar apardıqdan sonra cənab Prezidentə müraciət etmək qərarına gəliblər. Çünki aparılan danışıqlar müsbət nəticə verməyib. Ümid edirik, indiyə qədər vətəndaş cəmiyyətinin inkişafına dəstək vermiş dövlət başçısı bu müraciətimizə də müsbət yanaşacaq”.

İsmayıl