Manat bir də heç vaxt əvvəlki məzənnəsinə qayıtmayacaq

Dolların 3-4 qəpik düşməsi ilə bazarda ucuzlaşma mümkün deyil



Hazırda dolların qiymətində kəskin ucuzlaşma hiss olunur, neft isə əksinə, getdikcə bahalaşır. Hətta beynəlxalq ekspertlər may ayına qədər neftin qiymətinin 120 dollara qədər qalxacağını proqnozlaşdırır. Digər tərəfdən də, Federal Ehtiyatlar Sisteminin (FES) sərtləşdirmə planlarından müvəqqəti olsa da imtina edilməsinin dollara zəiflədici təsir edəcəyi proqnozlaşdırılır.

Yəni onun dəyərinin artması prosesini saxlayacaq. Bu isə o deməkdir ki, FES tərəfindən faizlərin artırılmaması dolların ucuzlaşması və neftin bahalaşmasına səbəb ola bilər. Dolların dünya bazarında bahalaşmaması da öz növbəsində bütün valyutalara, o cümlədən manata möhkəmləndirici təsir edəcək. Ən azı ona görə ki, neft məhz dollarda nominallaşıb, buna görə də dolların zəiflənməsi nefti bahalaşdıracaq. Buna baxmayaraq, ərzaq, yaxud digər məhsullar bahalaşdığı səviyyədə qalıb. Bəs indi dollar ucuzlaşırsa, bu, ərzaq və digər malların qiymətinə niyə təsir etmir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğunu bildirib: "Belə bir həqiqət var ki, Azərbaycanda əgər qiymət artıbsa, onun enməsi mümkün görünmür. İqtisadi böhrandan Azərbaycan istisna olmaqla bütün dünya ölkələrinin istehlakçıları yararlandı. İstehlakçıların işsiz qalması problemini istisna etsək, bütün dünya ölkələrinin istehlakçıları ucuz və keyfiyyətli mal xidmətindən istifadə etdilər. Amma ölkəmizdə elə bir siyasət aparıldı ki, istehlakçılar bu qlobal iqtisadi böhrandan yararlana bilmədi. İqtisadi böhran fonunda Azərbaycanda məhsulların ucuzlaşmaması onu göstərir ki, bizim bazar dünya bazarına inteqrasiya olunmayıb. Monopoliya və inhisarçılıq bizim bazarları "bazar”a çevirib. Ölkə başçısı hələ 2011-ci ildə Nazirlər Kabinetinin yığıncağında dediyi kimi, bazarlarda inhisarçılıq baş alıb gedir. Qiymətlərin sürətlə qalxıb, bir daha enməməsi bizdə bazarların liberal və azad olmamasını göstərir. Prinsip etibarı ilə mən neftin qiymətinin aşağı düşməsinin tərəfdarıyam ki, istehlakçılar bu böhrandan yararlansın, bütün neft məhsullarının qiyməti ucuzlaşsın. Amma bizdə belə olmur axı. Bizdə hər şey istehlakçıların ziyanınadır. Onların qazandıqları pulun ən azı 20 faizi malların qiymətindəki aldanmaya xərclənir. Bunun da səbəbi istehlakçı hüquqlarını qoruyan orqanın yox dərəcəsində olmasıdır”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev ərzaq məhsullarında ciddi qiymət dəyişiklik olması üçün dolların məzənnəsinin kəskin şəkildə dəyişmədiyini deyib: "Dolların məzənnəsində 1 qəpik dəyişiklik olan kimi hamı əl-ayağa düşür. Bu dəyişiklik əslində heç nədir. Əgər dolların məzənnəsində, yəni aşağı-yuxarı, 20-30 faizlik dəyişiklik olsaydı, o zaman hansısa qiymət mövzusuna toxunmaq olardı. Axı indi heç bir şey baş verməyib. Üç-dörd qəpik ucuzlaşmaya görə demək olmaz ki, ucuzlaşma olmalıdır və ya manat möhkəmləndi. Birdəfəlik yadda saxlamaq lazımdır ki, manat artıq heç vaxt öz köhnə məzənnəsinə qayıtmayacaq. Bunu, ümumiyyətlə, yaddan çıxarmaq lazımdır”.

Şəymən