Amma məzənnənin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırıb. Bundan əvvəl isə FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb.
Qeyd edək ki, Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti FED-in gələn il ərzində uçot dərəcəsini üç dəfə, 2,25 faizədək artıracağını proqnozlaşdırır. Komitənin dörd üzvü isə 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etməyib.
FED-in qərarını və bu artımın Azərbaycanın milli valyutasına təsirini "Şərq”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, il ərzində FED-in uçot dərəcəsini artıracağı ilə bağlı müxtəlif proqnozlar verilsə də, reallıqda bu artım özünü büruzə vermir.
Amerikanın iqtisadi baxışlarının öz mürəkkəbliyi ilə seçildiyini qeyd edən iqtisadçının sözlərinə görə, onların siyasətində gözlənilməz məqamlar çox olur: "Yəni biz FED-in dolların uçot dərəcəsini qaldıracağı ilə bağlı proqnozların və bəyanatların şahidi oluruq, amma vaxtı çatanda baş verən proseslər açıqlamalarla uyğunlaşmır. Şübhəsiz ki, dolların uçot dərəcəsi artırılsa, bu, bütün dünya valyutalarına təsir edəcək. Birbaşa mövcud valyuta məzənnəsinə təsir etməsə də, indeksləşmə zamanı mütləq mənada təsir edir”.
FED-in uçot dərəcəsini qaldırmasının konkret olaraq Azərbaycan manatına təsirinə gəldikdə isə F.İbrahimov hazırda manatın təzyiq altında qalan bir valyuta olduğunu deyib. Bazar münasibətlərinə tam şəkildə uyğunlaşmadığı üçün uçot dərəcəsinin artırılması təsirsiz ötüşə bilər, çünki Mərkəzi Bank həmin təsirlərin qarşısını uğurlu şəkildə almaqdadır.
Son aylar dolların alış kursunun ilk dəfə 1.705-ə yüksəldiyini deyən iqtisadçı-alim Vüqar Bayramov bu artımı FED-in qərarı ilə əlaqələndirib: "ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar. Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin builki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir”.
Ekspert deyib ki, məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq:
"Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.
Şəymən