“Manatın vəziyyəti bankların taleyini həll edəcək” - Müsahibə

Vüqar Bayramov: “Azərbaycan üçün iqtisadi artımın bərpa ediləcəyi gözlənilir”




İlin sonuna doğru dünyanın bir sıra maliyyə qurumları və iqtisadçıları yaxın gələcəklə bağlı nisbətən nikbin açıqlamalar verirlər. Hətta bu gedişlə 2018-ci ilin daha əlverişli olacağını, iqtisadi inkişaf tempinin artacağını və yeni bazarların yaranacağını söyləyirlər. Xüsusən, dünyada və regionda baş verənlərdən, neft və qazla zəngin Şimali İraq torpaqlarında yaşanan proseslərdən sonra enerji məhsullarının qiymətinin artacağı iddia edilir.

Ölkəmizlə bağlı da proqnozlar müsbətdir. Ötən gün Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib ki, Beynəlxalq Bankın 3,3 milyard dollar həcmində xarici öhdəliklərinin təkrar strukturlaşdırılmasından sonra Azərbaycanın bank sektoru stabilləşib. Lakin direktor bildirib ki, kifayət qədər kapitallaşması olan bəzi banklar kredit portfelinin bərpa olunması üçün addımlar atsa da, bu hələlik trendə çevrilməyib. 

Qlobal iqtisadi məsələlər ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, tanınmış ekspert Vüqar Bayramov proseslərə ümumən nikbinliklə yanaşsa da, bəzi iddialarla razılaşmadığını deyib. Ekspertin sözlərinə görə, indiki halda dəqiq proqnozlar vermək qeyri-mümkündür...

- Azərbaycanda bank sektorunun stabilləşməsi ilə bağlı səsləndirilən fikirlərə münasibətiniz necədir?
- Bankların stabilləşməsi birbaşa manatın məzənnəsi ilə bağlıdır. İki il əvvəl baş vermiş arzuolunmaz proseslər bank sektoruna mənfi təsir göstərdi. Bu ilin fevral ayından etibarən sektorda müəyyən stabilləşmə müşahidə olunmağa başladı. Əvvəlki dövrlə müqayisədə manatın məzənnəsinin stabil qalması bankların işinə yaradı. Baxmayaraq ki, bankların kredit portfelində azalmalar var. Ötən bir il ərzində manatın məzənnəsi stabil olsa da, kreditlərdə artım olmayıb. Əksinə, problemli kreditlərin məbləği daha da yüksəlib. Hazırda manatın məzənnəsi banklar üçün əlverişlidir. Ən azından stabillik baxımından bu durum çox vacibdir. Ona görə də çalışmalıyıq ki, manatın mövcud məzənnəsini qoruyub saxlayaq.
- İqtisadçı kimi mövcud durumla bağlı təklifiniz varmı, çıxış yolu kimi hansı proqramı uyğun görürsüz?
- Bank rekvizitlərinin artırılması, eyni zamanda banklarda toksik, yəni qeyri-işlək aktivlərin, eləcə də problemli kreditlərin çözülməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanmalı və qısa zamanda qəbul edilməlidir. Belə bir proqram Mərkəzi Bank və ya Maliyyə Bazarlarına Nəzarət Palatası səviyyəsində yaradıla bilər. Ya da ayrıca dövlət proqramı kimi qəbul edilər. İstənilən halda yeni proqrama ciddi ehtiyac var. 2008-ci ildə ABŞ-da baş verən qlobal maliyyə böhranı zamanı hökumət bankların dəstəklənməsi ilə bağlı proqram hazırladı. Həmin layihə çərçivəsində dövlət tərəfindən kommersiya banklarına 400 milyard dollar civarında yardım göstərildi. Azərbaycanda da oxşar proqramın həyata keçirilməsi mümkündür. Kommersiya banklarının toksik aktivlərini sağlamlaşdırmaq üçün dövlət tərəfindən vəsaitin ayrılması daha məqsədəuyğundur. Növbəti dövrdə həm dövlət dəstəyinin verilməsi, həm də manatın vəziyyətinin stabil qalması bankların taleyini həll edəcək. Banklar isə çalışmalıdır ki, kredit siyasətlərinə dəyişiklik etsinlər. Yəni daha ucuz, daha əlçatan kreditlər təklif etsinlər ki, həm vətəndaş, həm də biznes strukturları bu imkanlardan faydalansınlar. Belə olarsa, bankların kredit portfeli də artacaq.
- Hansısa təkliflər gündəmə gələndə, ya banklar narazılıq edir, ya da borcu olan vətəndaşlar. İki tərəfi də razı salacaq proqram yoxdurmu?
- Xarici valyuta ilə olan kreditlərə güzəştlə bağlı 2015-ci ilin fevral ayında ütçərəfli və ya üçbucaq güzəşt sisteminin tətbiq edilməsini təklif etmişdim. Həmin sistemə əsasən, vətəndaşın banka olan borcu üç yerə bölünür və bir hissəsini bank, digər hissəsini vətəndaş, yerdə qalanını isə dövlət ödəyir. Belə olan halda tərəflərin heç birinə ağırlıq düşmür və narazılıq da olmur. Çünki vətəndaş borcun sadəcə üçdə birini ödəyir. Ümumi borcu konkret bir obyektin üzərinə qoysaq, o zaman etirazın olması təbiidir. Ən uyğun variant üçbucaq güzəşt sistemindən istifadə edilməsidir.
- 2018-ci illə bağlı ölkə daxilində və dünyada nikbin iqtisadi proqnozlar verilir. Hətta qlobal böhranın başa çatdığı deyilir. Bəs sizin təhlillər necədir?
- Əksər maliyyə qurumlarının, xüsusən, Beynəlxalq Maliyyə Fondunun və Dünya Bankının gələcəklə bağlı təhlilləri müsbətdir. Eyni zamanda hər iki qurum Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin ifadələr səsləndirirlər. Güman olunur ki, 2018-ci ildə iqtisadi artımın tempi yüksələcək. Əlbəttə, bütün proseslər ilk növbədə neftin dünya bazarındakı qiymətindən asılı olacaq. OPEK və ondan kənar neft ixrac edən ölkələrin razılaşması və mövcud razılaşmanın 2018-ci ilin martında yenidən uzadılacağı ilə bağlı açıqlamalar nəticə etibarı ilə iqtisadi nikbinlik yaradır. Amma yenə də konkret rəqəm söyləmək, dəqiq proqnoz vermək mümkün deyil. Çünki neft-qaz məsələsində iqtisadi amillərlə yanaşı, siyasi məsələlər də əsas rol oynayır. Bütün hallarda regiondakı iqtisadi vəziyyət enerji məhsullarının dünya bazarındakı qiymətindən birbaşa asılı olacaq. Azərbaycan üçün iqtisadi artımın bərpa ediləcəyi gözlənilir. Çünki 2017-ci il bizim üçün stabil oldu və manatın məzənnəsi qorundu. Bu amillər iqtisadi inkişaf üçün əlverişli hesab olunur.
- "Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin ən obyektiv qiymətinin 55-60 dollar olduğunu və elə bu səviyyədə qalacağına ümid etdiyini bildirib. Sizcə, neft maqnatı qiymətin bahalaşmasını nəyə görə təhlükəli görür?
- Əslində təhlükə kimi görmür, sadəcə olaraq, neft maqnatları və böyük enerji şirkətləri qiymətin birdən-birə artacağına inanmırlar. Düzdür, qiymətin tez-tez dəyişməsi, yəni aşağı-yuxarı oynaması perspektiv olaraq təhlükə yarada bilər. Çünki indiki məqamda neftin qiymətinin kəskin artması növbəti dövrdə yenidən kəskin aşağı düşməsinə gətirib çıxarar. Son dönəmlər bir sıra proseslər baş versə də, neftin qiyməti iddia edildiyi kimi 60 dolları ötmədi. Psixoloji həddi keçmək mümkün olmadığı üçün neftin qiyməti yenidən azalmağa başladı. Ona görə də neftin uzunmüddətli bazar qiyməti 50-60 dollar arasında müəyyən edilir və kəskin yüksəlmə proqnozlaşdırılmır.
- Putin deyib ki, əgər Türkiyə İraq "Kürdüstan”ından neft idxalını dayandırarsa, "qara qızıl”ın qiyməti bahalaşacaq. Bu iddia nə qədər realdır?
- Verilən bəyanatların psixoloji təsirləri ola bilər. Amma Türkiyənin "Kürdüstan”dan neft idxalını dayandırmasının texniki baxımdan mümkün olub-olmaması mübahisəli məsələdir. Məncə, bu mövzunun geniş müzakirəyə ehtiyacı var. Lakin istənilən halda Putinin iddia etdiyi kimi ciddi qiymət artımından söhbət getmir. Neft qıtlığı yaranacağı halda neft idxal edən ölkələr başqa satıcılar tapacaqlar. Müəyyən müddətdən sonra balans yenidən formalaşacaq. Yəni qiymət artımı olsa belə qısa zaman sonra düşəcək. Bazarın balanslaşdırdığı qiymət mühüm rol oynayır. Körfəz ölkələri, ərəb dövlətləri neftin bir barelini 5 dollara istehsal edirlər və 50 dollara satırlar. Ən azından həmin dövlətlər üçün 50 dollar kifayət qədər uyğun qiymətdir. Heç bir məhsulu bu qədər baha qiymətə satmaq mümkün deyil. Sadəcə neft ölkələrinin öz iqtisadiyyatlarını mövcud duruma görə transformasiya etməyə ehtiyac var ki, qeyri-neft sektoru inkişaf etsin.
- "Strateji Yol Xəritəsi”nin yarımillik monitorinqi açıqlandı. Uğurlarla yanaşı, müəyyən çatışmazlıqlar da ortaya çıxdı. 6 aylıq qiymətləndirməni necə şərh edərdiz?

- "Strateji Yol Xəritəsi”nin monitorinqini müsbət dəyərləndirirəm. Çünki söhbət müstəqil və obyektiv şəkildə aparılan qiymətləndirmədən gedir. Hesabatlara, faizlərə və rəqəmlərə baxdıqda monitorinqin müstəqil aparıldığını müəyyən etmək mümkündür. Təbii ki, bu, aralıq hesabatdır. Yekun monitorinq 2017-ci il başa çatdıqdan sonra aparılacaq. Aralıq hesabatda 2017-ci il üçün nəzərdə tutulan bütün fəaliyyətlərin tam icra olunduğunu söyləmək mümkün deyil. Bəzi dövlət qurumlarının fəaliyyətində yubanmalar olub. Bütövlükdə vəziyyət qənaətbəxşdir. İlk dəfə olaraq bütün dövlət qurumlarında fəaliyyətin obyektiv qiymətləndirilməsi həyata keçirilib və bu qiymətləndirmə formal olmayıb. Belə monitorinqlər görülən işlərlə bağlı daha dolğun məlumatın yayılmasına imkan yaradır, eyni zamanda dövlət qurumlarının məsuliyyətini artırır. Gələn ilin əvvəlində 2017-ci ilin monitorinqi aparılacaq. O zaman nəticəni tam müəyyənləşdirmək mümkün olacaq.

İsmayıl