“Uşaqlarda mədə-bağırsaq infeksiyaları, allergik reaksiyalar artıb. Zənnimcə, bu, böyük ölçüdə yediyimiz qidalarla bağlıdır”
Marketlərdə satılan süd məhsulları ziyanlıdır
“Həkimə müraciət edən 10 valideyndən 7-si uşağın iştahasızlığından şikayətlənir”
“Uşaqlarda mədə-bağırsaq infeksiyaları, allergik reaksiyalar artıb. Zənnimcə, bu, böyük ölçüdə yediyimiz qidalarla bağlıdır”
“Uşaqlarda mədə-bağırsaq infeksiyaları, allergik reaksiyalar artıb. Zənnimcə, bu, böyük ölçüdə yediyimiz qidalarla bağlıdır”
Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brüselyoz xəstəliyi və onun törətdiyi fəsadlarla bağlı maraqlı bir araşdırma aparıb.
Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.
Məlumata əsasən, süd və süd məhsulları təxminən 6 milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Dünyada hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir.
Süd məhsullarının insan orqanizminə və sağlamlığına çox böyük faydası olduğu danılmazdır. Süd və süd məhsullarının tərkibində makro və mikroelementlərin olması insanda bir sıra xəstəliklərin formalaşmasının qarşısını alır. Bu cür məhsullarda bir sıra vitaminlərin (B1, B2, B12 və D) olması maddələr mübadiləsinə və həzm prosesinə kömək edir. O cümlədən tərkibində kalsium, fosfor və oliqosaxaridlərin, yəni mürəkkəb strukturlu şəkərlərin olması insanın böyüməsinə, sümüklərin və dişlərin normal inkişafına təkan verir.
Aparılmış tədqiqatlar zamanı müəyyən edilib ki, süd və süd məhsullarının tərkibində olan D vitamini, kazein və albumin zülalları, laktoferrin insanda bir sıra xərçəng növlərinin (döş, yumurtalıq, prostat vəzi) inkişafını ləngidir və orqanizmin onlar ilə mübarizəsinə kömək edir.
Təhlükəsiz südü necə əldə etməli?
Süd və süd məhsulları insan sağlamlığına nə qədər faydalıdırsa, onun təhlükə törətmədən istehlakı da bir o qədər vacibdir. Təhlükə nədən qaynaqlanır? Süd məhsullarının bir sıra zərərli və xəstəlik törədən bakteriyalar, göbələklər, o cümlədən onların toksinləri, yəni zəhərləri ilə tez-tez çirklənməsi müşahidə edilir. Adətən, zərərli mikroorqanizmlər süd və süd məhsullarına xəstə heyvandan, sanitar vəziyyəti pis olan ərazidən, o cümlədən istehsal zamanı texnoloji proseslərə düzgün əməl edilməməsi, xəstələnmiş insanın istehsal prosesində iştirak etməsi nəticəsində keçə bilər.
Bundan əlavə, istehlakçıların süd və süd məhsullarını lazımi şəraitdə və temperaturda saxlamaması süd məhsullarının korlanmasına, bakterial çirklənməsinə və insan sağlamlığında ciddi fəsadlara yol açmasına səbəb ola bilər.
Südün tam təhlükəsiz olması məqsədilə onun düzgün temperatur emalına ehtiyacı var. Temperaturun düzgün seçilməsi südün tərkibində olan vacib maddələrin parçalanmaması, o cümlədən zərərli bakteriyalardan təmizlənməsi baxımından çox vacibdir. Sterilizasiya və pasterizasiya kimi temperatur emalından istifadə edilir. Sterilizasiya zamanı süd 130-150 dərəcədə qaynadılaraq istehlak edilir və adətən, bu metoddan ev şəraitində istifadə olunur.
Hazırda südün pasterizasiya edilərək satılması daha geniş yayılıb. Bu metod vasitəsilə süd tərkibində olan faydalı maddələri saxlayır və insan sağlamlığına lazım olan komponentlər tərkibində qalır. Sənayedə pasterizasiyanın yüksək temperaturlu qısa zamanlı (HTST) və ultra yüksək temperatur emalı (UHT) üsullarından istifadə edilir. HTST zamanı süd 72 dərəcədə 15 saniyə qızdırılır və sonra isə soyudulur. UHT zamanı isə süd 138 dərəcədə 1-2 saniyə qızdırılır və dərhal soyudulur. Pasterizasiya emalından keçmiş süddən tam təhlükəsiz şəraitdə bir sıra məhsullar hazırlanır.
Brüselyozdan qorunun!
Qida təhlükəsizliyi baxımından bu cür mikrob çirklənməsinə həssas məhsullar ciddi şəkildə texnoloji emal prosesindən keçirilməli və həmin qidaların təhlükəsizlik göstəriciləri daim yoxlanılmalıdır. Süd və süd məhsulları zülal və bir sıra vacib elementlər ilə zəngin olduğundan daim bakterial çirklənməyə məruz qalırlar, çünki bu qidalı mühit mikroorqanizmlərin inkişafı üçün çox əlverişlidir.
Qeyd edilən mikroorqanizmlər içində insan sağlamlığına vurduğu zərər baxımından ən təhlükəlisi Brucella spp.-dır. Brucella spp, adətən, xəstə heyvandan südə keçir və süd düzgün emal prosesindən keçmədikdə, insanı yoluxduraraq ciddi sağlamlıq problemləri yaradır.
Bu zoonoz bakteriya hüceyrədaxili parazit olub insanda ağır fəsadlara səbəb olan brüselyoz adlı infeksion - allergik xəstəliyin formalaşmasına səbəb olur. Zoonoz bakteriya dedikdə, heyvanda infeksion xəstəlik törədən və insana keçən mikroorqanizm başa düşülür. Brüselyoz xəstəliyinin insana pasterizə edilməmiş süddən, o cümlədən xəstə heyvan ilə birbaşa təmasdan keçməsi mümkündür.
Brüselyoz xəstəliyini ilk dəfə 1887-ci ildə Sir David Bruce xəstə əsgərlərin müayinəsi zamanı müəyyən edib. Bu xəstəlik insanlarda ciddi bədən ağrılarına, hərarətin yüksəlməsinə, iştahsızlığa səbəb olur. Ağır formalarda isə hətta ölüm ilə nəticələnir. Brüselyoz xəstəliyinin müalicəsi zamanı yalnız antibiotiklərdən istifadə edilir. Düzgün pasterizə edilməmiş süd və ondan hazırlanmış pendir məhsullarının insan tərəfindən istehlakı sağlamlığa ciddi təhlükə yaradan Brüsella bakteriyası ilə yoluxma hallarının artmasına səbəb olur.
Brusella bakteriyası xam südün düzgün temperaturda emal edilməməsi nəticəsində sağ qalır və həmin süddən istehsal edilən məhsulları bakterial çirkləndirərək insanın brüselyoz xəstəliyinə yoluxmasına səbəb olur. O cümlədən brüselyoz xəstəliyinin insanlara keçməməsinin qarşısını almaq məqsədilə mal-qaranın vaxtında vaksin olunması vacibdir. Vaksinasiya edilmiş heyvanın südünə Brüsella bakteriyasının keçməsi ehtimalı çox azdır.
Brüselyozlu heyvan təcrid olunmalıdır
"Bəs görəsən, ölkədə brüselyozla bağlı vəziyyət necədir” sualı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə müraciət etdik. DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Şərq”ə bildirdi ki, brüselyoz xəstəliyi ilə bağlı epizootik vəziyyət sabitdir:
- Brüselyoza qarşı daimi mübarizə aparılır. 2 il əvvəl Dünya Bankının maliyyə dəstəyi ilə pilot layihələr həyata keçirildi. Zaqatala-Balakən-Qax bölgəsində 3 aylıq heyvanların peyvəndlənməsi aparıldı. 2015-ci ildə ölkə üzrə xırdabuynuzlu heyvanların, ötən il isə iribuynuzlu heyvanların peyvəndlənməsi aparılıb. Peyvəndləmə aparıldısa, heyvanda növbəti 4 il üçün xəstəliyə qarşı immunitet yaranır. Ona görə də brüselyozla bağlı narahatlığa heç bir əsas yoxdur.
Y.Xanvəli bildirdi ki, təsərrüfatçılar gərək heyvanların sağlamlığına məsuliyyətlə yanaşsın, mütəmadi yoxlamalardan keçirsinlər:
- Heyvanlardan alınmış qan nümunələri laborator şəraitdə yoxlanır. Əgər hansısa heyvanda şübhəli mikrob, bakteriya aşkarlanarsa, o heyvan 15 gün müddətinə təsərrüfatdan çıxarılır.
Təbii süd için!
Pediatr Vaqif Qarayev təbii şəraitdə hazırlanan, əsl kənd südü ilə pasterizə olunmuş paket südlərin müqayisəyə gəlmədiyini dedi:
- Siz bir dəfə iri marketlərin qarşısında yarım saat dayanın və müşahidə edin; görün, nə qədər adam, sözün həqiqi mənasında, ətəyində süd məhsulu daşıyır marketə. Adını qoyurlar, "kənd südü”, "kənd qatığı”... Harada hazırlanıb bu məhsullar, hansı standartla hazırlanıb, satışa kim, hansı qurum icazə verib, heç nə bilinmir. Bunların çoxu mənşəyi bilinməyən məhsullardır. Mənşəyi bilinməyən süd məhsullarının alınması isə qətiyyən yolverilməzdir. Doğrudur, təbii kənd südü misilsiz qidadır. Vitamin qaynağıdır. Amma biz bilirikmi, o süd necə qaynadılıb, hansı şəraitdə saxlanılıb? Deyirlər, brüselyoza qarşı vaksinasiya aparılır, heyvanlar yoxlanır.
Nə dərəcədə inanmaq olar? Həkimə müraciət edən 10 valideyndən 7-si uşağın iştahasızlığından şikayətlənir. Axı bu qədər uşaqda eyni vaxtda tibbi səbəb olması inandırıcı deyil. Uşaqlarda mədə-bağırsaq infeksiyaları, allergik reaksiyalar artıb. Zənnimcə, bu, böyük ölçüdə yediyimiz qidalarla bağlıdır. Şəhərdə istər bazarlarda, istərsə də marketlərdə satılan qida məhsullarının tərkibi, emalı, istehsalı bərbad vəziyyətdədir. Hər şeyi istehlakçının boynuna qoymaq olmaz. Bazarda nəyəsə etiraz edirsən, satıcı deyir, istəyirsən al, istəmirsən alma. Belə olmaz axı. Satışa, məhsulların keyfiyyətinə nəzarət etməli olan qurum öz vəzifəsini icra etməlidir. İşə məsuliyyətlə yanaşmalıdırlar.
Məlahət Rzayeva