Maşına təpik atan qoçu sürücü həbs edildi

Görüntülər, polisin gördüyü tədbirlər digər sürücülər üçün bir “dərs” olacaq



Aprelin 23-də Bakı-Ələt yolunun 34-cü kilometrində yolun əksi istiqamətinə çıxaraq hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı "BMW” markalı avtomobilin sürücüsü avtosfer.az-ın kamerasına düşüb.

Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və onun nömrəsini qeydə aldıqdan sonra yenidən yoluna davam edib. Bundan qəzəblənən 90-SO-003 qeydiyyat nişanlı "BMW”- nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub.

Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər. Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan vurulub. Sürücü dərhal DİN-in 102 "qaynar xətt”inə şikayət edib.

Məsələ ilə bağlı "Şərq”ə danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, videogörüntülər yayılandan təxminən 2 saat sonra sürücü və sərnişin həbs olunub: 

"Bu hadisə bizim əməkdaşımıza qarşı olan bir təhqir və təzyiq idi. Daxili İşlər Nazirliyinin rəhbərliyi cənab Ramil Usubov sağ olsun ki, məsələyə dərhal reaksiya verdi. Saxlanılan şəxslər hazırda Qaradağ rayon polis idarəsindədir.

Ümumilikdə bütün sürücülər bilsin ki, yol hərəkəti qaydasını pozmaq olmaz. "Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsində açıq şəkildə yazılıb ki, hər bir sürücü yol hərəkəti qaydalarına əməl etməli və digərlərindən də bunu tələb edə bilər. Əməkdaşımız həmin şəxsə heç bir irad tutmayıb, öz yolu ilə getdiyi yerdə qarşısına maşın çıxdığı üçün sürəti azaldıb və yoluna davam edib. Həmin sürücü maşını saxlayıb əməkdaşımızın maşınının sağ və sol qapısını əziblər. Sonra xəbər göndərib ki, "bəlkə bizim maşında xəstə var idi?”. Maşında xəstəsi olan adam yolda elə oyun çıxardar? Düşünürəm ki, görüntülər, polisin gördüyü tədbirlər digər sürücülər üçün bir "dərs” olacaq. Bütün sürücülər bilməlidir ki, aqressiya və psixoloji gərginlik lazım deyil.

Həmin şəxslər məhkəmə qarşısına çıxarılacaq və onlar barədə müvafiq tədbir görüləcək. Yolun ortasında maşını saxlayıb həm özləri, həm də digər sürücülər üçün təhlükəli vəziyyət yaradıblar. Axı insanlar nə vaxt dərk edəcəklər ki, qoçuluq, avtoritetlik dövrü artıq geridə qalıb. Azərbaycan sivil dövlətdir. Belə hallara yol vermək olmaz”.

Yeganə Bayramova