Media “Mavi balina”nı təbliğ edir

İctimaiyyət nümayəndələri qorxulu oyunun açıq müzakirəyə çıxarılmasının əleyhinədir





Son zamanlar "Mavi balina” oyunu cəmiyyətdə ciddi ajiotaj və haqlı narahatçılıq yaradıb. Bu hal tək Azərbaycanda deyil, eyni zamanda digər ölkələrdə də baş verir. Valideynlər narahatlıq hissi keçirir, hər vəchlə uşaqları internetdən uzaq tutmağa çalışırlar. Mütəxəssislər hesab edir ki, "Mavi balina”nın həddindən artıq ictimailəşməsi onun reklamına xidmət edir.
İctimaiyyət nümayəndələri isə məsələnin bu qədər kütləviləşməsinə etiraz edərək medianın "Mavi balina”nı reklam etdiyini iddia edir. Mövzu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdən belə məlum olur ki, "Mavi Balina” oyununun həddindən artıq ictimailəşməsi bu oyunun reklamına yönəlib. Belə ki, bu oyun haqda bilməyənlər də bu haqda maraqlanmağa başlayır. Halbuki bu haqda məlumatların verilməsi valideynlərin də maariflənməsinə xidmət edir. Onlar da uşaqlara daha çox nəzarət etməyə başlayırlar ki, bu da müsbət haldır.


"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova da o fikirdədir ki, media yazmayana qədər çoxları belə bir oyunun olduğundan xəbərsiz imiş və oyunun zərərlərindən yazmaqla antireklam reklama çevrilib. Məktəblilərin daha çox aludəçisi olduğu bildirilən bu oyunun indi çoxlarını narahat etdiyini qeyd edən həmkarımız hesab edir ki, "Mavi balina” oyunu sosial şəbəkələrin insanlara təsir imkanlarını yoxlamaq, xüsusilə yeniyetmə və gənclərin "Sosial şəbəkə mesajları”na reaksiyalarını test etmək, hansı "mexanizm”lərin daha effektiv olduğunu müəyyənləşdirmək məqsədi ilə yayılıb: 

"Faktlar var. Təkcə Rusiyada təxminən yüz nəfər şagirdin bu oyunun qurbanına çevrilməsi həyəcan siqnalıdır. Mən bu virusun düşünülmüş olduğunu hesab edirəm. Çünki oyunun diktəsi ilə uşaqların həyatına qəsd edə biləcəyinə inanmıram. Hətta burada başqa məqamlar da var. Faktı gizlətmək lazım deyil, ancaq ajiotaj yaratmaq, hər şagird intiharında "Mavi balina” izi axtarmaq da düzgün deyil. Bu, oyun haqqında məlumatı olmayanların da marağını çəkir”.

Naibə xanımın sözlərinə görə, hədəf şagirdlərdisə, maksimum diqqətli olmaq lazımdır. Çünki məktəbə yola salandan sonra uşağın orada kimlərlə ünsiyyətdə olduğunu bilmək çətindir: "Valideyn olaraq narahat deyiləm, çünki uşağı maksimum internetdən, telefondan uzaq tutmağa çalışıram, nəyə baxdığına özüm qərar verirəm. Bununla belə, məktəbdə oyun barədə məlumat öyrənə biləcəyindən narahatam”.

Psixoloq Elnur Rüstəmov da "Mavi balina”nın bu qədər ictimailəşməsində medianın müəyyən dərəcədə rolu olduğunu hesab edir. İnternet əsrində yaşadığımızı qeyd edən psixoloqun sözlərinə görə, "Mavi balina” oyununun bu qədər kütləviləşməsində kütləvi informasiya vasitələri ilə yanaşı, sosial şəbəkələrin də rolu az deyil: 

"Bu baxımdan mən bu cür hadisələrin açıq müzakirəyə çıxarılmasının tərəfdarı deyiləm. Sadəcə xəbər xarakterli məlumatlar verməklə cəmiyyəti ictimailəşdirmək lazımdır. Problemin həlli ilə bağlı tədbir görmək lazımdır, amma bunu xüsusi şəkildə qabartmaq məqsədəuyğun deyil. Düzdür, "Mavi balina” oyunu fonunda yaranan problemlər mediada işıqlandırılandan sonra valideynlər xeyli dərəcədə məlumatlandılar və övladlarını gözləyən təhlükə ilə bağlı bir tədbir görməyə başladılar. Amma "Mavi balina” oyununa aludə olan yeniyetmələr daha da bu oyuna qarşı həssas olublar. Bəziləri deyir ki, bir ay oynadım və tədricən uzaqlaşdım, lakin oyunun təsirinə düşüb, çıxılmaz vəziyyətə düşən uşaqlar da az deyil. Bəzi ödənişli oyunlar var ki, ona aludə olan yeniyetmələr evlərindən, yaxınlarından oğurluq edir”.
Psixoloqun sözlərinə görə, yaranmış problemi aradan qaldırmaq üçün maarifləndirmə işini düzgün qurmaq lazımdır: 

"Hazırda bu oyunlar aktuallaşdığı üçün bütün intihar və oğurluq hadisələrini ona bağlayırlar. Halbuki yeniyetmənin hansı səbəbdən intihar etdiyini obyektiv şəkildə araşdırmaq lazımdır. İlk baxışda hadisəyə "Mavi balina”nın təsirlərini iddia etmək intiharın əsas səbəbini arxa plana keçirir. Bu gün bizim ailələrdə həddindən artıq problemlər var. Boşanmalardan, ailədaxili konfliktlərdən isə ən çox ziyan çəkən yeniyetmələr olduğu üçün kənar təsirlərə məruz qalırlar. Təhsildən uzaqlaşıb, internetdən asılı vəziyyətə düşür, zərərli vərdişlərə aludə olurlar”.

Şəymən