Mediada ekspert çatışmazlığı yaşanır

Eyni şəxsi, eyni fikirləri nə qədər eşitmək olar?
“Bu, indiki dövrün problemi deyil. Uzun müddətdir ki, Azərbaycan mediası bu problemin əziyyətini çəkir”

Jurnalistlər hər hansı bir mövzunu araşdırarkən və ya o mövzuya münasibət bildirərkən ekspertlərə müraciət edirlər. Amma bir çox hallarda jurnalistlər müxtəlif sahələrdə ekspert qıtlığından şikayətlənirlər. Kütləvi informasiya vasitələrində ekspert böhranı yaşanır desək daha doğru olar. İllərdir mətbuata açıqlama verən mütəxəssilərin sıraları seyrəlməkdədir - dünyasını dəyişənlər, ölkəni tərk edənlər və mətbuata qadağa qoyanlar medianın onsuz da yaxşı olmayan vəziyyətini daha da çıxılmaz edib.

Az qala bir redaksiyada çalışan üç müxbirdən ikisi ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırır. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı var. Ölkədə bir hadisə baş verən kimi müxtəlif media orqanlarında çalışan jurnalistlər eyni ekspertlərə müraciət edirlər. Bu isə mediada xəbər eyniləşməsinə gətirib çıxarır. Eyni mövzu, eyni ekspert, sadəcə xəbərin yayımlandığı saytın adı fərqlidir.

Bəs, jurnalistlər daha çox chansı sahədə ekspert çatışmazlığından əziyyət çəkir?

"Report.az” saytının baş redaktoru Murad Əliyev də ölkədə media ekspertləri sahəsində həqiqətən də qıtlıq yaşandığını deyib. Onun sözlərinə görə, hər hansı mövzu ilə bağlı ekspert rəyi almaq istərkən eyni şəxslər ağıla gəlir. Bu əsasən də iqtisadiyyat sahəsi ilə bağlı olur: "Təbii ki, maliyyəçi ekspert enerji məsələləri ilə bağlı şərh verə bilməz. İqtisadiyyatın hər sahəsi ilə bağlı da dərhal göz önünə gələn 1-2 ekspert var ki, bütün media nümayəndələri də onlara müraciət edir. Hər bir ekspert məsələni müəyyən bir rakursdan görür. Saytlardan eyni anda bir neçə jurnalist müraciət etsə də, müxtəlif media orqanlarında həmin məsələ ilə bağlı eyni mövqe nümayiş olunacaq. Burada yalnız media işçilərini və ya mütəxəssisləri qınamaq düzgün deyil. Bir tərəfdən öz sahəsi üzrə böyük təcrübə, geniş dünyagörnüşünə malik, analitik baxışı olan mütəxəssislər öz fikirlərini media üçün bölüşməkdən çəkinməməlidirlər. Mən özüm şahidi olmuşam ki, bəzi maliyyəçilər hər hansı məsələ ilə bağlı mətbuata çıxmaqdan çəkinirlər. Səbəb isə fikirlərinin təhrif olunması, gurultulu başlıq üçün sözlərinin kontekstdən çıxarılması qorxusudur. Belə olacağı təqdirdə, gələcək iş fəaliyyətində həmin şəxs üçün problem yarana bilər. Burada artıq medianın da üzərinə məsuliyyət düşür. Media resurslarının çoxunda sahələr üzrə ixtisaslaşma olmadığından, eyni şəxsə həm siyasət, həm iqtisadiyyat sahələri üzrə mövzu işləməyi tapşıranda jurnalist mövzu ilə bağlı daha dərinə varmaq imkanından məhrum olur. Nəticədə yeni mövqe almaq axtarışına çıxmaq əvəzinə eyni ekspertləri danışdırmaqla kifayətlənirlər”.

"Ekspert qıtlığı”nın kifayət qədər ciddi problem olduğunu deyən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin fikrincə, bu, indiki dövrün problemi deyil:

 "Uzun müddətdir ki, Azərbaycan mediası bu problemin əziyyətini çəkir. Bəzi sahələr üzrə ekspertlər mövcuddurlar, amma sayları kifayət qədər azdır. Bu, həm ekspertlərə əlçatımlıq problemi yaradır, həm də təqdim edilən materialı oxucu, dinləyici, tamaşaçı üçün maraqsız edir. Eyni şəxsi və eyni fikirləri nə qədər eşitmək olar?! Bəzi sahələr üzrə, ümumiyyətlə ekspert tapılmır, mövzunun şərh edilməsi jurnalistin imkanlarına bağlanır. Müxtəlif tədbirlərdə mən də dəfələrlə "ekspert qıtlığı” mövzusuna toxunmuşam, xüsusən cəbhə bölgəsində vəziyyət gərginləşəndə "hərbi ekspert” məsələsi ciddiyyəti ilə ortaya çıxmışdı. Amma media üçün ekspert çatışmazlığı təkcə siyasi və ya hərbi sahədə özünü göstərmir, iqtisadi, mədəni, dini, hüquqi, təhlükəsizlik, hətta media məsələlərinin özündə də bu problem aktuallığını qoruyub saxlayır. Qısa desək, ölkədə media üçün lazımi anda "əlçatımlı olan ekspert institutu” problemi mövcuddur. Hansısa böhranlı hadisə yaşananda siyasi ekspertlər "sükuta daldıqları” üçün jurnalistlər hadisəni özləri şərh etməyə çalışırlar. Bu zaman da verilən şərhlər professional olmur, emosiyalara söykənir deyə, bəzən ictimai rəydə çaşqınlıq yaranır. Misalların sayını onlarla artırmaq mümkündür. Vurğulamaq istədiyim odur ki, belə hallar intensiv olaraq yaşanır, ekspert qıtlığı və ya ekspertlərin biri-birlərinin sahələrinə müdaxilə etmələri, diletantcasına şərhlər vermələri ciddi problemlərə yol açır. Siyasət adamı media ekspertliyi edəndə, yaxud, əksinə, jurnalist siyasi şərhçi funksiyasını icra edəndə ciddi anlaşmazlıqlar ortaya çıxır. Hərbi, hüquqi, iqtisadi, təhlükəsizlik mövzularını da bura əlavə etmək olar. Amma məncə, müzakirələr ekspert probleminin olub-olmaması üzərində fokuslaşmamalıdır. Problem, gerçəkdən mövcuddur. Araşdırmalı olduğumuz məqam bu problemin nədən qaynaqlanmasıdır. "Vəziyyətdən necə çıxmaq olar” sualı üzərində düşünmək daha effektlidir”.

Jurnalistlərin yazı redaktə etməkdən kənarlaşdırılıb, məhz politoloji fəaliyyətə yönəldilməsinə gəldikdə isə M.Ələsgərli deyib ki, ekspert üçün vacib olan şərtlərdən biri informasiya bankına sahib olmasıdır. O, uzun müddət informasiyaları izləməli, toplamalı və lazım gələndə bu informasiyaları müqayisəli təhlil edib nəticə çıxarmağı bacarmalıdır: 

"İnformasiya bankına sahib olmaq baxımından jurnalistika ekspertliklə yaxındır, amma bu, ekspert olmaq üçün yeganə şərt deyil. Məsələn, informasiya bankı olsa da belə, bir jurnalist tibbi, hüquqi, iqtisadi, hərbi sahədə necə ekspertlik edə bilər ki? Burada ekspertlik etmək istədiyin sahə üzrə həm də elmi bilgilərə, ixtisasa sahib olmağın, analitik təfəkkürə malik olmağın, xarici dil bilgilərini mənimsəməyin tələb olunur ki, yeri gələndə paralellər aparmaq imkanın yaransın. Ekspertlik üçün tələb olunan keyfiyyətlərin sayı çoxdur və burada kommunikativ olmaq, yaxud informasiya bankına sahib olmaq yeganə şərt deyil. Bütün bu keyfiyyətlərə sahib olduqdan sonra, ekspert kimi özünün menecmentini, marketinqini qurmaq mərhələsi gəlir ki, məncə, ölkədəki "ekspert qıtlığı” probleminin əsas səbəbi də buraya bağlanır. Fərz edək ki, bir ekspert gün ərzində aktiv fəaliyyətini informasiya toplanılmasına, onların təhlilinə, yekun nəticə çıxarılmasına həsr edir. Yəni, sadə ifadə etsək, öz ixtisası üzrə məhsul istehsal edir. Onun məhsulunu alan, qarşılığında vəsait ödəyən varmı? KİV-lər ekspert kimi müraciət etdikləri, hər hansı bir məsələ üzrə rəy aldıqları ekspertlərə bunun qarşılığında vəsait ödəyirlərmi? Ölkəmizdə belə bir ənənə varmı? Əgər məhsulu satmaq üçün bazar yoxdursa, onda kim və nə maraqla öz gününü, vaxtını, əməyini həsr edib hadisələri izləməli, təhlillər aparmalı, rəy hazırlayıb yaymalıdır? Bir daha fikrimə qayıtmaq istəyirəm ki, ekspert qıtlığında əsas səbəblərdən biri kimi, menecment və marketinq problemini görürəm. İndi bəzi KİV-lərdə bu ənənə formalaşmağa başlayır. Amma proses hələ kustar mərhələdədir. Məsələn, bəzi KİV-lər hansısa sahə üzrə eksperti əməkdaş kimi işə cəlb ediblər. Nəzərə alsaq ki, KİV-lər hər gün 10-larla mövzu üzrə çeşidli xəbərlər istehsal edirlər, hər bir mövzu üzrə öz ekspertinə malik olmaq mümkündürmü? Müşahidələr göstərir ki, KİV-lərin əksəriyyəti ekspert məsələsində yaranmış boşluğu ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış QHT-lərə üz tutmaqla doldururlar. Fikrimcə, bu, daha məqbul variantlardan biridir. Amma KİV-lər nəzərə almalıdırlar ki, bu məsələdə QHT-lərin də öz maraqları var. Əməkdaşlıq yalnız KİV-lərin maraqlarının təmin olunması üzərində, birtərəfli qaydada qurulmamalıdır. Əməkdaşlığın dərinləşdirilməsi üçün KİV-lərin də üzərinə düşən öhdəliklər var ki, bu nüansa diqqətlə yanaşmaq zəruridir”.

Jurnalist Səxavət Məmməd ekspert çatışmazlığının mediamızın ən böyük problemlərindən biri olduğunu deyib: "Jurnalistlər bir mövzunu işləyəndə fərqli ekspert tapa bilmirlər. Hətta bəzi ekspertlərdən məcburən başqa sahələrdə də istifadə edilir. Bu media üçün də, ekspertlər üçün də pis haldır. Belə ki, bir müddətdən sonra ekspertlər "hərşeyşünas” olurlar. Açığı ekspertlərin sayı o qədər azdır və ortada olan ekspertlər o qədər çox danışdırılıb ki, heç onları danışdırmadan da yazını yazsaq, düz çıxacaq. Çünki jurnalistlər artıq hansı ekspertin nələr deyəcəyini çox yaxşı bilir”.


Ekspert çatışmazlığının demək olar ki, hər sahədə hiss olunduğunu vurğulayan həmkarımızın fikrincə, hərblə bağlı ortada olan ekspertlərin demək olar ki, hamısı "zampalitlərdir”, onlar isə məcburdur hərbin hər sahəsindən danışsınlar:

 "Əslində isə hər sahə üzrə xüsusi ekspertlər olmalıdır. Ölkədə fövqəladə hal baş verəndə ekspert tapa bilmirik. Dəfələrlə olub ki, gündəmdə olan mövzu ilə bağlı bir ekspert müxtəlif saytlara eyni gündə açıqlamalar verib. Bu da mediamızı bir-birinin bənzəri edir”.
Onun sözlərinə görə, ekspert çatışmazlığının həlli üçün mediadan daha çox dövlət qurumları iş görməlidir: "Bu onların da xeyirinədir. Belə ki, sahənin adamı olmayan ekspert səhvlər edə bilər və bu həmin qurumun işinə və imicinə zərbə vurar. Buna görə də, dövlət orqanları media ilə işləyəcək şəxslərin yetişdirilməsində maraqlı olmalıdırlar”.

Şəymən
(Davamı olacaq...)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb