Mediada fotojurnalistikanın yeri...

Əhməd Muxtar: “Azərbaycanda tam formada peşəkar fotoqraf kursları təşkil etmək olar”
Elçin Mirzəbəyli: “Demək olar ki, əksər media qurumlarında çox önəmli bir peşə sayılan fotomüxbir sahəsi əhəmiyyətini itirib”

Yadigar Məmmədli: "Çalışmalıyıq ki, məqalələrdə fotolara üstünlük verək və düzgün seçim edək”

Arif Əliyev: "Bu sahədə xeyli müddətdir hazırlıq keçilsə də, müxtəlif kurslar fəaliyyət göstərsə də, hələlik istənilən müsbət nəticə alınmayıb”

Eyvaz Qocayev: "Foto özü də bir informasiya daşıyıcısıdır”




Medianı fotojurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, fotomüxbirlər isə görüntülərlə cəmiyyətə çatdırır. Bu ikisi bir yerdə tamlıq təşkil edir. Hadisələr söz və foto ilə birgə təsvir olunanda, daha dolğun və doyurucu qəbul edilir. Hətta bəzən bir yığın sözün deyə bilmədiyini bir neçə şəkil çox gözəl ifadə edə bilir. Ötən müddət ərzində Azərbaycanda fotojurnalistika sahəsində müəyyən inkişaf olsa da, bəzi qüsurlar özünü göstərir. Çox vaxt bəzi qəzet və saytlar hansısa xəbəri və ya reportajı mətnə uyğun olmayan şəkillərlə təqdim edirlər. Əksər hallarda isə müxtəlif mətnlər davamlı olaraq eyni şəkillərlə təqdim edilir ki, bu da oxucuları yorur. Əslində mətbuatda dərc olunan yazılarda şəkillərin düzgün yerləşdirilməsi ona görə xüsusi önəm kəsb edir ki, fotolar sərlövhələrdən sonra oxucuların diqqətini çəkən əsas faktorlardan biri kimi yazını insanların gözündə canlandırır, yazıya enerji verir və mövzunun oxunaqlığını, cazibədarlığını artırır.

Şəkillər yazı içində bir neçə formada, məsələn, böyük və ya kiçik ölçüdə, bir və ya bir neçə sayda, tam və ya kəsilmiş, yəni montaj edilmiş olaraq verilə bilər. Amma vurğuladığımız kimi, əsas məsələ fotoların yazıya uyğun seçilməsidir. Media ekspertlərinin narazılığına səbəb olan digər məsələ isə şəkillər üzərində onu ilk yayan media qurumlarına məxsus loqoların "göz deşməsidir”. Ekspertlərin fikrincə, şəkil üzərindəki hədsiz sayda və həcmcə iri loqolar orijinal

fotoların effektliyini zədələyir, keyfiyyətini aşağı salır. Təəssüf doğuran hallardan biri isə mətbu orqanların çoxunda fotomüxbir və fotoredaktor ştatlarının olmamasıdır. Peşəkar fotoqraf, Bakı Jurnalistika Məktəbində fototəlimçi kimi çalışan Əhməd Muxtarın sözlərinə görə, bu sahədə boşluğun ilk səbəbi fotoqrafiya təhsilinin olmamasıdır: "Universitetlərdə fotoqrafiyanın tədrisi aparılmır. Yalnız son zamanlar bir-iki ali məktəb, bəzi QHT-lər və beynəlxalq təşkilatlar nəsə etməyə çalışsalar da, bu, davamlı olmadı. 2011-ci ildən Bakı Jurnalistika Məktəbində Türkiyənin "Galata” Foto Akademiyasının proqramı əsasında fotojurnalistika kursu keçilir. Bu da sırf multimedia təlimi çərçivəsində aparılır. Yəni xüsusi olaraq peşəkar fotoqraflar hazırlanmır”. Fotoqraf kurslarına ehtiyac olduğunu deyən Ə.Muxtar bunun üçün xaricdən müəllimlər dəvət etməyə ehtiyac olduğunu düşünür: "Azərbaycanda tam formada peşəkar fotoqraf kursları təşkil etmək olar. Amma həm təcrübə, həm də nəzəri bazanın olmamasına görə xaricdə, ən azından Türkiyədə fotoqraf sənətini tədris edən qurumlarla əməkdaşlıq etmək lazımdır. Foto çəkmək sadəcə fotoaparatı ələ alıb düyməni basmaqla bitmir. Tədris vəsaitləri, proqram, nəzəri bilgilər üçün praktik çalışmalar və s. tələb olunur. Azərbaycanda da bəlkə hansısa səviyyəyə qədər fotoqraflıqdan dərs deyə biləcək fotoqraflar var. Ancaq həm praktik, həm də bu günlə uzlaşan, texniki baxımdan ən son tələblərə cavab verən fotoqrafların sayı çox azdır. Fotoqraf şəkil çəkməklə yanaşı, həm də kifayət qədər oxumalıdır. Peşəsi ilə bağlı yeni məlumatları əldə etməli, hansı şəkli nəyə görə çəkdiyini bilməlidir. Mövzuyla yaxından tanışlıq üçün dünyagörüşünü artırmalı, daim oxumalıdır”. Problemlə bağlı "Şərq”ə danışan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, şəkil bir çox hallarda yazılardan daha çox fikri ifadə edir: "Bəzən sözlər fotoda əks olunan hansısa məqamın qarşısında aciz qalır. Elə şəkil olur ki, ona şərh vermək mümkün olmur. Bu baxımdan fotonun çəkisi həm çap, həm də internet mediada kifayət qədər böyükdür. Təəssüflər olsun ki, mətbuatda yeni istiqamətlər yaranan gündən etibarən yeni problemlər də meydana çıxıb. Belə problemlər klassik medianın ənənələrini sıradan çıxarır. Demək olar ki, əksər media qurumlarında çox önəmli bir peşə sayılan fotomüxbir sahəsi əhəmiyyətini itirib. Amma son dövrlər bu istiqamətdə müəyyən irəliləyişlərin şahidi oluram. Xüsusilə gənclərin fotomüxbirliyə can atması, onların sırasında xanımların da olması məni sevindirir. Son zamanlar Azərbaycan fotomüxbirləri bir çox istiqamətlərdə beynəlxalq müsabiqələrdə qalib gəliblər. Xarici ölkələrdə sərgiləri təşkil olunub. Bu da çox önəmli faktordur”. Baş redaktorun sözlərinə görə, bu istiqamətdə irəliləyiş olacaq: "Mətbuat orqanlarında fotoşəkillərin düzgün seçilməməsinə və bir çox hallarda yazıya uyğun gəlməməsinə gəldikdə isə bu məsələ hər şeydən əvvəl həmin media orqanının necə idarə olunması ilə bağlıdır. Daha dəqiq desək, redaktorlar və dizaynerlərlə əlaqəlidir. Əgər bir redaksiyada kəmsavad, dünyadan xəbəri olmayan dizaynerlər və redaktorlar çalışırsa, təbii ki, həmin mətbu orqanda seçimlərin düzgün edilməsindən söhbət gedə bilməz. Hər şey yaradıcılıq keyfiyyətindən, bilik və bacarıqdan asılıdır”. E.Mirzəbəylinin fikrincə, mətbuat texniki sahə deyil: "Mediaya sadəcə informasiya yaymaq vasitəsi kimi baxan şəxslərin idarə etdikləri qurumlarda bu cür problemlərin olması adi haldır. Əksinə, əgər redaksiyada yaradıcı kollektiv varsa və öz üzərində işləməyi bacarırsa, belə problemlər olmaz. Hesab edirəm ki, mətbuatın maliyyə durumu gücləndikcə, fotomüxbir ixtisası öz çəkisini daha da artıracaq. Zaman keçdikcə, bu sahəyə maraq artacaq”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də "Şərq”ə açıqlamasında etiraf edib ki, mediada fotojurnalistika janrı çox zəifləyib: "Çox az sayda media qurumu göstərmək mümkündür ki, jurnalistlərlə bərabər fotomüxbirlər də ayrıca ştat kimi fəaliyyət göstərsinlər. Ancaq dünyanın nüfuzlu mətbu orqanlarında fotomüxbir sahəsinə xüsusi önəm verilir. Çünki yaxşı çəkilmiş bir foto bəzən səhifələrlə yazıdan daha effektli təsir bağışlayır. Belə fotoların əlavə şərhə ehtiyacı qalmır”. Ekspertə görə, Azərbaycan mediasındakı problemlərin əksəriyyəti sırf maliyyə problemləri ilə bağlıdır: "İqtisadi böhran fonunda əksər media qurumlarında ixtisarlar baş verir. Çox təəssüf ki, belə ixtisarlara ilk növbədə o qədər də "ehtiyac duyulmayan” fotomüxbirlər məruz qalırlar. Etiraf etmək lazımdır ki, redaksiyalar əlavə xərc tələb etdiyi üçün fotojurnalist saxlamaq istəmirlər. Vəziyyət belə olan təqdirdə mətbu orqanlar digər qurumlardan fotoları pulla almaqda da maraqlı olmurlar”. Y.Məmmədli bildirib ki, şəkillər istənilən yazıya əlavə gözəllik verir, yazını oxutdurur: "Xüsusən rəngarəng fotolar, keyfiyyətli şəkillər daha

cəlbedici olur. Şəkillərdə hadisənin təfərrüatlarını özündə əks etdirən səhnələr olmalıdır. Fotojurnalistikasız media ilə barışmaq olmaz. Çalışmalıyıq ki, məqalələrdə fotolara üstünlük verək və düzgün seçim edək. Məsələn, yay aylarında yazılarda qış şəkillərinə yer vermək qeyri-peşəkarlıqdır. Hər dəfə eyni şəkillərin verilməsi də oxucuları bezdirən amillərdəndir. Bunların hamısı böyük qüsurlardır”.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev düşünür ki, fotolar istənilən uğurlu yazıdan təsir qüvvəsinə görə daha güclü faktor hesab olunur: "Şəkillər daşıdığı informasiyaya görə də effektli olur. Amma problem burdadır ki, bizdə fotojurnalistika kifayət qədər zəif inkişaf etmiş bir sahədir. Təəssüf ki, fotojurnalistlərimiz də o qədər çox deyil. Uğurlu fotoqrafların da əksəriyyəti peşələrini dəyişərək bir növ rəssamlığa meyl edirlər. Əgər fikir versək, rəsmlərin əksəriyyətində insanların yalnız baş hissəsinin verildiyini müşahidə edərik. Standartlaşdırılmış baş şəklin dizaynı oxucuların bezməsinə gətirib çıxarır. Bu sahədə xeyli müddətdir hazırlıq keçilsə də, müxtəlif kurslar fəaliyyət göstərsə də, hələlik istənilən müsbət nəticə alınmayıb”. A.Əliyev qeyd edib ki, mətbu orqanların ilk olaraq istehsal etdikləri fotolar üzərinə loqolar qoymasının səbəbi var. Buna baxmayaraq, şəkilli loqolar əlavə problemlər deməkdir: "Foto agentliklər çəkdikləri şəkillər üzərinə ona görə öz loqolarını yerləşdirirlər ki, çox zaman digər xəbər portalları və qəzetlər həmin şəkillərdən istifadə edən zaman istinad etmirlər. Bu da şəkli çəkən tərəfi narazı salır. Əslində, loqolu şəkillər media üçün əlavə problemlər yaradır. Faktiki olaraq o yazıları və fotoları təmizləmək üçün böyük əmək və vaxt sərf edilir. Yəni səbəbi olsa da, artıq və lazımsız işdir”.

"Sumqayıtxəbər.com” xəbər portalının rəhbəri Eyvaz Qocayev bildirir ki, müasir dövrümüzdə insanların informasiyaya münasibəti xeyli dəyişib. Artıq insanlar daha çox vizual görüntülərə fikir verirlər: "İnsanlar kitabdan daha çox filmlərə baxırlar. Gündəlik sosial şəbəkələrdə paylaşımlara fikir versəniz görərsiniz ki, paylaşımlar arasında müxtəlif fotolar daha çox üstünlük təşkil edir. Bu baxımdan hesab edirəm ki, xəbər saytlarında və qəzetlərdə təqdim olunan şəkil çox önəmlidir. Əlbəttə ki, xəbərin mahiyyəti də burda önəmli rol oynayır. Xəbərlə foto biri-birini tamamlamalı və təqdim edilən fotoşəkil informasiya haqqında ilkin fikir formalaşdırmalıdır”. E.Qocayevin sözlərinə görə, yazılarda təkrar fotolardan istifadə etdikdə xəbər diqqəti daha az cəlb edir: "Xarici mətbuatda biz daha çox rast gəlirik ki, başlıqlar fotonun üzərində əks olunur. Fotoya xüsusi forma verilir və bir növ biz şəklə baxanda artıq xəbər haqqında ilkin fikrimiz formalaşır. Xəbər portalları hətta bunun üçün xüsusi işçi də saxlayırlar”. Baş redaktor deyir ki, yazıdan asılı olaraq fotoların sayı dəyişilə bilər: "Müşahidə edirik ki, mətnlər uzun olduqda, əgər bir foto verilibsə, o yazılar daha çox yorucu olur və insanlar bu xəbəri qısa müddətdə yarımçıq qoyurlar. Lakin uzun yazılarda bir neçə foto olarsa, o zaman oxucunu daha çox cəlb edir. Qəzetlərdə, xəbər saytlarında və yaxud da sosial şəbəkələrdə bəzən şəkil paylaşarkən "şərhsiz”, "no comment” sözünə rast gəlirik. Bunun özü fotonun nə qədər əhəmiyyətli olduğunu göstərir. Yəni foto özü də bir informasiya daşıyıcısıdır”.

İsmayıl