Mediada iqtisadi mövzuda materiallar ciddi hazırlanmır
Ekspertlər problemi jurnalistikada ixtisaslaşmanın olmaması ilə bağlayırlar
Elə bir gün yoxdur ki, media orqanlarında iqtisadi xəbərlər, informasiyalar, təhlillər öz əksini tapmasın. Hətta sırf iqtisadi sahədə fəaliyyət göstərən saytlar da var. Məlum səbəblərdən digər sahələrlə müqayisədə iqtisadi yazılar ictimaiyyətin daha çox diqqətini cəlb edir. Çünki bütün vətəndaşların bu və ya digər formada sosial, iqtisadi məsuliyyəti var. Məsələ ondadır ki, media vasitəsi ilə çıxış edən bir sıra iqtisadçılar zaman-zaman iqtisadi mövzularda yazan jurnalistləri tənqid edirlər.
Onların müəyyən iqtisadi prosesləri və ya terminləri yaxşı bilmədikləri üçün səhvlərə, qüsurlara yol verdiklərini iddia edirlər. Ekspertlərə görə, iqtisadiyyat spesifik sahədir, ona görə də bu haqda yazan jurnalistlərin ən azından elementar iqtisadi biliklərə sahib olması çox vacibdir. İqtisadiyyat böyük xəbərlərə həssas reaksiya verir. Məsələn, açıqlama verilir ki, Amerika iqtisadiyyatı yüksək nəticələr əldə edib. Həmin gün dollar bahalaşır. Yəni bir xəbərlə bazarı oynatmaq mümkündür. Azərbaycanda da bəzən bir açıqlama panika yarada və panikanı yatıra bilir. İqtisadi jurnalistikanı 3 istiqamətdə araşdırmq mümkündür. Mövcud vəziyyət, effektivlik və qüsurlar. Mütəxəssislərin fikrincə, Azərbaycan mediasında iqtisadi xəbərlər heç də ürəkaçan deyil. Çünki əksər KİV-lərdə iqtisadi xəbərləri hazırlayan jurnalistlərin iqtisadi savadı ya azdır, ya da heç yoxdur. Bu, iqtisadi jurnalistikanın keyfiyyətini aşağı salmaqla yanaşı, ictimaiyyətdə çaşqınlıq yaradır. Çox vaxt jurnalistlər xəbərin standartlarını gözləməklə mənasını, mahiyyətini özləri belə bilmədən iqtisadi xəbərləri hazırlayıb tirajlayırlar. Hətta bəzi KİV-lər də həmin xəbərləri redaktə belə etmədən yayımlayırlar. Bu da çox vaxt yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyaların ortaya çıxması ilə nəticələnir. Bütün bunlar iqtisadi araşdırmaların üzə çıxmamasına, təhlillərin aparılmamasına gətirib çıxarır. Vəziyyət o yerə gəlib çıxır ki, bəzən ciddi iqtisadi yazılar belə bu səpkidə yayılmış materialların güdazına gedir. İqtisadi biliyi olmayan jurnalistlərin iqtisadi materialları istənilən nəticəni vermir. Auditoriya dəqiq, qərəzsiz, obyektiv prinsiplərinə əməl edilən xəbərlər istəyir. Auditoriya "dollar ucuzlaşdı”, "avro bahalaşdı”, "neft ucuzlaşacaq” tipli başlıqlar altında gizlənən və mətndə önəmli məsələ əks etdirməyən xəbərləri istəmir. Problemi gündəmə gətirən ekspertlər jurnalistikanın ixtisaslaşma məsələsini də vurğulayırlar. Məlumdur ki, dünya iqtisadiyyatının sürətlə inkişafı jurnalistikanın qarşısına şərtlər qoydu. Onlardan biri də jurnalistikada ixtisaslaşma məsələsidir. Jurnalist mütləq konkret sahə, peşə üzrə ixtisaslaşmalıdır. Hətta yaxşı olar ki, müxbir iqtisadiyyatın içində belə fərqli sahələrdən biri ilə məşğul olsun. Onu da nəzərə alaq ki, iqtisadiyyatda rəqəm və terminlərdən çox istifadə olunur. İxtisaslaşmış jurnalist rəqəmləri uyğun şəkildə sadələşdirməyi, terminləri təhrifə yol vermədən publika dilinə çevirməyi bacarmalıdır. Dünyada və ölkəmizdə fəaliyyət göstərən iqtisadi jurnalistlərin fəaliyyətini izləməli, onlarla əlaqə yaratmalı, təcrübə toplamaqla yanaşı, təcrübəsini paylaşması məqsədəuyğundur. Azərbaycanda və dünyada bir sıra şirkət və təşkilatların iqtisadiyyat jurnalistikası ilə bağlı keçirdiyi təlim və seminarlarında iştirak etməklə mütəxəssislərin təcrübə və fikirlərini dinləyir, iqtisadi proseslər barədə, necə deyərlər, pərdənin qapalı tərəflərini görür, ona kömək edə biləcək dostlar qazanmış olur. Jurnalist iqtisadiyyatı tənzimləyən orqanların vəzifələrini yetərincə bilməlidir ki, kimə və necə müraciət edəcəyini bilsin. Materialın dolğun və faktiki olmasından dolayı rəsmi-statistik məlumatlardan yararlanmaq, habelə iqtisadi qurumların, ekspertlərin rəylərindən istifadə etmək olar. İqtisadi terminlər gündən-günə yenilənir, yeni iqtisadi anlayışlar ortaya çıxır, lakin bəzi jurnalistlər bu tepmlə uyğunlaşa bilmirlər. Nəticədə iqtisadçıların fikirləri təhrif olunur, iqtisadi terminlərin yazılışında və ya səslənişində səhvlərə yol verilir. Ekspertlərə görə, bu gün iqtisadi mövzuda yaza biləcək peşəkar jurnalistlərə böyük ehtiyac var. Vaxtilə bu sahədə çalışan jurnalistlər ya mətbuatı tərk edib, ya da ekspert qismində çalışmağa başlayıblar. Onların yerini dolduran yeni nəslin isə iqtisadi savadı özünü doğrultmayıb. Bu baxımdan jurnalistlərin iqtisadi biliklərinin artırılması üçün zəruri təlimlərin təşkilinə, müvafiq iqtisadi bələdçilərə, izahlı lüğətlərə ehtiyac var. Xüsusən, vətəndaş cəmiyyəti bu sahəyə diqqəti artırmalıdır. Dövlət qurumları öz sahəsində jurnalistlərə metodoloji dəstək verməlidir. İqtisadçı ekspertlərin üzərinə də çox böyük yük düşür.
Məsələ ilə bağlı "Şərq”ə danışan tanınmış iqtisadçı-jurnalist Qadir İbrahimli də mətbuatda ixtisaslaşma problemini qabardıb. Ekspertin sözlərinə görə, çox təəssüf ki, redaksiyada eyni müxbir sosial, siyasi və iqtisadi yazılar yazır:
"1990-cı illərdə bu məsələ daha yaxşı tənzimlənirdi. O zaman xəbər, siyasət və iqtisadiyyatdan yazan jurnalistlər ayrı idi. Müəyyən sahələr üzrə ixtisaslaşma var idi. Bunun üstün cəhəti odur ki, həmin jurnalist ixtisaslaşdığı sahə ilə bağlı digər müxbirlərdən daha çox bilgi sahibi olurdu. Bəzən münasibət aldığı bəzi ekspertlərdən belə daha savadlı təhlillər aparırdı. İqtisadi mövzularla bağlı mövcud olan problemlərdə ekspertlərin də günahı var. Hansısa mövzu ilə bağlı jurnalistə açıqlama verən iqtisadçılar maksimum çalışmalıdırlar ki, iqtisadi-elmi terminlərdən uzaq dursunlar. Əgər terminsiz mümkün deyilsə, onda ən azından işlətdiyi terminlərin mahiyyətini də izah etsinlər. O halda jurnalist diktofondakı səsi kağıza köçürərkən anlaşılmazlıq yaşanmaz. Problemlərlə bağlı sadəcə eksperti günahlandırmaq da yanlışdır. Bəzi hallarda jurnalistlər də təhrifə yol verir, məsələni kontekstdən çıxarırlar. Məncə, problemin kökündə ixtisaslaşma dayanır. Əgər müxbir konkret iqtisadi məsələ ilə bağlı məlumatlı olarsa, ekspertin hətta anlaşılmaz tərzdə ifadə etdiyi iqtisadi məqamları belə oxucular üçün sadə dildə təqdim edə bilər. Nəzərə almaq lazımdır ki, media kütləvi informasiya vasitəsidir. Hər hansı yazını sadəcə sahənin mütəxəssisləri deyil, sadə oxucular da oxuyurlar. Ona görə də akademik çıxışlardan qaçmaq məsləhətdir. Bu məsələlərə önəm verilərsə, iqtisadi yazılar effektli alınar”.
Q.İbrahimli bəyan edib ki, kurslar və təlimlər məsələnin nəzəri aspektləridir: "Mənim 25 illik jurnalistika təcrübəm var və iqtisadi şərhçi kimi fəaliyyət göstərirəm. Bu sahədə az-çox tanınan şəxs kimi deyə bilərəm ki, əgər iqtisadi kurslar təşkil olunarsa, mən məmnuniyyətlə gənc jurnalistlərə iqtisadiyyatdan necə yazmaq, iqtisadi mövzulara necə yanaşmaqla bağlı mühazirələr deyə bilərəm”.
İqtisadçı bildirib ki, əslində dünyada jurnalistika fakültəsi deyilən anlayış yoxdur. Sadəcə, MDB ölkələrində, o cümlədən Azərbaycanda var:
"Normalda dünya ölkələrində jurnalistika kursları fəaliyyət göstərir. Tutaq ki, kimsə hüquq fakültəsini bitirib və mediada insan hüquqları ilə bağlı məqalələr qələmə almaq istəyir. Həmin şəxs üç-beş aylıq media kursunu başa vurduqdan sonra jurnalist kimi fəaliyyət göstərə bilər. Yaxud da iqtisadiyyatla bağlı təhsil alıbsa, mətbuat səhifələrində iqtisadi mövzulardan yazır. Bu cür fəaliyyət daha effektli alınır. Hər sahəni onu bilən müxbir yazdığı üçün heç bir anlaşılmazlıq ortaya çıxmır. Qərb sistemində müxtəlif peşə sahibləri jurnalist kimi çalışırlar. Burada nə qəbahət, nə də hansısa məhdudiyyət var. Xarici ölkələrin ali təhsil sistemində jurnalistika fakültəsi adlı ayrıca istiqamət yoxdur”.
"Azadinform” informasiya agentliyinin redaktoru, Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, mətbuatda sahələr arasında ən zəif inkişaf edəni iqtisadiyyat sahəsidir. Redaktorun sözlərinə görə, qəzetlər və xəbər saytları iqtisadi yazılara o qədər də üstünlük vermir:
"Çünki bu yazılar çox az oxunur. Sahə çətindir, bu sahədə yazan peşəkar jurnalist olmalıdır və ona da normal qonorar verilməlidir. Bu gün bir neçə nəfəri çıxmaq şərti ilə iqtisadi jurnalistlər yoxdur. Kim gəldi iqtisadiyyatdan yazır və təbii ki, belə yazı da peşəkar alınmır. İxtisaslaşma mütləq olmalıdır ki, bu sahədə yazan jurnalistin iqtisadi təhsili olsun. Kurslarla, təlimlərlə çətin ki, nəsə əmələ gəlsin. Çox mürəkkəb və çətin elmi sahədir, ona görə də ixtisaslaşma şərtdir. Əks halda səviyyəli iqtisadi araşdırma mümkün olmayacaq. İqtisadi sahə jurnalistikada ən çətinidir. Ekspertdən beş-altı cümlə rəy almaqla iş bitmir. Mövzunu dərindən bilməli, iqtisadi prosesləri izləməli, araşdırma aparmaq qabiliyyəti olmalıdır”.
Redaktor bildirib ki, hətta iqtisadiyyatın özündə də ixtisaslaşma vacibdir:
"Turizm, aqrar, sənaye, maliyyə-bank və digər sahələr fərqlidir. Bir nəfər hamısı üzrə peşəkar ola bilməz. Almaniya, Rusiya, Fransa və s. inkişaf etmiş ölkələrdə bu sahələrin hər biri üzrə ayrı müxbirlər işləyir. Hətta bəzilərində bu sahələrin özü də bölünür. Məsələn, aqrar şöbədə bir müxbir bitkiçilikdən yazır, digəri isə heyvandarlıqdan. Ya da sənayedə bir jurnalist ağır maşınqayırmadan, digəri yüngül sənayedən yazır. Mənim ixtisasım iqtisadi sahədir, mətbuatda da daha çox bu sahədə işləmişəm. Görmüşəm ki, qəzet baş redaktorları bu sahədə yazıları çox verməkdə o qədər də həvəsli olmayıblar. Hətta yazılar çox olanda iqtisadi yazıları təxirə salırdılar. Deyirdilər ki, bu yazılar az oxunur. Bizim oxucu kütləsi daha çox yüngül mövzulara üstünlük verir. İqtisadiyyat isə ağır elmi mövzulardır. Onun auditoriyası çox azdır. İxtisaslaşmış iqtisadi mətbu orqanların çoxalması yaxşı haldır. Lakin gündəlik qəzetlər və xəbər saytları da bu sahəyə diqqəti artırmalıdır”.
(Davamı var)
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb