Məhkəmənin gedişində təhdidlər olarsa...

Bununla bağlı hakim müvafiq qərarlar qəbul etməyə borcludur


Sumqayıt yolunda tələbələrin ölümü ilə nəticələnən qəzanı törədən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb. Prosesdən əvvəl ölən şəxslərin valideynləri ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb.

Zərərçəkmişlərin nümayəndəsi təqsirləndiriləni təhdid ediblər: "Uşaqların il mərasiminə qədər özünü öldürməsən, uşaqlarını öldürəcəyik”. 
Baş verən hadisə ilə bağlı "Şərq”ə açıqlama verən hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, heç kəsə belə bir hüquq verilməyib ki, o hədə-qorxu gələrək kimisə təhdid etsin. Hətta Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ölümlə hədələmə ilə bağlı müvafiq məsuliyyət də nəzərdə tutulub: 

"Nəqliyyatla bağlı qəzalar ehtiyatsızlıq üzündən baş verən hadisələrdir. Heç kəs motiv olaraq qəsdlə və bilə-bilə belə hərəkət etmək istəməz. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ehtiyatsızlıq üzündən və qəsdlə edilən cinayətlər fərqləndirilir, cəza təyin edəndə bu məsələ xüsusi olaraq diqqətə alınır.
Ümumiyyətlə, sivil ölkələrdə və Azərbaycanda hər hansı bir şəxs cinayət törədirsə bunun yeganə cəzalandırma yeri məhkəmədir, məhkəmənin qanunla verilmiş qərarı əsasdır. Hazırda həmin işə məhkəmədə baxılır və təbii ki, məhkəmə həmin şəxsin etdiyi əmələ uyğun olaraq cəza təyin edəcəkdir. Əgər zərərçəkmiş tərəf bu cəzadan narazı olarsa bununla bağlı Appelyasiya və daha yuxarı məhkəmələrə şikayət edə bilər. Əgər məhkəmə prosesinin gedişində belə təhdidlər olarsa, bununla bağlı hakim müvafiq qərarlar qəbul etməyə borcludur. 

Təbii ki, biz insanların kədərini başa düşürük. Bu çox ağır bir kədərdir, amma heç bir halda yeni qanunsuzluqların baş verməsinə icazə vermək olmaz, belə hədə-qorxular səslənməli deyil. Əlbəttə ki, belə təhdidlərin real olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin həm məhkəmə zalında, həm də sonra cəzaçəkmə müəssisəsində təhlükəsizliyi təmin edilməlidir. Şəxs barəsində hələ ki, məhkəmədə istintaq gedir və istintaq nəticəsinə obyektiv həqiqət ortaya qoyulacaq, müvafiq qərar qəbul ediləcək. Bizim kiminsə günahkar olub-olmaması barədə fikir söyləməyimiz düzgün deyil. Düşünürəm ki, belə təhdidlərin səslənməsinin qarşısını almaq üçün hakim müvafiq qərarlar qəbul etməlidir və tərəflərə bu istiqamətdə xəbərdarlıq edilməlidir”.

Yeganə Bayramova