Məişət zorakılığının bir çox səbəbləri var

Maddi məsələlər ailə münaqişəsinə səbəb olan başlıca şərtlərdən biridir


Ötən il məişət zorakılığı zəminində 897 cinayət hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məişət zorakılığı ilə bağlı qeydə alınmış hadisələrin 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 cinayət hadisəsi isə sərxoş vəziyyətdə törədilib.

Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatçılıq yaradır. Demək olar ki, hər həftə KİV ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı ölüm hadisələri, intiharlar barədə həyəcan doğuran məlumatlar yayır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.

Ekspertlər isə məişət zorakılığı hallarının başvermə səbəblərinin müxtəlif olduğunu düşünürlər. Qeyd edək ki, məişət zorakılığının qarşısını almaq mümkün olmasa da, fəsadlarının qarşısının alınması üçün müəyyən sənədlər nəzərdə tutulub. Bura Mühafizə Orderi də daxildir. Ancaq məişət zorakılığı ilə qarşılaşan insanların 90 faizi utandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdən boyun qaçırır, qarşılaşdıqları zorakılıq hallarını gizlətməyə çalışırlar.

Məişət zorakılığını insanların yaxınlarına qarşı etdiyi zorakılıq kimi dəyərləndirən psixoloq-konsultant Arzu Müzəffərova "Şərq”ə açıqlamasında deyib ki, yaşanan bədbəxt hadisələr də məhz yaxın qohumlar arasındakı münasibətlərin soyumasından irəli gəlir: 

"Bu cür halların başvermə səbəblərinin əvvəlcə psixoloji olaraq, sonra isə hüquqi baxımdan aradan qaldırılması istiqamətində müvafiq addımlar atılmalıdır”. Məişət zorakılığını heç də xoşa gəlməyən bir hal kimi qiymətləndirildiyini deyən Arzu xanım hesab edir ki, bu cür halların yaşanmasında fərdlərin vəzifələrindən (ər-arvad, qohumluq) sui-istifadə etməsi bəzi hallarda ölüm hadisələrinə kimi gətirib çıxarır: "Hər bir zorakılıq halı qanun qarşısında öz cavabını tapır. Ancaq bir çox hallarda bu hadisələr, qohumlar arasında olan problemlər düşmənçilik halı alır və zamanla davam edir.Əgər bir ailədə məişət zorakılığından söhbət gedirsə, buna səbəb olan şəxs və istəməyərəkdən bu hallara düşən şəxslər psixoloji gərginlik yaşayırlar”.

Evlilik mərhələsində hər iki tərəfin biri-birinin maddi durumunu araşdırdığını deyən psixoloq hesab edir ki, maddi məsələlər də ailə münaqişəsinə səbəb olan başlıca şərtlərdən biridir: 

"Bəzən münasibətlər alınmayanda tərəflər öz problemlərini hüquqi yollar ilə deyil də, zorakılıqla, ölümlə nəticələnən hadisələri görürük. Baş vermiş hadisələri misal gətirmək olar. Zorakılıq baş verən yerdə heç bir doğmalıqdan və yaxınlıqdan söhbət gedə bilməz. Bu cür halların aradan qaldırılması üçün hər bir insan ətrafda baş verənləri ən azından analiz etməlidir. Və ən əsası qohumluğun, doğmalığın, ər-arvadın bu kimi vəzifələrinə görə yerini bilməlidir”.

Şəymən