"Qida təhlükəsizliyi sahəsindəki ciddi problemləri aradan qaldırmaq üçün dövlət orqanları ilə birlikdə ictimai nəzarət mexanizmi işləməlidir”.
Bunu "Sherg.az”a Ağsu rayonunda orta məktəbdə baş verən qida zəhərlənməsi haqqında danışarkən Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib.
O xatırladıb ki, dörd il əvvəl Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Xidməti orta məktəb bufetlərindəki yeməklərin standartını hazırladı:

"Standartlara görə, bəzi məhsulların orta məktəblərdə satılması qadağandır. Çipslər, bəzi növ kolbasalar, energetik içkilər və s. satılmamalıdır. Lakin məktəb bufetləri nəzarətsizdir, orada istənilən zərərli mənşəli mal satılır.
ATV telekanalının "Yoxlama” verilişi ilə birlikdə uşaq bağçalarında apardığımız araşdırma göstərdi ki, hətta bu müəssisələrə belə ən təhlükəli qidalar, mənşəyi məlum olmayan ətlər gedib çıxır. Çünki məktəb bufetləri ayrı-ayrı fiziki şəxslərə icarəyə verilir, nəzarətsiz fəaliyyət göstərir. Bufetlərin təxmini 80 faizində ciddi problemlər var”.
E.Hüseynov onu da əlavə edib ki, bufetlərdə zəhərlənmə baş verdikdə məsələ araşdırılmır, məsuliyyət istehlakçının üzərinə atılır:
"Azərbaycan əhalisi tədrici – tez hiss olunmayan zəhərlənmənin qurbanlarıdır. Bunu apteklərin çox olması, insanların dərman vasitələrindən aşırı istifadə etməsi sübut edir.
Qida Təhlükəsizliyi Agentliyindən çox şey gözləyirik, təəssüf ki, hələ də bu qurum start götürə bilmir. AİİB Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasından qrant layihə qazanıb. Layihənin adı "Prezident İlham Əliyevin ölkədə qida təhlükəsizliyinə riayət olunması barədə çağırışlarına ictimai dəstək tədbirləri”dir. Bu çərçivədə regionlarda tədbirlər keçirəcək, əhalini təhlükəli qidadan uzaq olmaq barədə maarifləndirəcəyik”.
Qeyd edək ki, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Aysel Aslan