Baş redaktorun qınağına sosioloqdan cavab gəldi
"Biz övladlarımızı sürət həddini aşan sürücülərin insafına buraxa bilmərik"
"Uşaqların bütün təhsil məsuliyyətini anaların üzərinə atmaqları azmış kimi, hələ bir onları qınayırlar da. Övladlarını məktəbə aparıb-gətirən ataların sayı barmaqla sayılacaq qədər azdır"
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı feysbuk hesabında övladlarını dərsə aparıb-gətirən valideynlərin məktəbin həyətinə yığılıb gözləməsindən yazıb: "Orta məktəbləri işsiz, gücsüz (əslində "ərsiz arvadlar" yazılmalıdır) valideynlərdən qurtarmasaq, çətin nəsə düzələ...”
Statusa rəy yazan media nümayəndələri də baş redaktorla həmfikir olduqlarını qeyd edib, öz müşahidələrini yazıblar.
Dərslərin saat 12:15-də başlayıb, 4:25-də bitdiyini qeyd edən jurnalist Günay Arda valideynlərin həmin saata qədər məktəbin həyətində gəzişdiklərini deyib:
"Qoşulmayanlara da deyirlər, uşağınızla bizim qədər maraqlanmırsınız”.
Digər istifadəçilərin isə ümumi fikri belədir ki, bir dəstə "ərsiz" qadın məktəbin həyətinə yığışıb "ağzına nə gəlir, danışırlar”.
Sosioloq-jurnalist Lalə Mehralı isə "Şərq”ə açıqlamasında baş redaktorun iradının əsassız olduğunu deyib:
"Bu cür narahatlıqlarla mən də tez-tez rastlaşıram. Xüsusən də valideynlərdən ibarət vatsap qrupları ilə bağlı müxtəlif fikirlər səslənir. Qismən razıyam. Bir valideyn olaraq mən də hər gün səhər övladımı məktəbə aparır, günorta da dərsdən çıxana qədər məktəbin həyətində onu gözləyirəm. Bu mənim məktəbə olan güvənsizliyimlə, yaxud da işsiz-gücsüz biri olmağımla bağlı deyil. Məktəbdən evə gəlmək üçün iki böyük yol keçmək lazımdır. Məhz oğlumun təhlükəsizliyi səbəbindən hər gün o, dərsdən çıxana qədər məktəbin həyətində gözləmək məcburiyyətindəyəm.
Digər valideynlər də mənim kimi. Biz övladlarımızı sürət həddini aşan sürücülərin insafına buraxa bilmərik. Böyüklərin belə çətinliklə keçdiyi bir yoldan övladımın hər gün təkbaşına gedib-gəlməsinə göz yuma bilmərəm.
Əgər kimsə düşünürsə ki, orta məktəblərin qapısında dayanan valideynlər işsiz-gücsüzdür, sadəcə qeybət etmək, mənasız söhbətləri müzakirə etmək üçün dayanır, çox yanılır. Hər kəs öz düşüncəsinin böyüklüyü qədərdir. Valideynlər bir araya gələndə övladlarının dərslərindən, davamiyyətindən, məşğələlərindən, müəllimlərindən danışır. Bir-birindən məsləhətlər alırlar. Düzdür, seriallardan, qonşu qızının nişan xonçalarından danışan valideynlər də var. Bunu inkar etmirəm. Ancaq bunu hamıya aid edib, ümumiləşdirmə aparmaq düzgün deyil.
Nəyə görəsə, bu cür narazılıqlar daha çox kişilər tərəfindən səslənir. Uşaqların bütün təhsil məsuliyyətini anaların üzərinə atmaqları azmış kimi, hələ bir onları qınayırlar da. Övladlarını məktəbə aparıb-gətirən ataların sayı barmaqla sayılacaq qədər azdır. Ona görə də kənardan görünən mənzərə əsasında fikir bildirmək doğru deyil. Analar uzaqbaşı 10-15 dəqiqə məktəbin həyətində dayanır. Saatlarla oranı zəbt etməyə valideynlərə kim icazə verir ki, bütün günü orada dayanıb söhbət etsinlər”.
Psixoloq Fərqanə Mehmanqızının fikrincə, övladlarını məktəbə aparıb-gətirmək evdar qadınların şəhərə çıxmaq bəhanələridir. Bu, yeni bir tendensiya deyil. Əvvəllər də belə olub. Qadınlar ya uşaqlarını həyətə düşürmək, ya da məktəbə aparmaq bəhanəsi ilə bir yerə yığışıb saatlarla söhbət edirlər.
Oradan müzakirə edilən məsələlər isə bir çox hallarda söz-söhbətlərə səbəb olduğundan müəllimlərin, məktəb rəhbərliyinin xoşuna gəlmir. Bir bağça müdiri kimi şəxsən mən özüm də valideynlərin həyətə yığılmasından narahat oluram. Çünki onlar məktəbin, bağçanın həyətində gözlədiyi üçün uşaqların fikri onların yanında qalır. Bu isə bizim işimizə mane olur. Həm də ki, etik qaydalara da ziddir. Sizi əmin edirəm ki, əksəriyyəti uşağının təhsili ilə yox, məişət söhbətləri ilə maraqlanır.
Şəymən