Məktəblərdən bıçaq səsləri gəlir

İdarəetmə sistemi təcili dəyişdirilməlidir İnformasiyanın sürətli inkişafı qarşısında müəllimlər duruş gətirə bilmir

  
Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində qeydə alınan bıçaqlanma orta məktəb şagirdlərinin, o cümlədən də lisey və universitet tələbələrinin davranışlarına nəzarət edilməsi məsələsini yenidən gündəmə gətirib. Təəssüflər olsun ki, yeniyetmələrin bıçaqlaşması halları son zamanlar tez-tez baş verir. Təhsil ocaqları az qala "razborka” meydanına çevrilib. Bir çox hallarda iki yoldaş arasında düşən mübahisələr bıçaqla həll edilir. 

Ekspertlər isə hesab edir ki, cinayət törədən və yaxud buna cəhd edən gənclər, məktəblilər əksər hallarda bu addımı öz gücünü, cəsarətini göstərmək, yaşıdlarına özünü sübut etmək, özünü təsdiqləyərək onların etimadını qazanmaq üçün atır.Bəs, müxtəlif vaxtlarda məktəblilərin, tələbələrin belə cinayətlər törətməsi hallarının, bıçaq faciələrinin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? 

Son illər təhsil müəssisələrində baş verən kriminal hadisələrin sayının ciddi şəkildə artdığını vurğulayan təhsil eksperti Kamran Əsədovun qənaətincə, orta məktəb müəllimlərinin şagirdləri təhqir etmə, döymə, hətta təcavüzə məruz qoyma kimi hərəkətlərə yol vermələri məktəb daxilində nizam-intizamı pozub: 

- Son bir neçə ildə baxsaq görərik ki, elə bir ay yoxdur ki, təhsil ocaqlarında kütləvi müzakirəyə səbəb olacaq hadisə baş verməsin. Əvvəllər belə hadisələr ancaq ali məktəblərdə baş verirdisə, indi orta məktəblərimiz belə kriminal bir məkana çevrilib. Problemin diqqət çəkən tərəfi budur. Hər şey şagirdin orta məktəbdə mənimsədiyi dəyərlərdən başlayır. Bizim məktəblərdə də şagirdlərin görüb￾götürdüyü şiddət və təhqir, hətta zorakılıqdır. Müəllim şagirdi qaydalara zidd olaraq döyür, təhqir edir, aşağılayır. Şamaxıda bir müəllim öz qız şagirdinə qarşı etik çərçivəyə sığmayan hərəkətə yol verir. Cəlilabadda müəllim 25 manat görə intihara səbəb olur. Məktəb elə təhsil ocağıdır ki, qanunvericiliyə görə təhsil şöbəsindən başqa bura heç kim müdaxilə edə bilməz. İstər milli təhlükəsizlik xidməti, istərsə də polis olsun, həmin məktəbə ayaq qoya bilməz. Ora yalnız təhsil şöbələri və təhsilə aid olan qurumlar girə bilər. Bu gün nə görürük? Direktorun həmişə yanında sahə müvəkkili olur. Deməli, artıq kriminogen durum məktəblərə sirayət edir. Hətta bir çox məktəblərdə şagirdlərin narkotik aludəçiliyinə də rast gəlinir. Direktorlar kimlərinsə maraqları və sifarişləri nəticəsində rəhbər şəxslər təyin olunublar. Məqsəd onları təyin edənlərin maraqlarına xidmət etmək, nəyinsə qarşılığında pul yığmaq kimi xidmətlər görməkdir. Bu adamlar məktəblərə nəzarət edə bilmir. Ona görə də kifayət qədər neqativ hallar və qanunsuzluqlara yol verilir. 10-15 il əvvələ baxsaq, bu tipli məsələlərin nə qədər artdığını görərik. Məktəb idarəçiliyinin zəif olması əsas faktorlardan biridir. Müəllimlər dərsə maraqsızdırlar. Onlar daha çox maraqlıdırlar ki, onun yanına məşğələyə (pullu abituriyent hazırlığı) gələnlər olsun. Bu gün direktordan tutmuş mollaya qədər hər kəs neqativ halda maraqlıdır. Yəni hər kəs öz marağındadır. 

Direktorların vəzifələrinə təyin olunması üçün imtahan keçirildiyini deyən ekspertin sözlərinə görə, həmin imtahanın nəticələri yoxdur: 

"Obyektiv şərtlərlə məktəbə rəhbər vəzifəsinə təyinat olarsa, qarşılaşdığımız neqativ hadisələrin sayı azalacaq. Cəmiyyət korlanıb və bunun üçün maraqlı olan insanlar var. Bütün günü sosial şəbəkələrə baxan və internetdən asılı olan gənclik bu tipli hadisələrə artıq adiləşib. Bu isə onunla əlaqədardır ki, məktəblərdə düzgün nəzarət mexanizmi yoxdur. Məktəb rəhbərliyi, məktəb psixoloqu uşaqla işləyə bilmir. Əgər problemi olan şagird məktəbdə öz dərdini deyəcək adamı yoxdursa, o təhsil müəssisələri bağlanmalıdır. Hər birimiz valideynik və övladlarımızı o məktəbə etibar etmişik. Valideynlər tanımadıqları müəllimlərə öz övladlarını etibar edirlər. Etibar etdiyimiz müəllimlər neyləyirlər? Öz övladlarımıza təcavüz edirlər, uşaqlarımızın intiharına səbəb olurlar. Valideynlərin də başı yalnız ailə dolandırmağa qarışıb. Məktəb, müəllim və şagird əlaqələri bu gün biabırçı həddədir. Mənəvi əməkdaşlıq sıfra bərabərdir”. 


K. Əsədov qeyd edib ki, hər dövrün özünün qanunları və qanunauyğunluqları var. Sovet dövründə baxdığımız kanal yalnız dövlət televiziyası idi: 

"Demək olar ki, nə internet resursları, nə də mobil telefonlar var idi. İndi artıq cəmiyyət sosiallaşıb və əlaqələr sürətlə inkişaf edir. Televiziyalarımızda, sosial şəbəkələrimizdə isə doğuş prosesindən ölümə qədər bütün informasiyalar təqdim olunur. Uşaq artıq bütün həyatını canlı şəkildə izləyir. Deməli, cəmiyyət əvvəlki qaydalarla idarə oluna bilməz və idarə olunmamalıdır. Amma tərəfində olmuşam ki, keçmiş ənənələr qorunub saxlanılmalıdır. Mən bir məsələ araşdırmışdım. 1967-ci ildə məktəblərdən birinin müəllimi öz şagirdindən xoşu gəlmişdi və evlənmək məqsədilə evinə dəvət etmişdi. Amma bu məsələni hüquq-mühafizə orqanları deyil, odövrün təhsili həll etmişdi. Məsələn, azyaşlının öz sinif yoldaşının cinayət törətmək xəbərini eşitməsi onun psixologiyasını pozur. Bu gün informatika dərsində uşaqlar bu fənnin tədrisindən çox sosial şəbəkələrdən və ya əxlaqsız saytlardan istifadə edirlər. Müəllimə nə lazımdır? O maraqlıdır ki, uşaqlar nə ilə məşğul olurlarsa olsunlar, dərsi sakit keçsin. İnformasiya resurslarından aşırı dərəcədə istifadə olunma və nəzarətsizlik cəmiyyəti kütləvi surətdə məhvə doğru aparır. Müşahidələr aparırıq və görürük ki, təhsil saytlarından istifadə edənlərin sayı, sosial şəbəkələrdən istifadəçilərin sayından qat-qat aşağıdır. Sosial şəbəkələrdə qeydiyyatdan keçənlərin sayına baxmışam. Demək olar ki, hamısı orta məktəb yaşlı uşaqlardır. Mövcud durum psixologiya əsridir. Çox təəssüflər olsun ki, bu məktəblərdə çalışan psixoloqların özlərinə elə psixoloq lazımdır. Şagird psixoloqa problemini deyir, o isə gedib bunu başqasına çatdırır. Axı sən kilsədəki rahibə kimisən. Sən bunu dinləməlisən və yol göstərməlisən. Bizim məktəb psixoloqları bu məsələyə biganə yanaşmaqla yalnız jurnal doldururlar. Təhsil Nazirliyi hər 10 uşağa psixoloq təyin etməlidir. İnformasiyanın sürətlə inkişafı və müəllimlərin bu sürət qarşısında davam gətirməməsi cəmiyyətdəki anormallığa gətirib çıxarır. Efirlərdə yaş psixologiyasına, əxlaqa uyğun olmayan verilişlərin, filmlərin verilməsi məktəb yaşlı şəxslərin psixikasına ciddi şəkildə təsir edir. Bu gün məktəblilər hansısa elm, təhsil adamına oxşamaq yerinə, kriminal aləmə daha çox meyl edirlər. Bu əlbəttə ki, yaxşı hal deyil. Təhsil müəssisələrində mühafizə və nəzarət ciddiləşdirilməlidir. Məktəb direktorları pul qazanmağı dayandırıb, şagirdlərə nəzarət etməlidirlər. Onların problemləri ilə yaxından maraqlanmalıdırlar”. 
Şəymən