Məktəblərə yeni nəfəs, yeni abu-hava gəlib

“Yeni direktorların böyük əksəriyyəti rüşvət almır, əsassız pul yığılmasını həyata keçirmir”


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva direktorların fəaliyyətinin yoxlanıldığını və layiq olmayanların vəzifədən kənarlaşdırıldığını bildirib. O deyib ki, bundan sonra da məktəblərin idarəçiliyi idarənin diqqət mərkəzində olacaq:

"Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır. Bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıb”.
Qeyd edək ki, direktorlar təhsil sistemində əsas qüvvələrdən hesab olunur. Onlar məktəblərin idarəetmə sisteminə nəzarət edir və bu nəzarət kifayət qədər güclü, dəqiq olmalıdır ki, təhsilin inkişafına şərait yaransın.

 Bəs, yeni təyin olunan məktəb direktorları təhsilin tərəqqəsi ilə bağlı hansısa töhfələr verə bilərmi? Ümumiyyətlə, onlar yeni vəzifəyə nə dərəcədə hazırlıqlıdırlar?

Uzun müddətdir ki, Azərbaycan təhsilinin inkişafı üçün idarəetmə sisteminin təkmilləşdirilməsinə ehtiyac olduğunu deyən təhsil üzrə ekspert Kamran Əsədov son illər ərzində Təhsil Nazirliyinin bununla bağlı müvafiq tədbirlər həyata keçirdiyini bildirib: 

"Düzdür, birmənalı şəkildə demək olmaz ki, yeni təyin olunmuş direktorlar məktəbin tamamilə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Təəssüflər olsun ki, yeni təyin olunmasına baxmayaraq, köhnə direktorun yolunu davam etdirən şəxslər də var. Amma onların sayı azdır. Əsas məsələ ondan ibarətdir ki, məktəblərə təyin olunmuş yeni direktorların böyük əksəriyyəti rüşvət almır, əsassız pul yığılmasını həyata keçirmir. Bundan başqa, məktəblərə yeni nəfəs, yeni abu-hava gəlib. Bunların hamısı təhsilin inkişafına böyük təkan verəcək. Çünki insanların təhsilə inamı daha da artır”.

Yeganə Bayramova