“Məktəblilər üçün oxu”

Tanınmış simalar əsərdən parçalar səsləndirir, birbaşa sinif otağında şagirdlər onu dinləyirGülnarə İlham: “Məktəblilərlə ünsiyyətimiz sıxlaşandan xeyli müsbət təsirlər müşahidə edirik. Müəllimlər deyir ki, utancaq, müzakirələrdən kənarda qalan şagirdlər də verilişə qatılmaq istəyirlər"
Kitaba, mütaliəyə marağın artdığı hiss olunur. İmza günləri keçirmək də dəb halını almaqdadı. Kitabı nəşr olunan nasirlər imza günləri təşkil edir, dost-tanışı ətrafına toplayır. Yaranmış imkandan bəhrələnib kitablarını da satdırırlar. Metropoliten də "metroda oxu” layihəsi həyata keçirir. Metro vaqonlarında mütaliəni təbliğ edən sosial reklam lövhələri də var. Bunlar hamısı çox yaxşı haldır. Kitaba itmək üzrə olan sevgini, marağı geri qaytarmaq, mütaliə mədəniyyətimizi yenidən dirçəltmək baxımından təqdirolunasıdır. 
Bu günlərdə diqqətimizi çəkən "ARB Günəş” telekanalında yayımlanan "Məktəblilər üçün oxu” verilişi oldu. Verilişdə məktəblilərin iştirakı, tanınmış şəxslərin məktəblilər qarşısında hekayə oxumaları maraqlı idi. Verilişlərin birinə tanınmış jurnalist və publisist Elçin Şıxlı dəvət edilmişdi və məktəblilər üçün hekayə qiraət edirdi. Bundan başqa, millət vəkilləri Fazil Mustafa, Jalə Əliyeva, Qənirə Paşayeva da bu verilişin qonaqları olub. Sözün düzü, yerli telekanallarda əsasən şou-proqramlar görməyə o qədər öyrəşmişik ki, belə bir mədəni layihənin gerçəkləşməsi həqiqətən bizi sevindirdi. Verilişin aparıcısı Gülnarə İlhamı arayıb onunla layihə barədə qısa söhbət etdik. Və xeyli məlumat əldə etmiş olduq.
Onu bildirək ki, Gülnarə İlham Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Azərbaycan müəllimi” qəzetinin əməkdaşıdır. Hazırda doktorluq üzərində işləyir. Mövzusu da "Amerika və Avropada müsəlman ölkələrindən olan yazıçıların milli kimlik məsələsi”dir.
- Gülnarə xanım, layihənin ideya müəllifi kimdir?
- Bu, Təhsil Nazirliyinin layihəsidir. Bir yox, iki layihədir; "Məktəblilər üçün oxu” və "Qiraətçi”. Layihələrin məqsədi mütaliə mədəniyyətinin formalaşdırılmasına dəstəkdir. Hər iki veriliş "Təhsil TV” onlayn televiziyasında hazırlanır, "ARB Günəş” də yayımlanır. "Təhsil TV” "ARB Günəş”lə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində də proqramlar efirə verilir. "Məktəblilər üçün oxu” 2016-cı ilin oktyabrından efirə çıxır, "Qiraətçi” isə ötən ilin sentyabrından. Yəni, bu, Təhsil Nazirliyinin ideyasıdır. Layihə rəhbəri "Təhsil TV”nin baş redaktoru, eyni zamanda "Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərovdur. Mənə, sadəcə, əməkdaşlıq təklif olunub. Verilişlərin aparıcısı və redaktoruyam.
- Niyə məhz sizə təklif edilib?
- Görünür, burada həm "Azərbaycan müəllimi” qəzetində çalışmağım, həm də filologiya üzrə mütəxəssis olmağımın təsiri var. Bundan əlavə, mən bir neçə il öncə Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Orada Nobel mükafatçıları barədə veriliş hazırlamışam. Sonra "APA TV”də çalışmışam. Yəni, azdan-çoxdan təcrübəm olduğunu nəzərə alıblar. Amma inanın, mən özüm barədə danışmaq istəmirəm. Bu layihələrin mənim adımla bağlanmasını heç istəmirəm. Mən sadəcə, aparıcıyam. Layihə özlüyündə çox gərəkli, vacibdir.
- Bizim sizi axtarıb tapmağımızın səbəbi də məhz layihədən irəli gələn marağımızdır. Çünki son dövrlər televiziyalarımız elə şoulaşıb ki, harda kitabdan, ədəbiyyatdan, həqiqi mədəniyyətdən söhbət gedirsə, pərvanə işığa yığışan kimi, biz də o tərəfə meyillənirik... Təbii ki, aparıcısı olduğunuz veriliş də bu mənada diqqətimizi cəlb etdi və sözün düzü, layihənin Təhsil Nazirliyinə mənsub olması da bizi yaxşı mənada təəccübləndirdi.
- Əlbəttə, bu, böyük işdir. Məktəbliləri qiraətə cəlb etmək, oxu mədəniyyəti formalaşdırmaq, uşaqlara mütaliəni sevdirmək gələcək nəslin mədəni köklər üzərində boy atması üçün vacib şərtlərdir. Bu mənada həm "Məktəblilər üçün oxu”, həm də "Qiraətçi” layihələri özündə müsbət keyfiyyətlər daşıyır.
- Proqrama tanınmış şəxsləri də dəvət edirsiz. Qonaqlarınızı özünüz seçirsiz?
- Siyahı tərtib edirik. Mənim təklif etdiyim şəxslər də olur. Nurəddin müəllim də kimisə təklif edir. Təkliflər Təhsil Nazirliyi ilə razılaşdırılır. Bilirik, kimi dəvət etməliyik. Amma əlbəttə, nazirliyin rəyini də öyrənirik. Çalışırıq elə qonaqlar dəvət edək ki, məktəblilərin də marağına səbəb olsun. Hesab edirəm ki, yazıçının əsərini özü səsləndirməsi çox yaxşı haldır. Əsəri yazan onun ruhunu hamıdan yaxşı bilir təbii ki.
- Bəs iştirakçı məktəbliləri necə seçirsiz?
- Orta ümumtəhsil məktəblərindən dil və ədəbiyyat müəllimləri ilə əməkdaşlıq edirik. Bir əsəri seçib müəllimə bildiririk. Müəllim həmin əsəri hissə-hissə 8-11-ci sinif şagirdləri arasında bölüşdürür, uşaqlar tapşırılan hissəni oxuyur, sonra isə verilişdə əsərin müzakirəsi aparılır. Elə məktəblər seçirik ki, orada ədəbiyyat klubları olsun. Məktəblilər dilindən əsər barədə fikirlərini dinləmək, obrazları necə təhlil etdiklərini izləmək hədsiz maraqlıdır. Bütün bunlar məktəblilərdə sərbəst düşüncə tərzinin, fikirlərin səlis ifadə olunması bacarığının formalaşmasına xidmət edir.
- Hansısa irəliləyişlər hiss edirsiz, məktəblilərin düşüncə tərzində?
- Sizə deyim ki, proqramlar efirə gedəndən, məktəblilərlə ünsiyyətimiz sıxlaşandan xeyli müsbət təsirlər müşahidə edirik. Müəllimlər deyir ki, danışmaq istəməyən, utancaq, müzakirələrdən kənarda qalan şagirdlər də verilişə qatılmaq istəyirlər. Elektron lövhələri olan məktəblərdə proqramı canlı izləmək imkanı var. Tutalım, tanınmış bir sima hansısa hekayəni, yaxud tədris proqramındakı hansısa əsərdən parça qiraət edir, elektron lövhəsi olan məktəbdə birbaşa sinif otağında dərs saatı zamanı şagirdləri onu dinləyə bilirlər. Texnologiyanın verdiyi bu üstünlük də var. Məktəblərin müasir kommunikasiya vasitələri ilə təchiz olunması həm də bu baxımdan önəmlidir.
- Yəni, şagirdlərin səviyyəsi sizi qane edir?
- Müəyyən mənada, bəli, qane edir. Bilirsiz, yaş qrupundan da çox şey asılıdır. İstər-istəməz kamera qarşısında sıxıntı hiss olunur. Hesab edirəm ki, zaman keçdikcə, məktəblilər daha artıq sərbəstləşəcəklər. Sadəcə, uşaqlara imkan yaratmaq, meydan vermək lazımdır. Şərait yaratmaq lazımdır ki, uşaqlar düşündüklərini deyə bilsinlər. Fikir yürütsünlər.
- Nə qədər davam edəcək bu layihə? Müəyyən zaman kəsimi qoyulubmu?
- Yox. Nə qədər davam edəcək, onu zaman göstərər. Amma bəri başdan layihə müddəti təyin edilməyib. Bizim fikrimiz var ki, layihənin arealını genişləndirək. Təkcə paytaxt məktəbləri ilə məhdudlaşmasın. Bölgələrə getmək fikrimiz var. "Qiraətçi” proqramı sırf tele-veriliş formatında olduğundan texniki baxımdan onu bölgələrə "aparmaq” çətin ola bilər. "Məktəblilər üçün oxu” proqramını bölgələrə daşıya bilərik. Həm də Bakıda da biz yalnız mərkəzdəki məktəblilərlə əməkdaşlıq etmirik. Şəhərətrafı məktəblərlə də işləyirik. Məsələn, Əmircan qəsəbəsi, Qobu məktəbi ilə əməkdaşlığımız var. Müəllimləri də, şagirdləri də dəvət edirik. Bizi sevindirən odur ki, proqrama maraq var, sevilirik, baxılırıq.
Məlahət Rzayeva