Zemfira Budaqova: “Bakı ətrafında bomboş boz torpaqlar var. Şəhəri böyütmək üçün onlardan istifadə etsinlər. Mərkəzdəki qəbiristanlıqlar isə muzey kimi öz yerlərində qalsın”
Hacı Şahin Həsənov: “Yəqin ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin də rəyi alınacaq”
Paytaxtdakı sıxlığı nəzərə alıb qəbiristanlıqların şəhərin mərkəzindən köçürülməsi və yaxud ləğv olunması məsələsi gündəmə gəlib. Bunun mütləq olduğunu deyən Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənovun sözlərinə görə, Bakıdan kənarda qəbiristanlıqlar üçün sahələrin ayrılmasına ehtiyac var.
S.Həsənov bildirib ki, bununla bağlı artıq Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb. Təklifə əsasən, köçürülməsi nəzərdə tutulan qəbiristanlıqlarda 5 il müddətinə cənazə dəfn edilməməlidir. Eyni zamanda müəyyən sahə ayrılmalı, həmin ərazi isə qəbiristanlıq standartlarına cavab verməlidir: "Qəbiristanlıqların köçürülməsi prosesi gündəmdədir. Müvafiq qərar olduqdan sonra prosedur qaydaları nəzərə alınaraq bu köçürülmə prosesinə start veriləcək. Bu mütləq lazımdır. Çünki Bakı şəhərində artıq qəbiristanlıq üçün sahə yoxdur. Çünki qəbirlərin köçürülməsi çox çətin işdir”.
Trestin baş mühəndisi bildirib ki, paytaxtın mərkəzi hissəsində yerləşən qəbiristanlıqlar tamamilə dolub. Məzarlıqlarda yer problemi yaşandığından, artıq ailə məzarlıqları üçün sahə ayrılmır:
"Yasamal”, "Qurd qapısı” kimi tanıdığımız qəbiristanlıqlarda yer azalıb, daha doğrusu, boş sahə demək olar ki, qalmayıb. Hazırda mərkəzdəki qəbiristanlıqlarda ailə məzarlığı üçün sahə ayrılması ilə bağlı müraciət edənlər olsa da, bu müraciətlər yerinə yetirilmir. Çünki bu qəbiristanlıqlarda boş sahə yoxdur. Yalnız bir-iki qəbir üçün yer tapmaq mümkündür. Böyük sahəni əhatə edən həmin ərazidə yalnız həmin ailəyə mənsub şəxslər dəfn edilirdi və bu ənənə bəzən uzun illər davam edirdi. Hazırda yer məhduddur”.
Qəbiristanlıqların köçürülməsinin əleyhinə olduğunu deyən Azərbaycan Memarlar Assosiasiyasının prezidenti, memar Zemfira Budaqovanın sözlərinə görə, bu, yolverilməzdir: "Əgər mərkəzdəki qəbiristanlıqlarda yeni dəfnlər etmək üçün torpaq yoxdursa, ərazi hasara alınaraq qorunmalıdır. Yoxsa ki, məzarlıqların köçürülməsi nəyə lazımdır? Hesab edirəm ki, bu proses həyata keçiriləcəyi təqdirdə həmin adamlar Allah qarşısında da günahkar olacaq və öz cəzalarını alacaqlar.
Hətta "Nizami” metrosunun tikintisi zamanı oradan ovaxtkı müharibələrdən qalma əsgər qəbirlərini xışlayıb götürdülər. Günü bu gün də həmin metroda həmin əsgərlərin iniltisi eşidillir. Mərkəzdəki qəbiristanlıqları köçürüb yerində nə tikəcəklər? Yaxşı olar ki, şəhərin içərisindən əl çəkib, kənarlara üz tutsunlar. Bakı ətrafında bomboş boz torpaqlar var. Şəhəri böyütmək üçün onlardan istifadə etsinlər. Mərkəzdəki qəbiristanlıqlar isə muzey kimi öz yerlərində qalsın”.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənov isə deyib ki, islamda qəbirlərin açılmasına icazə verilmir. Bu, dünyadan köçmüş insanların ruhuna təhqir hesab olunur: "Amma bəzi zəruri məsələlər ortaya çıxdığı halda məzarı açmaq olar. Əgər hansısa məzarlıq və ya qəbir insanlara narahatlıq yaradır və ya yer sahibinin narazılığı varsa, həmin qəbri köçürmək olar. Eyni zamanda insanların rahatlığını təmin etmək üçün əlavə yol çəkilişinə ehtiyac yaranarsa, bu zaman da şəriətdə qəbirlərin köçürülməsinin mümkünlüyü qeyd olunub. Yəqin ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin də rəyi alınacaq”.
Şəymən