“Aydın Bəşirov heç zaman mənə mənzil hədiyyə etməyib. Müəllimim Lütfi Məmmədbəyovun xahişi ilə 11 kvadratmetrdən ibarət mənzil mənim mənzilimə birləşdirildi
Xalq artisti Məleykə Əsədovanın adı hədiyyəli ev olayında hallanır. Keçmiş məmurlardan biri xanım sənətçiyə ev hədiyyə etdiyini iddia edib.
"Deyirlər ki, mən Xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə, o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram”.
Bu fikirləri Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov bildirib.
A.Bəşirov deyib ki, Məleykə Əsədova Azərbaycanın ən istedadlı və gözəl aktrisalarından biridir:
"Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər, mahnılar söyləyib. Onun sənətinin vurğunuyam. Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimi pulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. O bizim dostumuzdur. Onun səlist şeir demək qabiliyyəti var. Onun şeir deməsindən çox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən buna razı olmadım. Sadəcə olaraq Məleykə Əsədovaya sırf sənətinə görə pərəstiş edirdim”. A.Bəşirov vəzifədən gedəndən sonra Məleykə Əsədovanı görmədiyini söyləyib: "Çoxdan bəri onu görmürəm. Amma salamımız qalır. Mən vaxtilə təkcə Məleykə Əsədovaya deyil, bir çox sənət adamlarına yaxşılıq etmişəm. Ona görə də əminəm ki, hörmətimi onlar da saxlayır. Vəzifədə olduğum vaxtı "Yaxt Klub”a konsertə gələn şou adamları heç vaxt məni yaddan çıxartmazdı. O qədər olub ki, şou adamları, müğənnilər yaxta ilə klip çəkdirmək istəyib, mən də təşkil etmişəm. Hamısına yaxtalarda klip çəkmək üçün icazə verirdim. Buna görə də kimi dəvət etmişəmsə, hamısı dərhal tədbirlərimə gəliblər. Yadıma gəlir, Əməkdar artist Aygün Bəylər də yaxta ilə klip çəkdirmişdi. Digər müğənnilər də olub”.
(Ölkə.az)
Aydın Bəşirovun olay yaradan açıqlaması cavabsız qalmayıb. Xalq artisti Məleykə Əsədova Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun ona mənzil hədiyyə etməsinə münasibət bildirib. Bəşirov Xalq artistinə 2 otaqlı ev hədiyyə etdiyni iddia etsə də, aktrisa birmənalı şəkildə bunu təkzib edərək keçmiş məmurun yalan danışdığını bildirir:
"Aydın Bəşirov heç zaman mənə mənzil hədiyyə etməyib. Ümumiyyətlə, kimsə deyə bilməz ki, Məleykəyə mənzil hədiyyə etmişəm. 16 yaşımdan işləyirəm və nə etmişəmsə, zəhmətimin hesabına olub. Həmin mənzillərdə iki ailə yaşayırdı. O zaman belə mənzillər mövcud idi. Birində mən, digərində isə rus qadın yaşayırdı. Sonra rus qadın vəfat etdi. Müəllimim Lütfi Məmmədbəyovun xahişi ilə 11 kvadratmetrdən ibarət mənzil mənim mənzilimə birləşdirildi. "Kaspar” yox, başqa qurum da olsa, o xahiş olunacaqdı. Çünki o zaman mənim yaradıcı insan olmağım nəzərə alınmışdı. Mənə mənzili Bəşirov hədiyyə etməyib. Bu, ağ yalan oldu. Mən yaşadığım evin digər sakini rəhmətə gedəndən sonra qanuni səviyyədə həmin mənzil mənim adıma köçürüldü.
"M.Əsədova dövlət tədbirlərində iştirakı barədə də danışıb:
"O ki qaldı dövlət tədbirlərinə, indiyədək xeyli sayda tədbirlərdə iştirak etmişəm. Onların sayı bəlkə də yüzlərlədir. Amma heç vaxt "Yaxt klubda” tədbirdə olmamışam. Bu deyilənlər şər və böhtandan başqa bir şey deyil. Aktrisa bu yalanın arxasında maraqlı tərəflərin olduğunu da istisna etməyib. Mənə illər öncə ev hədiyyə olunmuşdusa, niyə bu günə qədər heç yerdə bu barədə danışılmayıb. İndi niyə kiminsə yadına düşdü. Görünür, kimlərsə mənə böhtan atmaqla özlərini rahat hiss edirlər. Mənə heç bir kişi nə ev, nə maşın hədiyyə edib. Hazırda iftar süfrəsindəyəm. Allahdan qorxusu olan insan bu boyda yalan danışa bilməz. Ayıbdı. Mən bu məlumatı yayan və bu böhtanı atanı Allahın ixtiyarına buraxıram. Müqəddəs aydı, heç olmasa, bu qədər böyük günaha batmayın. Belə yalanlar axı sizə nə verir?”.
Tahirə