"Mən də istəyirəm Elçibəyin oğluna toy edək, amma xeyri yoxdu, razılıq vermir"

Almurad Əliyev: “...Elə anası da deyinə-deyinə qalıb ki, toyu edək qurtaraq. Bacısı da deyir. Amma Turqut razılaşmır”



Milli Azadlıq hərəkatının mərhum lideri, eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev "Şərq”in suallarını cavablandırıb. Onunla müsahibə zamanı səhhəti, bəyin ailəsinin hazırkı durumu və bəyin oğlu Ərturqut Əliyevin toy mərasimi və başqa məsələlərdən danışdıq.

- Almurad bəy, Kələkiyə köçdüyünüz bildirilir. Doğru xəbərdirmi?
- Xeyr. Hələ ki, Bakıdayam. Düzdü, Kələkiyə qayıtmaq fikrim var. Allah qoysa ora qayıdacam. Amma hələlik burdayam. Uşaqları yerbəyer edim, birdəflik Kələkiyə köçəcəm.
- Uşaqlar deyəndə kimləri nəzərdə tutursunuz?
- Elə uşaqlarımızın hamısını.
- Onların sırasında Ərturqut da varmı?
- Əlbəttə, elə şey olarmı? Bəyin oğlu, yadigarı unudularmı heç? Ərturqut başda gəlir.
- Ərturqut demiş, onun vəziyyəti necədi?
- Yaxşıdır.
- İşləyirmi?
- Bəli, işləyir. Hazırda Bakıdadır. Anası da Kələkidəki evimizdədir. Turqut da burda işə gedib-gəlir. Ərturqut da işdən icazə alıb, Kələkiyə getmişdi. 5-10 gün dincəlib qayıtdı. O, Kələkiyə tez-tez gedir.
- Ərturqutun toy mərasiminin vaxtı müəyyənləşibmi?
- İstəyirsiniz nömrəsini verim, bu sualın cavabını özündən soruşun. Ərturqut əhlikef adamdı. Onun işinə qarışmaq olmur. Özü nə vaxt istəsə, onda da evlənəcək. Amma indi razı deyil. Elə anası da deyinə-deyinə qalıb ki, toyu edək qurtaraq. Bacısı da deyir. Amma Turqut razılaşmır.
- Bəlkə maddi imkanı zəifdir deyə, hələlik toy edə bilmir?
- Xeyr, 700 manat maaş alır. Bu vəsait də aləsini dolandırmağa yetir. Həm də bəyin Prezidentlik statusu tanındıqdan sonra onun ailəsinə pensiya verirlər. Dolanmaları yaxşıdır. Pulları var.
- Ərturqut sizə gəlirmi?
- Arada oturub maşına gəlir. Ərturqutla görüşürük, bir az da zarafatlaşırıq, çıxıb gedir. Mən də danlayıram ki, toyu edək, amma xeyri yoxdu, razılıq vermir. Deyir bu barədə özüm qərar verəcəm.
- Ərturqut sizinlə nədən danışır?
- Nə bilim keçmişdən, gələcəkdən, olub-keçəndən.
- Heç siyasətdən söz açmısınızmı?
- Yox, o siyasətə qarışmır. Deyir siyasət mənlik deyil.
- Bəyin ailəsinin kommunal borcu vardı. O borclar silindimi?
- Bəli, silinib. Heç bir borcları yoxdur. Şükürlər olsun ki, yaxşı dolanırlar.

Ayyət Əhməd