“Mən düz 5 ildir namizəd olmağa hazırlaşıram”
Mehriban Zeynalova: “Seçkiyə daha çox xanım seçiciləri cəlb etmək istəyirəm. Elə mesajlarım da, vədlərim də qadınlara ünvanlı olacaq”
"Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək. Bu barədə məlumatı Mehriban Zeynalovanın özü verib. 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputat olmaq istəyən QHT sədrinin namizədliyi Seçki Komissiyası tərəfindən qeydə alınıb.
Marafona hazırlıq və ümumiyyətlə, parlament seçkisi ilə bağlı "Şərq”in suallarını cavablandıran Mehriban Zeynalova parlamentə düşmək şansını yüksək qiymətləndirib...
- Mehriban xanım, namizədliyinizi vermək qərarına necə gəldiniz? Kimlərsə məsləhət gördü, yoxsa öz istəyinizdir?
- Cəmiyyətdə formalaşan yanlış fikrə əsasən bir çoxları parlament seçkisinə çox az qalmış marafona qatılmaq qərarı alırlar. Ancaq mən bu cür düşünənlərdən deyiləm. Hesab edirəm ki, bir seçki bitən anda o biri seçki başlayır. Namizədliyini irəli sürmək istəyən şəxs uzun periodda buna hazırlaşmalıdır. Mən düz 5 il bundan qabaq namizəd olmaq üçün müəyyən etdiyim ərazidə seçkiyə hazırlıq işlərinə başlamışam. Orada yaşayan insanlarla daimi ünsiyyət qurmuşam, onlara müxtəlif yardımlar etmişəm və s. Düzdür, biz mahiyyət olaraq təşkilat kimi xidmət göstərmişik. Lakin buna baxmayaraq, işimizi parlament seçkisinə hazırlıq istiqamətində aparmışıq. Yəni qərarım gözlənilməz deyil və mənə heç kim təsir etməyib. Mən qanunvericilik sahəsində kifayət qədər biliyə malikəm və insanlarla ünsiyyət qurmaq bacarığım yaxşıdır. Hər zaman istəmişəm ki, qanunvericilik səviyyəsində insanların problemləri ilə məşğul olum. Hesab edirəm ki, parlament səviyyəsində görə biləcəyim kifayət qədər ciddi işlər var.
- Namizədliyinizi irəli sürdüyünüz dairədə yaşayırsınız, yoxsa təşkilatınız orada fəaliyyət göstərir?
- Yox, özüm orada yaşamıram. Amma Sabunçu rayonunda yüzlərlə insana hüquqi və psixoloji yardımlar etmişəm. Orada yaşayan işsizləri işlə təmin etmişəm. Təbii ki, bunlar seçki ilə yox, daha çox mənim gündəlik fəaliyyətimlə bağlı olub. Amma istənilən halda bu xidmətlər təbliğat və təşviqat işinə də öz töhfəsini verəcək.
- Həmin dairədən digər partiyaların da namizədi var. Bu baxımdan gücünüzü, şansınızı necə dəyərləndirirsiniz?
- Mən düşünürəm ki, istənilən seçki prosesində əsas sözü seçici deyir. Amma etiraf etmək lazımdır ki, bu gün seçicilərin seçkiyə münasibəti birmənalı deyil. Bu baxımdan seçiciləri inandırmaq çox çətindir. Əgər buna nail olsaq, bizə səs verəcəklər.
- Bu günə qədər xeyli sayda qadın parlamentə namizədliyini irəli sürüb. O cümlədən siyasi partiyalar da namizəd siyahısında qadınlara yer veriblər. Xanımların qanunverici orqanda təmsil olunma istəyi sizi qane edirmi?
- Təbii ki, qadınların aktivliyini çox müsbət dəyərləndirirəm. Hakim partiyanın namizəd siyahısında qadın adlarını görəndə çox sevindim. Arzu edirəm ki, digər siyasi partiyalar da YAP-dan örnək götürsünlər və xanımlara siyasətdə daha çox yer versinlər. Ən azından çalışsınlar ki, partiyalarında 15-20 faiz qadınlar təmsil olunsun. Hakim partiya bu nümunəni çox yaxşı sərgilədi. Qadınların seçki marafonunda özlərini göstərmək və lazımi səs yığmaq söhbəti isə ayrı məsələdir. Bu, qadınların seçki komponentlərindən düzgün bəhrələnməsindən və nüfuzlarını ortaya qoymaq bacarıqlarından asılıdır. Fikrimcə, müstəqil qaydada namizədliyini irəli sürən qadınların sayının çox olması xanımların qərar qəbul etməsi üçün normal şəraitin yarandığını göstərir. İndiki şəraitdə hər kəs öz gücünü, bacarığını, ideyalarını göstərmək imkanına malikdir. Bu da cəmiyyətdə qadının rolunun artmasına səbəb olur.
- Oktyabrın 10-dan namizədlərin təbliğat və təşviqatına start veriləcək. Sizin rəqiblərinizdən fərqli kampaniya aparmaq, seçki mütəxəssislərindən istifadə etmək fikriniz varmı?
- Namizədliyimi irəli sürdüyüm dairədə məni kifayət qədər tanıyırlar. Fikrimcə, əlavə tanıtıma o qədər də ehtiyac yoxdur. Düzdür, seçki texnologiyasında müxtəlif yeniliklərdən istifadə edilir. Ancaq biz nə qədər müasirləşsək də, həmin ərazinin öz qaydaları, ənənələri var. Ola bilər, bizim yeni texnologiyalarımız orada özünü tam mənada doğrultmasın. Buna görə də xüsusi seçki mütəxəssislərindən, beyin mərkəzlərindən istifadə etmək fikrində deyilik. Biz bölgənin adət-ənənələrinə uyğun təbliğat aparacağıq. Tövsiyə edərdim ki, hər bir namizəd də öz ərazisinin nə qədər əhalisi olduğunu, onların hansı şəhərlərdən gəldiklərini və düşüncə tərzlərini dərindən öyrənsinlər.
- Yəqin ki, seçiciləriniz daha çox qadınlar olacaq...
- Mən də elə düşünürəm. Xanım seçicilərin seçkidə iştirak etməməsi müxtəlif söz-söhbətlərin və bir dizbalansın əmələ gəlməsinə səbəb olur. Ona görə də seçkiyə daha çox xanım seçiciləri cəlb etmək istəyirəm. Elə mesajlarım da, vədlərim də qadınlara ünvanlı olacaq.
İsmayıl