“Mən o qadının adını çəkmək istəmirəm”

“Mən öz oğlumun yas mərasiminə qırmızı pencəkdə necə gedə bilərdim? Mən bunu özümə necə yaraşdıra bilərəm? O mənim qanımdan olan oğlum olub”
Səməd Səmədov keçmiş həyat yoldaşının yalanlarını üzə çıxardı



Xalq artisti Səməd Səmədovun həyatının gizlin məqamları mətbuatın müzakirəsinə səbəb olub. Səməd Səmədovun illərlə gizlətdiyi ilk oğlu barədə şok məlumatlar yayılıb. Bu barədə xalq artisti Səməd Səmədovun ilk həyat yoldaşı Zərifə xanım "Xəzər maqazin”ə gözlənilməz açıqlama verib.

Zərifə xanım keçmiş həyat yoldaşı olan xalq artistini ağır ittihamlarla suçlayıb. Xalq artistinin ilk həyat yoldaşı müğənnini övladını ataraq onu həyatın axarına buraxdığını qeyd edib. Oğlundan imtina etdiyi, ona ata olaraq qayğı göstərmədiyi üçün xalq artistini ürəksiz insan adlandırıb. O, heç vaxt S.Səmədovu bağışlamayacağını söyləyib:

"Yasamalda yaşayanda qonşu idik. 16 yaşım var idi, o da əsgərlikdən gəlmişdi. Qaçdıq, ailə qurduq. 9 ay sonra övladımız doğuldu. 5 il ailəli qaldıq, indiki yoldaşı üstümə gəldi ki, məni bu murdarçılıqdan azad et. Sən gözəlsən, yoldaş tapacaqsan. Bir il sonra mən ikinci dəfə ailə qurmuşam.
Onun oğluna necə nifrəti var idi. Onun vicdanına nə gəldi? O uşaq bir az hörmət qazanmadı ki, ona baxmadın? Oğlum getdi atasının evinə, qapını yoldaşı açdı. Qayıdıb ki, atan məşhur olub deyə gəldin? Oğlum mənə dedi ki, "başımı yerə soxdun. Atam evdə idi, qapıya gəlmədi. Oğlu Anarla isə illər sonra üz-üzə gəliblər, görüşüblər.

Oğlum Səmədin böyük oğlu Anarla görüşüb. Hətta qucaqlaşıblar. Oğlum polisdə işləyirdi, ona dedi ki, nə lazım olsa, gəl. Əsgərlikdə oldu, 2,5 il müharibədə döyüşdü. Bir qızın namusunu qorumaq üçün 47 bıçaq zərbəsi alıb.

Səməd, nə idi səni ondan imtina etməyə gətirən? Oğlum dünyasını dəyişdi, onun üç mərasiminə Səməd qırmızı pencəklə gəlmişdi. Mən yuxarıda idim, Ruhəngiz yanımda oturmuşdu. Havalanmışdım...”.

Bu ağır ittihamlara S.Səmədovun cavabı maraqlıdır. Övladını atmaqda ittiham olunan xalq artisti həqiqətlərini "Şərq”ə danışdı: 

"Mən Azərbaycanın tanınmış sənətçilərindən, xalq artistlərindən biriyəm. Sizcə, bu qədər dar düşüncəli insan oldum ki, övladımdan imtina etdim. Mən o qadının adını çəkmək istəmirəm. Amma inanın, dedikləri ağ yalandı. Biz müsəlmanıq. Mən öz oğlumun yas mərasiminə qırmızı pencəkdə necə gedə bilərdim? Mən bunu özümə necə yaraşdıra bilərəm? O mənim qanımdan olan oğlum olub. Bunu deyən insan Allahından qorxmur ki? Biz sənətçilərin maşınında hər zaman ehtiyat üçün geyim, kostyum olur. Yəni mən o qədər düşüncəsiz oldum ki, doğma balamın məclisinə qırmızı pencəkdə daxil oldum? Mən yad insanların belə yas mərasimlərinə gedəndə qara kostyum, qara geyim geyinirəmsə, bu qədər ağılsız hərəkətə necə yol verərdim? Mənə gülməzdilər? Ayıb olmazdı? Oğlumun anasını 20 ildir görmürəm. Mənim oğlumla münasibətim olub. Oğlumu atmamışam, ondan imtina etməmişəm. İkinci həyat yoldaşımın adını hallandırıb.

 İradə xanım özünə dəyər verən, hörmət edən qadındı. Eminə də övladı kimi yanaşıb. Emin mənim evimdə olurdu, yoldaşım onun qulluğunda ana kimi dayanıb. İnsan nə qədər imanını itirər ki, belə böhtan atar. O qadın 10 günlərlə oğlundan xəbərsiz olurdu. İkinci dəfə ailə qurmuşdu, öz həyatını yaşayırdı. Mən isə övladıma qayğımı azaltmamışam. Onunla ünsiyyətimi kəsməmişəm. Mən ata kimi ondan sevgimi əsirgəməmişəm. Bu qədər yalanı necə deyə bilir? Əgər dedikləri həqiqət idisə, niyə Emin sağ olanda mənim barəmdə mətbuata açıqlama vermirdi? Oğlum sağ olanda mən tanınmış idim. O zaman niyə danışmırdı? İlk nikahımdan olan oğlumla övladlarımın da ünsiyyəti olub. Anar Emindən yaşda kiçik olsa da, onlar görüşürdülər. Çünki mən əvvəldən o şəraiti yaratmışdım. O qadın ağlını itirib. Mənim köhnə qonşularımdan da, bu gün qonşuluq etdiyim insanlardan da maraqlanın. O qonşular da dediklərimi təsdiqləyərlər. Bu qədər yalanı danışmaq üçün Allahı unutmaq lazım idi. Əminəm ki, Eminin ruhu bu gün narahat oldu. Ruhəngiz xanımın adını hallandırır. Onunla da əlaqə yaradın. Görün o qadının dediklərini təsdiqələyəkmi?”.

Zərifə xanım müsahibəsində Ruhəngiz xanımın adını hallandırmışdı. Əməkdar artistlə əlaqə yaratdıq. Ruhəngiz xanım Səməd Səmədovun ilk həyat yoldaşı barədə bunları dedi: 

"Bəli, mən Emin rəhmətə gedəndə o qapıya getmişəm. Zərifə xanıma təsəlli vermişəm. Səmədin çətin, ağır günündə sənət dostu kimi onun yanında olmalıydım. Bu mənim borcum idi. Mən bilmirəm Zərifə xanım nə danışıb. Amma mən Səmədi o məclisdə qırmızı pencəkdə görməmişəm. Övladını itirən ata kimi pis idi. Mən də dərdinə şərik olub o qapını döymüşəm. 

Eminlə Səmədin münasibəti, ünsiyyəti olub. Mən necə deyim ki, Səməd övladını atmışdı. Anası ilə ayrılmışdılar. Hər ikisi ikinci dəfə ailə qurmuşdu. Onların münasibətinə qarışmaq haqqım olmaz. Amma Səməd oğlu ilə maraqlanıb. Mən deyə bilmərəm ki, Səməd ilk nikahdan olan övladından imtina edib. İstəmirəm kimsə ailə münasibətlərində mənim adımı hallandırsın”.

Tahirə