“Mən özümü sübut etmişəm”

Rəfael Dadaşov: “Bizim kimi aktyorları dəvət etmək indi serial çəkənlərə sərf etmir”



Teatr asılqandan başlayır. Amma elə etmək lazımdı ki, aktyor asılqandan asılı qalmasın. Bu isə daha çox aktyorun daxili potensialından asılı olur. Teatr aləmində yazılan qaydalarla yanaşı, yazılmamış qayda-qanunlar da mövcuddur. Bir çox hallarda elə dünyanın hər bir böyük teatrında və hər zamanda teatra diktə edən aktyorlar olur. Onlar istedadları, aktyor potensialları ilə teatra diktə etməyə gücləri çatır.

Azərbaycan teatr aləmində də istər dünən, istərsə də bu gün teatra diktə edən aktyor və aktrisalar olub.
Bu gün "Şərq”in qonağı hələ sovet dönəmində teatra diktə edən aktyorlar sırasında Xalq artisti Rəfael Dadaşovun da adını çəkmək mümkündür. Zamanında Rəfael Dadaşov teatra diktə edən aktyorlardan olub. Əslində bu gün də Xalq artistinin teatrda öz yeri, mövqeyi var. Bu başqa məsələ. Amma vaxtilə bir çox teatr rejissorları quruluş verdikləri tamaşalarda Rəfael Dadaşovu görmək istəyirdilər. Elə əsərin müəllifləri də teatr üçün pyes yazanda elə obrazlar olurdu ki, onları konkret bir aktyoru nəzərə alaraq hazırlayırdılar. Rəfael Dadaşov istər aktyor plastikası, bacarığı, istərsə də qaməti, boy-buxunu, zahiri görünüşü ilə rejissorların diqqətini çəkən sənətçi idi.

Rəfael Dadaşovun "Şərq”ə müsahibəsi yəqin ki, bir çoxlarının yaddaşında qalacaq.

- Xoş gördük, Rəfael müəllim! İstirahət mövsümüdü. Necə dincəlirsiz?

- Sözün düzü, şəhərdəyəm. İstirahətə getməmişəm. Evdə qızımla bir yerdə çay içirik.

- Rəfael müəllim, sizi az hallarda serialda görə bilirik. Dəvətləri qəbul etmirsiz, dəyərləndirmirsiz? Ya başqa səbəb var?

- Düzünü deyim ki, seriallara məni elə tez-tez dəvət etmirlər ki, dəyərləndirim. Demək olar, serial çəkilişlərinə dəvət almıram. Səbəbi də aydındı. Bizim kimi aktyorları dəvət etmək indi serial çəkənlərə sərf etmir. Ona görə də Rəfael Dadaşovu dəvət etməyə ehtiyac görmürlər.

- Yəni maddi baxımdan nəzərdə tutursuz?

- Təbii ki (gülür). Necə deyərlər, ucuz ətin şorbası olmur. İndi çəkilən seriallar da ucuz şorbanı xatırladır. Mənim kimi bahalı aktyorları seriallara dəvət etmək rejissora da, filmin direktoruna da maddi baxımdan sərf etmir.

- Rəfael Dadaşov bahalı aktyor sayılır?

- Əslində bu gün Azərbaycan reallığında heç kim bahalı aktyor deyil. Amma bir var bu gün seriallara çəkilən 50-100 manatlıq aktyorlar, uşaqlar, bir da var bizim nəslin peşəkar, bu günün dili ilə desəm bahalı, sanballı aktyorları. Bəli, mən özüm 50 manatlıq aktyor deyiləm. Elə ona görə də çəkilən serialların əksəriyyəti primitiv, bəsit və maraqsız görünür.

- Sizin üçün ilk növbədə dəvət olunanda maddi tərəf, yəni qonorar önəm daşıyır?

- İlk növbədə maddi tərif soruşmalıyam. Mən sənətimə dəyər verirəm. Sənətimin qədrini bilirəm. Yaradıcılıq ucuz, bazara qoyulan mal deyil ki, onu necə gəldi satasan. Mənim üçün təbii ki, yaradıcı tərəfin önəmi daha böyükdü. Ola bilər ki, mənə gələn təklif yaradıcılıq baxımından o qədər mənim ruhuma cavab verdi ki, mən orda maddiyatı ikinci planda görərəm. Yəni obraz məni qane edirsə, ssenari primitiv deyilsə, orda mən aktyor olaraq həm də rolumdan zövq alacamsa, burada müəyyən güzəştlərə gedə bilərəm. Amma yenə də mən ucuz serial aktyoru olmağı özümə yaraşdırmıram.

- Rəfael Dadaşov vaxtilə teatra diktə edən aktyor olub. Sizə qısqanclıqla yanaşan olurdumu?

- Qısqanclıq deməzdim. Qısqanclığa səbəb olmalıdı. Mən özümü aktyor olaraq hər obrazımda təsdiq etmişəm. Mənə həvalə olunan obrazları da peşəkar şəkildə, o obrazı yaşayaraq oynamağa çalışmışam.

- Deyirsiz paxıllıq etməyiblər sizə?

- Yooo, paxıllıq başqadı. Paxıllıq hər bir insanın xislətində az-çox olur. Yəqin ki, paxıllıq edən də olub. Amma bunu büruzə verməyiblər çox. Mən çünki oynadığım obrazlara əməyimi vermişəm, obrazla xaltura etməmişəm. Paxıllıq etsə də, bunu dilə gətirməyə sözləri olmayıb bəlkə də. Paxıllıq bir də insana stimul verir. Sənə paxıllıq edirlərsə, çalışırsan ki, özünü bir daha sübut edəsən. O zamanlar mənə məktublar çox gələrdi. Sevgilərini bildirərdilər. O sevgi və tamaşaçı istəyi məni bütün o paxıllıq mühitindən uzaq saxlaya bilirdi. Bilirsiz, aktyoru sevgi yaşadır. Mən həmişə deyirəm ki, sevin məni. Sevgi məni qocalmağa qoymur.

- Köhnə dostlarınız, tərəf-müqabilləriniz üçün darıxan vaxtınız olurmu?

- Əlbəttə. Mən dostluğu çox önəmli sayıram. Çünki dostluq həyatda insanı güclü edən amillərdən biridir. Dostluq həyati durumda vacib məsələdi. Dostu olmayan insana kasıb insan olaraq baxıram. Düzdü, şair demişkən, insanın bir, ya iki dostu olar. Amma bu dostluq varsa, o dostluğa dəyər vermək lazımdı. Həyatımda önəm verdiyim dostlar var. Qaldı səhnədə, teatr aləmində də dost dediyim insanlar var.

- Bugünkü aktyorlarla sizin dönəmin aktyorları arasında hansı fərq var?

- Bilirsiz, məsələ ondadır ki, Rəfael Dadaşov özü birdən-birə Rəfael olmayıb. Bunun üçün illər lazım olub. Bizim dönəmin aktyorları yetişirdilər, teatra gələn gündən öyrənməyə, nəyisə qazanmağa, nəyisə əldə etməyə çalışırdılar. Sadəcə bir böyük fərq var. Səhnədə olan gənc aktyorlar öyrənməyə maraqlı deyillər. Əgər səhnədəsənsə, öyrənməyi bacar. Onda səndən güclü aktyor olacaq. Bacar öyrən. İndikilər öyrənməyi sevmir. Paylaşmağı sevmirlər. Tərəf-müqabilindən yaxşı nə varsa, onu götürməyi öyrən. İndiki gənclərdə bu, çatışmayan məqamdı. İndikilər özlərindən razıdılar, öyrənməyə maraqlı deyillər. Fərq bundadı. İndiki gənclərlə bizim fərqimiz o idi ki, biz öyrənməyə çalışırdıq. Ona görə yox ki, özümüzü balaca sayırdıq, tələbə sayırdıq. Ona görə ki, özümüzdən böyükləri görməyi bacarırdıq. Bizim dönəmdə biz elə böyük, karifey sənətkarlarla bir yerdə çalışmışıq ki, bu gün onları yalnız xəyallarda arzulamaq olar. Amma biz onların yanında özümüzdən razılıq etmirdik. Onlar bizə dəyər verəndə belə bunu reklam etmirdik. İndikilər ustad tanımırlar. İndikilər deyir ki, məndən başqa səhnədə heç kim yoxdu. İndikilər arasında bacarıqlı aktyorlar var. Görürsən ki, istedadı var. Amma paylaşmağı bacarmırlar. Özlərindən razılıq çoxdu. Yenə deyirəm, indikilər özündən razıdılar. Biz böyük sənətkarların yanında özümüzü tələbə sayırdıq. Bu, aktyoru sənətkar kimi formalaşdıran məqamdı. Gənclər özlərindən razıdılar. Bir var özünə güvən, bu gözəl xüsusiyyətdi. Bir də var özündən razılıq. Mən bilmirəm indiki gənclərin aqibəti necə olacaq? Yəqin ki, bayaq dediyim ucuz şorbanı xatırladan serialların aqibətindən fərqləri olmayacaq. Bu gün çəkilən seriallar necə bir mövsüm üçün nəzərdə tutulubsa, indiki gənc aktyor bazası da onu xatırladır.

- Türk seriallarını izləyirsiz?

- Arada izləyirəm. Düzünü deyəcəm, onlara bir az paxıllığım tutur. Bu yaxınlarda "Möhtəşəm yüz il” serialının çəkiliş meydançasında baş verən kadrlarını izlədim, çox maraqlı gəldi. Adamın onların aktyorlarına paxıllığı tutur. Həmin verilişdə filmin texniki bazasını da göstərdilər. Onların imkanlarını görəndə bir daha əmin olursan ki, hə, bu insanlar ciddi sənətlə məşğul olurlar. Bizdə hələ film seti, çəkiliş meydançası bu imkanlara hazır deyil. Yenə gəlib çıxır maddiyata, ucuz şorba məsələsinə. Türkiyədə ucuz serial çəkilmir. Ona görə də onların aktyorlarının qonorarları bizlər üçün qeyri-real görünür.

- Rəfael Dadaşov qocalmaqdan qorxmur?

- Çox maraqlı sual oldu. Mən sabah anamın ilini vermək üçün yola düşəcəm. Maraqlısı odur ki, anam dünyasını dəyişən günə qədər mən özümü hər yaşda ərköyün uşaq hesab edirdim. Anam gözünü yumana qədər də mən böyüməmişdim. Artıq anam dünyasını dəyişən gündən hiss etdim ki, böyüdüm. Valideyn hər yaşda insana lızım olur və sağ olana qədər sən böyümürsən. Mən anamdan sonra böyüdüm. Yetim qaldım. Həyata daha fərqli baxmağa başladım. Rəfael Dadaşov o yaşa qədər böyüməmişdi, elə ərköyün bir oğlan idi. Anamın ölümü məni həqiqətən böyütdü, həm də bir gecədə.

Tahirə Məmmədqızı