“Atam-anam məni dünyaya gətirib, məktəbə göndərib, təhsil verib, tərbiyə veribsə, Zəlimxan Yaqub da mənə həyat məktəbi keçib”
“Mən yerlipərəst deyiləm”
Zirəddin Cəfərov: “42 ildir eyni işdə çalışsam da, bir gün də olsa işimdən bezmədim”
“Atam-anam məni dünyaya gətirib, məktəbə göndərib, təhsil verib, tərbiyə veribsə, Zəlimxan Yaqub da mənə həyat məktəbi keçib”
“Atam-anam məni dünyaya gətirib, məktəbə göndərib, təhsil verib, tərbiyə veribsə, Zəlimxan Yaqub da mənə həyat məktəbi keçib”
Nəşriyyat işi ilə, qəzet, jurnal, kitab çapı ilə yaxından-uzaqdan əlaqəsi olan şəxslərin demək olar ki, hamısı onu tanıyır. Çünki ömrünün 40 ilindən çoxunu bu işə sərf edib. Azərbaycanın o şairi, yazıçısı, jurnalisti olmaz ki, o, hansınısa tanımasın. Söhbət 42 ildir "Azərbaycan” nəşriyyatında işləyən Zirəddin Cəfərovdan gedir. Bu günlərdə 60 illik yubileyini qeyd edəcək Zirəddin Cəfərov 1956-cı il iyulun 1-də Tovuz rayonunun Böyük Qışlaq kəndində kolxozçu ailəsində anadan olub. 1963-cü ildə kənd orta məktəbinə gedib, orta təhsilini əla qiymətlərlə başa vurub.
1974-cü ildə indiki Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin axşam şöbəsinə daxil olub. Həmin ilin oktyabr ayından etibarən "Azərbaycan” nəşriyyatında işləməyə başlayıb. Nəşriyyatdakı işi o illərdən bu yanadır davam edir. 40 ildən çoxdur bu məkanda fəaliyyət göstərən Zirəddin müəllim müxtəlif vəzifələrdə olub. Elə söhbətimizə də nəşriyyatdakı 42 illik iş həyatından başladıq.
- 1982-ci ilə qədər nəşriyyatın yığım sexində müxtəlif peşələrdə işləmişəm. 1982-ci ildən 1988-ci ilə qədər istehsalat şöbəsində fəaliyyət göstərmişəm. 1988-ci ildə isə o vaxtlar yüksək çap sexi vardı ki, oranın rəisi keçmişəm. Müstəqillik illərində kompyüterləşmə başlayanda yüksək çap sexi fəaliyyətini dayandırdı. Adı dəyişib oldu geniş istehlak mallar sexi. Ondan sonra həmin sexin rəisi oldum. Hazırda cild və KHS-də fəaliyyətim davam edir. Bu illər ərzində bir neçə dəfə struktur dəyişikliyi etmişik. 42 ildə çox insanlar görmüşəm, o qədər qəzet-jurnal çapının şahidi olmuşam. O vaxt qəzetlər indiki kimi deyildi, yüksək tirajla nəşr edilirdi. Ən az tirajı olan qəzetin 150-200 min nüsxəsi nəşr olunurdu. Yüz minlərlə tirajlı kitablar nəşr edilirdi. Nəşriyyatda mən kimləri görməmişəm ki... Görkəmli yazıçılar, şairlər gəlirdilər, kitabları çap edilirdi. Çoxları ilə tanışlığım, ünsiyyətim olub. Azərbaycanda o şair-yazıçı olmaz ki, onunla bir dəfə də olsun qarşılaşmayım.
- Yəni kitabları çap olunan yazıçı-şairlər gəlirdilər nəşriyyata, maraqlanırdılar əsərlərinin çapı ilə...
- Əksəriyyət gəlirdilər, maraqlanırdılar. Çoxu ilə dostluq əlaqələrim vardı. Onların içərisində mənə ən doğma, ən yaxını olan rəhmətlik Zəlimxan Yaqub olub. Zəlimxan müəllimlə tələbəlikdən dost idik. Çox yaxın idik.
- Yəqin ki, şairlə çox xatirələriniz olub...
- Əlbəttə. Zəlimxan qağamla o qədər xatirələrim var ki. Onları yada salıb kövrəldiyim, qürur duyduğum anlar hər gün olur bəzən. Mən Zəlimxandan həyata baxışı öyrəndim, milləti sevməyi öyrənmişəm, məclislərdə özünü aparmağı öyrənmişəm. Atam-anam məni dünyaya gətirib, məktəbə göndərib, təhsil verib, tərbiyə veribsə, Zəlimxan Yaqub da mənə həyat məktəbi keçib. Demək olar ki, özümü biləndən Zəlimxanla dostluq etmişəm. Və bu dostluğumuz təmənnasız, şirin olub.
- Dediniz ki, yüz minlərlə tirajlı kitablar çap olunurdu. Həmin vaxt işlər də yəqin ki, çox olurdu. Bu qədər işin öhdəsindən gəlmək çətin deyildi ki? Mən bilirəm nəşriyyat işinin, çap işinin çətinliyini. Əsasən də bu iş gecə gec saatlara qədər davam edən prosesdir...
- İndikinə baxanda, texnika o qədər inkişaf etməmişdi. Amma işin strukturu elə qurulmuşdu ki, çox da yorucu deyildi. Təsəvvür edin üç növbə dəyişirdi bir sutka ərzində. Həm də işləyən insanların sayı çox idi. Təbii ki, çətinliklər olurdu. Amma qrafiklə, iş öz axarı ilə gedirdi.
- 42 il eyni bir yerdə, eyni bir işdə çalışmaq yorucu deyilmi? Eynilik yormayıbmı bu illər ərzində?
- Məsələ orasındadır ki, bu 42 ilin 2 gününü tapa bilmirəm ki, bu iki gündə eynilik olsun. Hər günün öz rəngarəngliyi, yeni işi olub. Yəni günlər fərqli olduğu üçün bəlkə də 42 il yorucu olmadı. Bu gün bir kitabı çap eləmişik, sabah başqa bir kitab çap edilib. Yəni biri-birindən fərqli, maraqlı kitab, qəzet, yığım işləri həyata keçirilib. Həm də mən səbrli insanam. İşimdən sıxılmamışam.
- Heç hansısa dönəmdə ağlınızdan keçibmi ki, başqa bir işə gedəsiz, fərqli bir sahədə fəaliyyət göstərəsiz?
- Mən ixtisasca riyaziyyatçı olsam da, nəşriyyat işinə bağlanmışam. Bu sanki mənim üçün bir mənəvi bağlılıqdır. Qəzet, jurnal, kitab çapı mənə hər zaman maraqlı olub. Ona görə də bu işimə bağlıyam, sevirəm. Heç vaxt işimi dəyişmək haqqında düşünməmişəm də. Bəlkə də özümü başqa sahədə görə bilməmişəm.
- Kompyüterlə işləmirsiz deyəsən...
- Bizim işimiz çapla bağlıdır deyə, kompyüter ehtiyacı o qədər yoxdu deyə, istifadə etmirəm. Cildləmədir, zərflərin, qutuların hazırlanmasıdır. Yəni faktiki olaraq kompyüterə ehtiyac yoxdur.
Amma ehtiyac olmayan yerlərdə də bu gün stol üstündə kompyüter olur. İnternetdən istifadə ehtiyacını mobil telefon vasitəsilə ödəyirəm.
- Zirəddin müəllim, doğulduğunuz bölgənin insanlarına yerlipərəst deyirlər. Siz yerlipərəstsinizmi?
- Açığını deyim ki, mən yerlipərəst deyiləm. İnsanlara tutduğu mövqeyə və şəxsiyyətinə görə qiymət verirəm. Mənim müxtəlif bölgələrdən olan dostlarım, tələbə yoldaşlarım, iş yoldaşlarım var ki, onlarla uzun illərdir çox yaxın münasibətdəyəm.
- Ziyanlıdırmı yerlipərəstlik?
- Əslində ziyanlı tərəfləri çoxdur. Ayrıseçkilik düzgün yanaşma deyil. Daha yaxşı olar ki, bu hiss bir bölgənin pərəstişi yox, ümumi millətpərəstlik kimi aşılansın. Bizim bədnam qonşularımız olan ermənilərin bir xüsusiyyəti var - millətpərəstdirlər. Dünyanın harasında olmalarından asılı olmayaraq "hayes-hayes” deyirlər.
- Bildiyim qədər məclis adamısız. Çox adamlarla məclislərdə olmusuz. Ən maraqlı, yadınızda qalan məclis, hadisə danışa bilərsizmi? Yəni yaddaşınızın bir küncündə həmişə saxladığınız bir əhvalat varmı?
- Maraqlı, yaddaqalan hadisələr, əhvalatlar çox olub. Uzun illərdir bir yerdə işlədiyim, ailəvi dostum Muxtar Quliyevin doğulduğu kənddə, Qazaxın Daş Salahlı kəndində idik. Kənddə olanda getdik Damcılı bulağında yeyib-içməyə... Məclisdən sonra gecə gec saatlarında Bakıdakı dostları narahat etmək istədik. O vaxtlar mobil telefonlar yox idi. Bulaq yaxınlığında Gil İdarəsi vardı. Getdik o idarənin telefonundan bir-bir Bakıdakı dostlara zəng edib, narahat edirdik. Sualım da bu olurdu ki, - yatırsanmı? Gecənin o vaxtı adam neyniyər, yatar da. İndi də həmin dostlarla görüşəndə o əhvalatı gülərək xatırlayırıq.
- Tovuzla əlaqəniz varmı? Yəni gedib-gəlirsizmi?
- Əlbəttə, mən Tovuza çox bağlı adamam. Bir yerdə ki göz açasan, oranın havası ilə, suyu ilə, çörəyi ilə böyüyəsən. Kəndimizdə evimiz var. Demək olar ki, mən həmişə istirahətimi öz kəndimizdə keçirirəm. Azərbaycanın ən səfalı yerlərindən biri, Əsrik dərəsi mənim doğulduğum kəndin ətrafıdırsa, başqa yerdə istirahət etməyə nə lüzum var?!
- 60 yaş az yaş deyil. Hər bir insan özü-özünə hesabat verir. Bu illərdə nələri etmədiyinizi düşünürsüz, nəyi etmədiyinizə görə təəssüflənirsiz?
- Hər bir insanın həyatında sevindiyi də, təəssüfləndiyi də məqamlar olub. Məndə də olmamış deyil. Bacardığım qədər çalışmışam ki, işlərimin öhdəsindən gəlim, ailəmin problemlərini həll edim. Yeganə təəssüfləndiyim hal elm arxasınca getməməyim olub. Mən orta məktəbdə də, universitetdə də yaxşı oxumuşam. Bəzən düşünürəm ki, bəlkə elm arxasınca getsə idim, bu sahədə daha da böyük nailiyyətlərim ola bilərdi. Amma nəşriyyat sahəsinə gəlməyimdən də peşman deyiləm. O qədər insanlarla təmaslarım olub ki. Nəşriyyatda Ağabəy müəllim (Nəşriyyatın baş direktoru Ağabəy Əsgərov - A.B) yeddinci direktordur ki, onunla işləyirəm.
- Yeddi direktorla işləmək elə də asan deyil. Hər kəsin bir xarakteri var. Bu, çətin olmayıb sizə görə?
- Təbii ki, hər kəsin özünün xüsusiyyəti var. Mən həmişə çalışmışam ki, işləri rəhbərin tələblərinə uyğun həyata keçirim. Ona görə də mənə elə də çətin olmayıb.
- Yubiley yaşınızı necə qeyd edəcəksiz? Ümumiyyətlə, ad günü keçirməkdə maraqlı insansızmı?
- Mən deyə bilmərəm ki, ad günü heç vaxt keçirməmişəm. Məsələn, 40 yaşımda da, 50 yaşımda da məclis qurulub, hər iki yubileyimdə də Zəlimxan Yaqub aparıcılıq edib. Aşıqlı, sazlı-sözlü ad günlərim keçirilib. Amma daha böyük, dəbdəbəyə o qədər də meyilli deyiləm. Əlbəttə, ailəmlə, dostlarımla, mənə yaxın olan insanlarla 60 illik yubileyimi qeyd edəcəm. Təbii ki, doğmalarım, oğlanlarım, gəlinlərim, nəvələrim, bacılarım və onların övladları ad günümdə həmişəki kimi ətrafımda olacaqlar. Çox da böyük olmayan bir məclis olacaq. Doğum günümə ən böyük hədiyyəni isə uca Tanrımız dördüncü nəvə payı verməklə sevindirdi.
P.S. Biz də "Şərq” qəzetinin kollektivi olaraq Zirəddin müəllimi təbrik edir, ona uzun ömür, sağlam həyat, xoş günlər, uğurlu fəaliyyət arzulayırıq.
Anar Bayramoğlu