“Mənə cəza verməyə çalışırlar”

Qubad İbadoğlu: “Hətta passiv fəaliyyətimiz belə qarşı tərəfi təşvişə salır”


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun Müsavat Partiyası rəhbərliyinə birgə müzakirələrlə bağlı irəli sürdüyü təklif qurum rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb. Təklifin yanvarın 31-nə, yəni Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı anım tədbirlərinin keçirildiyi günə təsadüf etməsi Müsavat rəhbərliyinin birgə müzakirələrdən imtinasına səbəb olub.

Hətta narazıların birgə müzakirə təklifindən sonra tərəflər yenidən bir-birini ittiham etməyə başlayıblar. Müsavat başqanı Arif Hacılı öz "facebook” səhifəsində Qubad İbadoğlunu Müsavata zərbə vuran şəxs adlandırıb. Q.İbadoğlunun tərəfdarları isə partiya rəhbərliyini tənqid atəşinə tutublar. Bütün bu məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran Müsavat Partiyasının başqanlığına keçmiş namizəd, ADR sədri Qubad İbadoğlu vəziyyətin bu yerə gəlib çatmasına qarşı tərəfin səbəb olduğunu deyib və partiya rəhbərliyinin ona ünvanladığı ittihamları haqsız sayıb.

- Bəy, nəyə görə sizin birgə müzakirə təklifiniz Müsavat rəhbərliyi tərəfindən aqressiya ilə qarşılandı?

- Biz demişdik ki, əvvəlcə M.Ə.Rəsulzadənin doğum günü ilə bağlı keçirilən anım tədbirində iştirak edərik, sonra partiyanın qərargahına gələrək məsləhətləşmələr apararıq. Təklifin mahiyyəti bu idi. Bizim istəyimiz Nizamnamə pozuntusu deyil və heç kim də buna qadağa qoya bilməz. Sadəcə, qarşı tərəfin xoşlamadığı şey məsləhətləşmələrin mövzusudur. Amma onlar etirazlarını başqa cür əsaslandıra da bilərdilər. Çünki biz demirdik ki, müzakirələr yalnız partiyadaxili demokratiyadan və qurumdan xaric edilənlərlə bağlı olsun. Biz partiyanın gələcək inkişaf strategiyasını da müzakirə edə bilərdik. Sözün açığı, ciddi şəkildə düşünürdüm ki, bu tədbir partiya tərəfindən müsbət dəyərləndiriləcək və fəaliyyətimiz üçün əngələ çevrilən problemlərə son qoyulacaq. Bilirsiz ki, bəzi rayon təşkilatlarının üzvləri partiya sıralarından müxtəlif bəhanələrlə xaric olunurlar. Halbuki həmin şəxslər uzun müddət qurum üçün fədakarcasına fəaliyyət göstərib və partiyaya görə illərlə həbsdə yatıblar. Biz istəyirdik ki, qarşı tərəf bu məsələlərə aydınlıq gətirsin.

- Əgər təklifiniz 31 yanvara deyil, hər hansı başqa günə təsadüf etsəydi, qarşı tərəf indiki kimi kəskin reaksiya verərdimi?

- Çox güman ki, hə. Çünki onlar ortaq məxrəcə gəlməkdə maraqlı deyillər. Əslində təklifin M.Ə.Rəsulzadənin doğum gününə təsadüf etməsi səbəbsiz deyildi. Biz hesab edirdik ki, həmin gün qarşı tərəflə aparılan müzakirələr partiyanın qurucusu M.Ə.Rəsulzadənin ruhunu şad edərdi. Yəni biz toplantıda birlikdən, həmrəylikdən, barışdan danışardıq və bu problemlər də beləcə həllini tapardı.

Ancaq görünür, qarşı tərəfə anlaşma lazım deyil. Ümumiyyətlə, bizim partiyadakı fəaliyyətimiz Müsavat rəhbərliyini çox ciddi narahat edir. Hətta passiv fəaliyyətimiz belə qarşı tərəfi təşvişə salır. Buna görə də partiyada əks fikirlərə malik olan adamları qurumdan xaric etməklə hədələyirlər. Hazırda Müsavatın mövqeyi bundan ibarətdir. Ancaq partiyadaxili demokratiyanın və inkişafın təmin edilməsi üçün ortaq görüşlərin, məsləhətləşmələrin aparılması olduqca vacibdir.

- Müsavat rəsmiləri iddia edirlər ki, başqan Arif Hacılı dəfələrlə narazı tərəfə müzakirələr aparmaqla bağlı təklif göndərib. Amma onlar hər dəfə müxtəlif bəhanələrlə belə görüşlərdən imtina ediblər. Sizə təkliflər olubmu?

- Onlar tərəfdən bizə heç bir dəvət olmayıb. Əvvəla, mən özüm Arif Hacılı ilə görüşmüşəm və müzakirələr aparmışam. Amma o zaman onun özünə də dedim ki, mən ikitərəfli və yaxud bir neçə adamın iştirakı ilə bağlı qapılar arxasında görüşlərin keçirilməsinin tərəfdarı deyiləm. Ona görə də təkid edirəm ki, müzakirələrimiz daha geniş formatda, açıq və səmimi şəkildə keçirilsin. Xatırladım ki, Müsavat Partiyasının 23 noyabr tarixində Respublika müşavirəsi olub və mən həmin müşavirədə iştirak etmişəm. Həmçinin, Müsavatın qurultayından narazı olan digər adamlar da orada iştirak ediblər. Biz çıxışlar edərək konkret mövqeyimizi ortaya qoymuşuq. Yəni demək istəyirəm ki, nə vaxt dəvət ediblərsə, biz buna müsbət yanaşmışıq. Amma 18 noyabrdan indiyə qədər olan aramızdakı problemlər həll olunmayıb. Bu baxımdan biz təşəbbüs göstərdik və həm təklif olaraq, həm də rəsmi müraciət edərək problemləri həll etmək istiqamətində addım atdıq. Ancaq təəssüflər olsun ki, partiya rəhbərliyi təklifimizi süngü-bıçaqla qarşıladı və hay-haray saldı ki, guya biz Müsavata zərbə vururuq, parçalayırıq və s. Əgər əllərində arqument olsaydı, müzakirələrdən qaçmazdılar.

- Müsavat başqanı Arif Hacılının barənizdə yazdığı ittihamlarla bağlı nə deyə bilərsiz?

- Arif Hacılının dedikləri yanlışdır. Müsavat rəhbərliyi partiya daxilində baş verənləri kiminsə üzərinə atmaqda israrlıdır. Bu, partiyanın son 4 ayda uğursuzluğundan ortaya çıxan bir nəticədir. Təkcə Arif Hacılı deyil, eləcə də Divan üzvlərinin belə statusları sosial şəbəkələrdə yayılır. Deyilənlər hamısı yalandır. Heç birinin əsası yoxdur, arqumentsizdir. Sadəcə olaraq son günlər aktiv fəaliyyətimizdən narahat olan partiya rəhbərliyi sistemli şəkildə, mərkəzləşdirilmiş qaydada əleyhimə statuslar yazmaqla, mətbuata müsahibələr verməklə ictimai rəyi və partiya üzvlərini çaşdırmaq istəyir.

- Müsavatın Divanında iştirak etməyinizlə bağlı sizə dəvət göndərildi, amma qəbul etmədiniz. Dəvəti geri çevirməyinizin səbəbi nə idi?

- Divana dəvət olunmağım dialoq təklifimin qarşısını almaq məqsədi daşıyır. Onlar bununla öz rəhbərliklərini sübut etməyə və bir növ mənə cəza verməyə çalışırlar. Mən dəvət məktubu ilə gələn Səxavət Soltanlıdan da soruşdum ki, məni niyə çağırırlar və orada nəyi müzakirə edəcəklər? O da dedi ki, Divanda sizin davranışlarınızın Nizamnaməyə uyğun olub-olmaması müzakirə olunacaq. Əgər mənim davranışlarımla bağlı problem varsa, onda buyursunlar, partiyanın Nəzarət-Təftiş Komissiyasına müraciət etsinlər. Komissiya da mənim barəmdə rəy hazırlasın. Mənim Divanda iştirak edərək oradakılara deməyə sözüm yoxdur. Əgər gələcəkdə partiyanın fəaliyyətində ciddi dəyişikliklər olarsa və nələrinsə müzakirəsinə ehtiyac yaranarsa, o zaman Divanda iştirak edərəm.

- Gülağa Aslanlı deyib ki, əgər Divanda iştirak etsəniz, sizə müəyyən suallar verəcək. Belə çıxır ki, həmin sualların nədən ibarət olduğunu öyrənmək üçün mütləq dəvəti qəbul etməlisiniz...

- Həmin sualları cavablandırmaq üçün ora getməyim vacib deyil. Əgər istəsələr, o sualları mənə istənilən vasitə ilə çatdıra bilərlər. Mən də onların cavablarını verərəm. Amma qarşı tərəfin məqsədi başqadır. Təsəvvür edin, Müsavat rəhbərliyi bütün iş-gücünü kənara qoyaraq, ayrı-ayrı şəxslərin Nizamnamə qaydalarına əməl edib-etməməsiylə bağlı təftişçilik ruhunda təmizləmə əməlliyyatı aparır. Belə fəaliyyət olar? Bu, Müsavat Partiyasına yaraşan hərəkət deyil. Müsavat daxildəki demokratiyası ilə, üzvlərinin söz azadlığı ilə başqalarına örnək olmalıdır. Çünki biz özümüz bu gün iqtidardan bunları tələb edirik.

İsmayıl