"Mənzil bazarlarında müəyyən canlanma yaransa da..." - EKSPERT




"Mənzil bazarında qiymət artımına təsir göstərəcək hər hansı ciddi amil yoxdur”.

Bu barədə Sherg.az-a mənzil bazarlarındakı son durumla bağlı danışarkən əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib. 

O bildirib ki, ipoteka kreditlərinin bərpasından sonra əmlak bazarlarında müəyyən canlanma yaransa da, bu, ciddi dəyişikliyə gətirib çıxartmadı:

"Aktivliyin artması qiymət azalmasının qarşısını ala bildi. Hətta bəzi ərazilərdə qiymətlərdə nisbi artımlar müşahidə olunurdu. Amma bu müvəqqəti xarakterlidir. Çünki ipoteka kreditləri bazarın çox cüzi hissəsini təşkil edir. Ümumi bazar əməliyyatları üzrə ipotekanın normal hallarda çəkisi 5-10 faiz arasında dəyişir. Bu da, ciddi təsir demək deyil. Amma uzun müddət dayanmış prosesə ipoteka kreditlərinin bərpası müəyyən təsir göstərdi və qiymətlər stabilləşdi. Qarşıdakı aylarda mənzillərin qiymətlərinin artacağını düşünmək düzgün olmaz. Qiymət artımını şərtləndirəcək səbəb yoxdur.

Şəhərsalma istiqamətində atılan addımlar, digər istiqamətlərdə bazara pul axınlarını şərtləndirən sahələrə edilən inzibati müdaxilələr əhəmiyyətli təsir göstərmir. Bu səbəbdən hesab etmirəm ki, müsbətə doğru qiymət dəyişikliyi baş verə bilsin. Mənzil bazarlarında qiymət artımı daha çox makroiqtisadi amillərdən - neftin qiymətinin və ölkənin gəlirlərinin artmasından asılı ola bilər. İndiki şəraitdə isə bu artım real deyil”.

Ayyət Əhməd