"Mənzillərdə yaşayış olmasa belə, kommunal ödənişlər edilməlidir"

Sahib Məmmədov: "Bütün hallarda blokun təmizliyi, işığın yandırılması, liftin işləməsi və s kimi hallar üçün ödəniş olunmalıdır"


"Mənzillərdə yaşayış olmasa belə ümumi istifadə haqlarını-blokun təmizlənməsi, işıqlamdırlması, lift pulu, zibilin daşınması və başqa məsələlərlə bağlı pul yığa bilərlər”.

Bunu Sherg.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. O bildirib ki, özəl binalarda bu pullar yığılır:

"Məlum məsələ qanunvericiliklə tənzimlənmir. Mənzilin daxili və mənzilin yerləşdiyi binanın ümumi mülkiyyətdə olan hissələri fərqli sahələrdir. Bu prosesləri idarə edən qurumlar mənzillərdə yaşayış olmasa belə, ümumi istismar pulunu yığırlar. Çünki ümumi istifadə üçün nəzərdə tutulan bu xərclər ödənilməlidir. Mənzilin daxilində istismar üçün xərcləri sakinlər özləri çəkir. Evin içinə, daşınmaz əmlaka görə bələdiyyəyə vergi də ödənilməlidir.

Məntiqlə bunlar həll edilir, normativ sənədlər bu məsələləri tənzimləmir. Əslində binanı tikən şirkət müəyyən müddətdən sonra həmin ümumi sahələri də sakinlərin istifadəsinə verməlidir. Bunu etmirlər, öz əllərində saxlayıb, kommersiya mənbəyinə çevirirlər. Amma bütün hallarda blokun təmizliyi, işığın yandırılması, liftin işləməsi və s kimi hallar üçün ödəniş olunmalıdır. Məsələn, əgər bir blokda yaşayanların sayı yaşamayanlardan az olarsa,onda necə olmalıdır? Belə çıxır ki, yaşayanlar yaşamayanların əvəzinə pul ödəməlidir. Bu da doğru və məntiqli yanaşma deyil.     
 
Qeyd edək ki, son illər yaşayış olmayan mənzillərdən kommunal xidmətlərlə bağlı vəsaitin tələb olunması həmin mənzil sahiblərinin etirazına səbəb olub. 

Aysel Aslan