Mətbuatda xəbər oğurluğu çoxalıb

Anar Niftəliyev: “Bütün dünyada mühüm rəsmi xəbərlərin hamısı istinadsız yayımlanır, özəl mənbələrlə yayılan xəbərlərdə isə hiperlink istinadları olur”
Vüqar Zifəroğlu: “Bu cür “yazarları” ifşa etmək lazımdır ki, onlar ən azından jurnalist cameəsinin qınağına tuş gəlsinlər”



(...əvvəli ötən sayımızda)

Müəllif hüquqları məsələsi xeyli vaxtdır ki, jurnalistika üçün ciddi problemə çevrilib. Problemi gündəmə gətirən ekspertlər isə bu məsələnin nizamlanması gərəkdiyini düşünür. Çox təəssüf ki, mediada plagiatlıq, müəllif hüquqlarının pozulması kimi hallar son zamanlar pik həddə çatıb. İstər elektron KİV, istərsə də yazılı mediada bəzən xəbərlər, tutarlı məlumatlar ilkin mənbəyinə istinad olunmadan verilir, bir növ özəlləşdirilir. Bəzən hətta müəllif yazılarından da istinadsız istifadə olunur.

Cümlələr, ifadələr olduğu kimi verilir, lakin fərqli imza altında. Sadə dillə desək, jurnalistikada da, xəbərçilikdə də oğurluq halları artıb. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) də bu günlərdə keçirdiyi "KİV və müəllif hüquqları” adlı konfransda plagiat mövzusu ətrafında geniş müzakirələr aparıb. Təşkilat rəhbəri Müşfiq Ələsgərli müəllif hüquqlarının pozulmasından gileylənib. Jurnalistikada müəllif hüquqlarının qorunması məsələsini dəyərləndirən ekspertlərin fikirlərinə keçməzdən əvvəl məlumat üçün bildirək ki, müəlliflik hüququ - elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi və əmlak hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Müəlliflik hüququ ilə qorunan obyektlər sırasına ədəbi əsərlər, məlumat nəşrləri, qəzetlər və jurnallar, rəsmlər, fotoşəkillər və digər təsviri sənət əsərləri və s. daxildir. Müəllif hüquqlarının qorunması - mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Onu da deyək ki, müəlliflik hüququ və əlaqəli hüquqlar müəllifləri və hüquq sahiblərini tanımaqla və ədalətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır. Müəllif hüquqlarının təminatı xüsusi hüquq sistemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyev mediada müəllif hüquqlarının qorunması məsələsinə baxışının bir qədər fərqli olduğunu deyib: "Əslində, bu təsəvvürümün formalaşmasına dünya mediasında baş verən proseslər səbəb olub. Bütün dünyada mühüm rəsmi xəbərlərin hamısı istinadsız yayımlanır, özəl mənbələrlə yayılan xəbərlərdə isə hiperlink istinadları olur, ancaq əlbəttə ki, bu istinad zamanı xəbər olduğu kimi təqdim olunmur, bir qədər genişləndirilir, şərhçilərin və ya rəsmilərin münasibəti əlavə edilir və s. Azərbaycanda hiperlinklə istinadı ilk olaraq Axar.az saytı tətbiq edib və bunu maksimum qorumağa çalışırıq. Sevinirəm ki, bizdən sonra bu ənənə genişlənməkdədir. Bircə fərq var ki, biz də dünya mediasında olduğu kimi, mətnə toxunmadığımız istinadı yazının müəllifi olaraq imza yerində verirdik, ancaq nədənsə həmkarlarımızda bu, narazılıq yaratdı və ona görə də hiperlinklə verdiyimiz istinadı əvvələ daşıdıq, həmçinin öz zəhmətimiz olmayan xəbərlərdən də Axar.az adını girişdən götürdük. Bunları xatırlatmaqla onu nəzərə çatdırmaq istəyirəm ki, indi medianın istiqaməti də başqadır, əsasən. dünyada gedən proseslər ölkələrin siyasətinə və iqtisadiyyatına təsir etdiyindən, xəbərlərin miqyası da genişlənib. Bu baxımdan, dünyanın ən məşhur saytlarında bəzən vergülünə qədər eyni olan xəbərlərin istinadsız yayıldığını müşahidə edirik və onlar heç də biri-birini oğurluqda ittiham etmir.

O ki qaldı müəllif yazılarına, bu, tamam başqa məsələdir. Reportajlar, müəllif şərhləri, açıqlamalara yanaşma fərqlidir və adətən xəbər portallarının bu cür yazılarını digər saytlar vermirlər və yaxud eyni mövzuda özlərinin qənaətlərini və şərhlərini fərqli yöndən təqdim edirlər. Bizdə isə bəzən müəllif yazılarını veririk və Azərbaycandakı ciddi, özünə hörmət qoyan saytlar mütləq belədə istinad verməklə, əslində, özlərinə olan sayğını nümayiş etdirirlər.

Yəni istinad artıq fərqli anlam kəsb edir: xəbər portalı informasiyanın səhihliyi məsuliyyətini digər mötəbər agentlik və yaxud portalla bölüşməklə, əslində, öz dəyərini artırır. Bu baxımdan Azərbaycandakı ciddi saytlarda ciddi problem görmürəm və hesab edirəm ki, xırda problemlər də tədricən, təcrübə artdıqca, xəbərin məsuliyyəti çoxaldıqca və oxucunun səhih xəbər alma tələbi yüksəldikcə aradan qalxır və qalxacaq”.

Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin dosenti Vüqar Zifəroğlu isə qeyd edib ki, jurnalistlərin peşə etikasında müəllif hüquqları və plagiatın yolverilməzliyi məsələsi son dərəcə ciddi əhəmiyyət daşıyan problemlərdəndir və əfsuslar ki, internet medianın inkişafı ilə, bu problem daha qabarıq şəkildə özünü göstərmiş oldu: "Burada məsələ yalnız, xəbərlərin "copy-paste” edilməsindən getmir, hətta daha ciddi məqamlar da var. Mən əminəm ki, elə bir peşəkar jurnalist olmasın ki, onun bir dəfə olsa belə hansısa araşdırması, təhlili və ya elə essesi plagiata məruz qalmasın. Məsələn, elə mənim özüm dəfələrlə bu problemlə üzləşmişəm. Hətta essemi öz şəkili ilə, vergül və nidasına da toxunmadan verənlər olub.

Bu problemin qarşısının alınmasının hüquqi əsasları var və Qərbdə tətbiq edilən prosedurları burada da etmək mümkündür. Amma eyni zamanda mən bu kimi halların ictimailəşdirilməsinin tərəfdarıyam. Bu cür "yazarları” ifşa etmək lazımdır ki, onlar ən azından jurnalist cameəsinin qınağına tuş gəlsinlər. Burada redaksiya rəhbərliyinin də rolu böyükdür. Məsələn, mən heç cür təsəvvür edə bilmərəm ki, "Şərq” qəzetində plagiata yol verilsin. Əgər bir media orqanının və ya informasiya portalının başında peşəkar, işini bilən media kapitanı durarsa, o zaman onun rəhbərlik etdiyi qurumda da belə hallar ola bilməz. Mediaya rəhbərlik edənlərin peşəkarlığından çox şey asılıdır. Peşə etikası - mediada, jurnalistikada özünü tənzimləmə mexanizmidir. Bu mexanizmin işləməsi üçün hər media orqanı ilk növbədə öz daxilində o prinsiplərin aliliyini təmin etməli, onlara əməl etmənin vacibliyini ortaya qoymalıdır”.

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanovanın sözlərinə görə, mediada plagiatlıq o həddə çatıb ki, artıq "copy paste” jurnalistikası deyilən bir birləşmə də yaranıb: "Baxmayaraq ki, müəllif hüquqlarının qanunlarla qorunduğu deyilir. Bundan başqa, Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biri də müəllif hüquqlarına hörmətlə yanaşılmasıdır.

Amma internet imkanlarının yüksək olması müəllif hüquqlarının qorunmasını qəlizləşdirir. Eyni zamanda aşkara çıxarmasını asanlaşdırır. Ona görə də, jurnalistikada müəllif hüquqlarının qorunması daha çox etik məsələ kimi ortaya çıxır. Ən xoşəgəlməyəni isə xəbər, informasiya, press-reliz bir yana, hətta köşə yazısının, müəllif yazısının kiminsə öz adına çıxmasıdır. Sosial medianın mövcud olduğu bir vaxtda buna qarşı mübarizə aparmaq çox çətindir. İzləyicisi bir milyondan çox olan hansısa şəbəkə istifadəçisinin müəllifin bir yazısını başqa adla tirajlaması əsl müəllifi unutdurmaq üçün çox asandır. Digər bir məsələ jurnalistləri plagiata məcbur edən səbəblərlə bağlıdır. Redaksiyalar var ki, jurnalistin işləməsi üçün adi şərait belə yaradılmayıb. Amma ondan bir çox mövzularda orijinal yazılar tələb olunur. Belə olan halda jurnalist asan və mümkün olan varinatlara əl atır. Nəticədə mediada kütləvi şəkildə plagiat materiallar yayılmağa başlayır.

Amma özünü ciddi media qurumu hesab edənlər əvvəlcə maddi-texniki bazanı hazır vəziyyətə gətirir, sonra jurnalist qarşısında tələblər qoyur”.

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə Azərbaycan mediasında müəllif hüquqlarının qorunması sahəsindəki vəziyyəti belə dəyərləndirib: "Bizdə müəllif var ki, hüquqları da olsun? Əksəriyyət ordan-burdan nəyisə götürüb, özününküləşdirməklə məşğuldur. Press-relizin altına imza qoyan jurnalistlər var. Təki müəlliflər olsun, onların hüququ məsələsi problem deyil. İnsafən desək, ciddi saytların əksəriyyəti müəllif hüquqlarına hörmətlə yanaşır və istinad verirlər. Bu, artıq peşəkarlığın bir tələbinə çevrilib. Müəllif hüququnu pozanlar əldə-ayaqda itən saytlardır ki, onsuz da onları heç kim oxumur. Oxunan saytların demək olar ki, hamısında müəllif hüquqları gözlənilir. Başqa cür mümkün də deyil - kiminsə xəbərini çaşıb, istinadsız versən, "o dəqiqə adamın pişiyini ağaca dırmaşdırırlar”. Zəng vururlar, feysbukda yazırlar, dava salırlar... Düz də edirlər! Bu dava-dalaşların nəticəsində artıq hamı müəllif hüquqlarına hörmətlə yanaşır və ilk mənbəyə istinadlar verir. Ona görə də, mən hazırda bu məsələni Azərbaycan mediası üçün ciddi problem hesab etmirəm. Təki müəlliflər olsun və orijinal xəbərlər, reportajlar, təhlillər yazılsın - qalanı düzələr”.

Şəymən