Metroda qoruyucuların tətbiqi asan məsələ deyil

O sədlər adi bir hasar deyil ki, metroya çəkəsən




Srağagün Bakı metrosunda bədbəxt hadisə baş verib. Metronun "Nəsimi” stansiyasında 1987-ci il təvəllüdlü Oktay Nazim oğlu Paşayev relsin üzərinə yıxılıb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oktay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini deyib.

Baş verənlər sosial şəbəkələrdə də geniş müzakirə olunub. Vətəndaşların bir qismi bu cür xoşagəlməz halların aradan qaldırılması üçün metrostansiyalarda müəyyən qoruyucu sədlərin olmasının vacib olduğunu bildiriblər. Qeyd edək ki, bir sıra xarici ölkələrdə təhlükəli halların qarşısını almaq üçün məhz belə sədlərdən istifadə olunur. Bəs hazırkı şəraitdə ölkəmizdə belə mexanizmin tətbiqi mümkündürmü?

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevin "Şərq”ə açıqlamasına görə, qoruyucu sədlərin təşkil edilməsi yalnız gələcəkdə baş verə bilər. Nəzərə almaq lazımdır ki, hazırkı durumda qoruyucuların tətbiqi o qədər də asan məsələ deyil: 

"Bu çox mürəkkəb bir texnologiyadır. Onun quraşdırılması metrostansiya tikilərkən layihələndirmə zamanı nəzərə alınmalı idi. O sədlər adi bir hasar deyil ki, metroya çəkəsən. Həmin qoruyucu sədlər elədir ki, qatar gəlib yaxınlaşır və qatarın qapıları ilə yanaşı, həmin mexanzmin qapıları da açılır.
Həmçinin bütün bu işləri görmək üçün böyük maliyyə vəsaiti lazımdır. Bizim stansiyaların böyük əksəriyyəti sovet texnologiyası olduğu üçün bu proses indi o qədər də real deyil. Eyni zamanda bu proses layihələndirməyə də daxil edilməli idi. Bəlkə gələcəkdə yeni xətlərimiz və stansiyalarımızda sözügedən mexanizm tətbiq oluna bilər. İndiki vəziyyətdə bu mümkünsüzdür”.

Yeganə Bayramova