Nəsimi Paşayevin sözlərinə görə, “iş həcmi azaldığı üçün” qarşılıqlı razılaşma əsasında işçilərin əmək müqaviləsinə xitam verilir
Dekabrın 9-da "Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər. Etiraz edən işçilərin iddiasına görə, onlara işdən çıxma ərizəsini imzalamaq təklif olunub.
Aksiyaçılar ümumilikdə, 230 nəfərin ixtisara düşdüyünü bildiriblər.
İxtisarın hansı kriteriyalar əsasında aparıldığı işçilər üçün qaranlıq qalıb.
Aksiyaçıların dediyinə görə, əmək müqaviləsində müqavilənin "qarşılıqlı razılaşma şəklində pozulması” ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur. Aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və onlar əmək müqaviləsinə xitam verilməsini istəmirlər.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev şikayətçilərin tələblərinin əsassız olduğunu deyib. Onun sözlərinə görə, "iş həcmi azaldığı üçün” qarşılıqlı razılaşma əsasında işçilərin əmək müqaviləsinə xitam verilir:
"Bakı Metropoliteni”ndə nə ixtisar, nə də öz hesablarına məcburi məzuniyyət kimi bir problem var. Sadəcə olaraq Metropolitenin tikinti departamenti qarşılıqlı şəkildə əmək müqaviləsinə xitam verilməsi təklifini irəli sürüb. Heç bir məcburiyyət yoxdur, hətta qarşılıqlı razılaşma əsasında işdən çıxan şəxslərə "orta aylıq əmək haqqının iki misli miqdarında ödəniş” də edilir. Razılaşmada da qeyd olunur ki, gələcəkdə iş həcmi artarsa, yəni təkrar yeni işçilərə ehtiyac olarsa, öncə işdən çıxan həmin şəxslərə üstünlük veriləcək. Kənardan işçi götürülməyəcək. Biz bununla da onlara şərait yaradırıq ki, "Bakı Metropoliteni”nin tikinti departamentində iş olana kimi başqa yerdə işləyib, çörək pulu qazansınlar. Bizdə işlər açılan kimi də hər biri geri çağırılacaq”.
Hazırda 50 işçi ilə "qarşılıqlı razılaşma əsasında” müqavilə dayandırıldığını qeyd edən "Bakı Metropoliteni”nin sözçüsü deyib ki, ixtisar kriteriyasına görə qazma işi aparılmırsa, onda qazmaçıyla əmək müqaviləsini dayandırırıq.
Ya da işin həcmi azalırsa, iki qazmaçı arasında biri işdə saxlanılır. Bu zaman onların arasında razılaşma əldə olunmasına çalışılır və ya sosial kriteriyalara üstünlük verilir. Sosial kriteriyalar dedikdə şəxs əgər "şəhid ailəsidirsə, ya qaçqın və ya məcburi köçkündürsə, bu zaman onun işdə saxlanmasına üstünlük verilir”.
Şəymən