Meyitdən orqan köçürülməsinə cəmiyyət etiraz etməyəcək

Ancaq fəsadları olmasın deyə hüquqi baza yaradılmalıdır


Orqan transplantasiyası Azərbaycan səhiyyəsinin inkişaf etməmiş sahələrindən biridir. Yüzlərlə insan hər hansı bir orqanının sıradan çıxması nəticəsində həyatını itirir. Bir çox hallarda transplantasiyaya ehtiyacı olanlar müalicə üçün xarici ölkələrə göndərilsə də, bu, xəstələrin çox az hissəsini təşkil edir.

Azərbaycanda orqan transplantasiyasının həyata keçirilməsi ilə bağlı danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev orqan köçürülməsinin tətbiqinə bu il və ya gələn il ərzində başlanacağını deyib. Bununla bağlı artıq işlər aparıldığını qeyd edən deputatın fikrincə, Azərbaycanda elektron səhiyyənin tətbiqi meyitdən orqan köçürülməsinin reallaşmasını asanlaşdıracaq: "Əgər vəfat edən şəxs sağlığında öldükdən sonra orqanlarının köçürülməsinə razılığının olması barədə vəsiyyətnamə qoyubsa, artıq xəstənin yaxınlarını köçürmə üçün axtarmaq lazım deyil. Çünki meyitdən orqan götürülməsi qısa vaxt ərzində - bir neçə saat ərzində baş tutmalıdır. Elektron səhiyyə donorun sağlığında notarial qaydada razılığının olub-olmamasını tez bir zamanda müəyyən etməyə kömək edəcək. Eyni zamanda, elektron səhiyyə sayəsində orqanları götürülən donorun qan qrupu, orqanın immunitet xüsusiyyətləri, onu kimin orqanizminə köçürməyin mümkünlüyü barədə operativ məlumat əldə etmək mümkün olacaq”.

Azərbaycan vətəndaşlarının orqan köçürülməsi prosesinə hazır olduğunu deyən millət vəkili Asim Mollazadə "Şərq”ə açıqlamasında deyib ki, uzun müddətdir ki, insanlarımız bu əməliyyatlar üçün xarici ölkələrə üz tuturlar:

"Azərbaycan səhiyyəsində mövcud olan çatışmazlıqlar səbəbindən Azərbaycan vətəndaşları müalicə üçün İrana, Türkiyəyə və digər ölkələrə axın edirlər. Bunun qarşısını almaq üçün də Azərbaycanın səhiyyə sistemində ciddi islahatlar keçirilməli, kompleks tədbirlər görülməlidir. Dövlət tərəfindən yeni avadanlıqlar alınıb, müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilib. Amma bütün bunlara rəğmən durum ürəkaçan deyil. Mövcud problemlərin həlli üçün isə icbari-tibbi sığorta sisteminin tətbiq olunması çox vacibdir. Həkimlərin təhsilinin təkmilləşdirilməsi istiqamətində də çox böyük işlər görülməlidir. Səhiyyə sisteminin qarşısında duran əsas bu hədəflər öz həllini tapacağı halda meyitdən orqan köçürülməsi məsələsi də effektiv nəticələr verəcək”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda meyitdən orqan köçürülməsi tətbiqinə başlamazdan əvvəl bu məsələnin hüquqi bazası yaradılmalı və müvafiq qanunlar qəbul olunmalıdır.

Yazar Sevinc Elsevər isə bu məsələ barəsində çoxdan danışıldığını deyib: "Əslində yaxınını itirmiş adamlar üçün bu, təsəlli ola bilər. Sənin itirdiyin adam başqa birinə can bağışlayır. Dolayısı ilə həm də özü yaşayır. Yaşayır və yaşadır. Bu baxımdan mentalitetimizin bu prosesə etiraz etməyəcəyini düşünürəm. Amma bu məsələ çox ciddi nəzarət tələb edir. Kiminsə yaxını qəzaya düşəcək, əməliyyatdan sağ çıxmayanda şübhələnəcək ki, bəlkə onun doğmasının orqanını bir başqasına satmaq üçün bilərəkdən xilas etməyiblər?! Hər halda mənə elə gəlir ki, bu qanun həm də qanun pozuntularına da yol aça bilər. Qanunsuz orqan alveri ən təhlükəli bir şeydi”. Psixoloji baxımdan da insanların buna tam hazır olmadıqlarını vurğulayan yazar fikirlərini belə bir əhvalatla tamamlayıb: "Mənim əmim oğlunun adını dəyişmək məcburiyyətində qalmışdılar. Bilirsiniz niyə? Çünki qonşuda bir ailənin də o adda olan oğlu müharibədə həlak olmuşdu. Və qadın tələb etmişdi ki, uşağın adını dəyişsinlər. Bu mənada orqan transplantasiyasının kifayət qədər çətin proses olduğunu düşünürəm. Ümumiyyətlə, bu mövzuda danışmaq belə mənim üçün çox çətindir. Məni qorxudan əsas məsələ isə orqan köçürülməsinin qanun pozuntularına yol açacağı ehtimalıdır: "Cəmiyyətdə qarşılıqlı inam, etibar çox güclü olmalıdı ki, bu cür qərarlar qəbul olunsun. Bir də ciddi dövlət nəzarəti olmalıdır. Belə olan təqdirdə əslində çox lazımlı qanundur”.

Şəymən