Millət vəkilləri bilmədikləri məsələlərdən danışır

“Azərbaycanda bir qarış da yararlı torpaq istifadəsiz qalmayıb”
“Torpaqdan başı çıxmayan adamları ora yığıb gündə bir qanun qəbul edirlər, hamısı da effektsiz”


İki gün öncə Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası çərçivəsində keçirilən iclasında "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə edilib. Layihəyə əsasən, məcəllənin 110-cu maddəsi tamamilə dəyişdirilib və yeni formada verilib. Məqsəd kimi də torpaq hüquqpozmalarına qarşı cəzanın sərtləşdirilməsi göstərilib.

Dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin tələblərini pozmuş şəxslər Azərbaycanın Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Dəyişikliklə Cinayət Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasının hər bir konkret halına görə cəza nəzərdə tutulur.

İclasda aparılan müzakirələr zamanı millət vəkili Hüseynbala Mirələmov pay torpaqlarına malik olub, lakin istifadə edilməyən torpaqların niyə bu vəziyyətdə olması məsələsinin araşdırılmasını təklif edib. Qeyd edək ki, pay torpaqlarından istifadəsiz qalması və ya təyinatı üzrə istifadə olunmaması bir neçə dəfə millət vəkilləri tərəfindən qaldırılıb və kimə pay torpağı verilibsə, həmin torpaqda ev tikilməsi, digərlərinə problem yaradılması problem olaraq ön plana çəkilib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə tamamilə fərqli düşünür. Bizim deputatların reallıqla bağlı çox ciddi problemlərinin olduğunu vurğulayan ekspert deyib ki, onlar mövcud vəziyyətin hansı səviyyədə olduğunu görə bilmirlər: "Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 1 milyon səkkiz yüz min hektara yaxın əkin sahəsi var. Həmin torpaqların 180 min hektarı işğal altındadır. Yerdə qalan pay torpaqlarının hər qarışından əkin sahəsi kimi istifadə olunur. Çox maraqlıdır ki, millət vəkilləri nəyə əsaslanaraq pay torpaqlarının kütləvi şəkildə istifadəsiz qaldığını iddia edirlər. Pay torpaqlarından istifadə etməyən kəndlinin torpağını isə digər kəndli icarəyə götürüb, istifadə edir. İstifadə olunmayan torpaq sahələri isə yararsız olanlardır. Belə torpaqlar deqradasiyaya uğramış, eroziyaya məruz qalan, şoranlaşan ərazilərdir. Belə torpaqlar isə kəndliyə nəinki fayda verir, əksinə, onu zərərə məruz qoyur. Deputatların belə danışması Torpaq Məcəlləsinə nəzərdə tutulan müvafiq dəyişikliklərlə bağlıdır. Statistika Komitəsinin hesabatında pay torpaqlarından istifadə edildiyi göstərilirsə, bu qanuna nə ehtiyac var? Bir neçə ildən sonra onlar həmin qanunun səmərəliliyini necə müəyyən edəcəklər? Mənə elə gəlir ki, parlamentdə xalqı təmsil edən insanlar uydurmalara yox, faktlara əsaslanmalıdır. Bəzən deyirlər ki, pay torpaqlarından əkin yox, tikinti sahəsi kimi istifadə edirlər. Mən bu iddialarla razılaşmıram. Çox nadir hallarda pay torpaqlarında tikinti işləri aparılır. Əslində bu, qanunla da qadağan olunub. Yerlərdə apardığımız müşahidələr də göstərir ki, kəndlilər pay torpaqlarını əkib, becərirlər. Bu cür torpaqlardan yaşayış üçün istifadə edənlər 1-2 imkansız ailə ola bilər”. Avropa ölkələrində pay torpaqları ilə bağlı təkmil qərarların olduğunu vurğulayan ekspert deyib ki, torpaqdan istifadə olunmursa, deməli buna əsas var: "Kəndlinin yeganə gəlir mənbəyi həmin torpaqlardır. Əgər kəndli torpağı becərmirsə, ya onun istehsal etdiyi məhsul tələb olunmur, ya da istehsalı ona gəlirdən çox zərər verir. Kəndlinin əlində olan torpaq dövlətin, məmurların iştirakı ilə hər hansı bir sahibkara icarəyə verilir. Həmin kəndlilərin görüşməsində, bazar qiymətlərinə uyğun razılaşmasında vasitəçilik edirlər. Qadağalarla, cəzalar müəyyən etməklə heç nəyə nail olmaq olmaz. Mühüm olan problem yaradan səbəbləri aradan qaldırmaqdır”. Torpaq məsələsinin son dərəcə ciddi və əhəmiyyətli məsələ olduğunu vurğulayan V.Məhərrəmov deyib ki, Azərbaycanda bu sahə naşı adamların səlahiyyətinə verilib: "Aralarında bir sanballı mütəxəssis yoxdur ki, kənd təsərrüfatının inkişafına töhfə versin. Bilən adamlar da kənarda qalıb. Akademik Qərib Məmmədov bu sahənin peşəkarıdır. Onu bu işə cəlb edib, istedadından faydalana bilərlər. Torpaqdan başı çıxmayan adamları ora yığıb gündə bir qanun qəbul edirlər, hamısı da effektsiz. "Pambıqçılıq haqqında” qanun qəbul etdilər pambıqçılıq sıradan çıxdı, taxılçılıq, tütünçülük, çayçılıq sahələri də onun kimi. Sizi inandırım ki, millət vəkilləri kənd təsərrüfatı sahəsini dillərinə dolamasalar, kəndlilər özləri bu sahəni inkişaf etdirər, hətta gəlir də götürərlər. Qanunverici orqan isə qaş düzəltdiyi yerdə vurub göz çıxarmaqla məşğuldur”.

Şəymən