Millət vəkilləri harda istirahət edir?

Rəyi soruşulanlardan əksəriyyəti Azərbaycanın dilbər guşələrinin adını çəkib



Artıq bir müddətdir ki, istirahət mövsümü başlayıb. İnsanlarımız ölkəmizin və digər xarici dövlətlərin gəzməli, görməli və səfalı istirahət düşərgələrinə axışırlar. Söz yox ki, istirahətə yollanan turistlər sırasında Milli Məclis üzvləri yer alır. Çünki artıq bir neçə gün olar ki, deputatlar yay tətilinə buraxılıblar. Bu məsələni nəzərə alıb, istirahətlərini harada keçirəcəkləri barədə parlament üzvləri arasında sorğu keçirdik.

Sorumuza ilk olaraq cavab verən millət vəkili Araz Əlizadə istirahətini paytaxt Bakıda keçirəcək: "Bu yayı paytaxtda olacam. Xarici ölkəyə getməyəcəm. Bunun üçün vaxt və maddi imkan lazımdır. O da yoxdur”.

Digər parlament üzvü Asim Mollazadə də yay boyunca Bakıda olacaq: "Partiya ilə bağlı müəyyən işlər var. Yay boyu onunla məşğul olacam. Xaricə getmək planım yoxdur”.

Millət vəkili Hadı Rəcəbli isə artıq istirahətinin yarısını Naftalanda yerləşən "Çinar” otelində keçirib: "İki həftə Naftalandakı "Çinar” otelində oldum. Ordan çox razı qaldım. Azərbaycan xalqına tövsiyə edirəm ki, ora-bura getməkdənsə, ölkəmizdəki gözəl məkanlara üz tutsunlar. Bir sözlə, Naftalandan zövq aldım. Gözəl istirahət güşəsidir. Orda çox gözəl təbiət və mükəmməl xidmət var. Qalan müddəti isə Lənkəranda öz seçicilərimlə, təbiətin qoynunda keçirəcəm. Lənkəranda olan təbiət birmənalı olaraq dünyanın heç bir yerində yoxdur. Mən Naftalan və Lənkəranda istirahət etdiyim yerlərdə gördüklərimi heç bir yerdə görməmişəm. Eyni zamanda Lənkəranda istirahət edəcəyim yerdə də yaxşı şərait var. Lənkəranın təbiətindən həzz alıram”.

Deputat Tahir Kərimlinin isə harada istirahət edəcəyinə dair konkret planı yoxdur: "Ola bilər ki, İsmayıllıda öz evimdə oldum. Bakıya da gedib gələcəm. Konkret planım yoxdur. Düzü, təklif edirlər ki, müalicə məqsədilə harasa gedim. Çünki bir aydan çoxdur ki, cərrahiyyə əməliyyatı keçirmişəm. Hazırda müalicəmlə məşğulam. Ola bilər ki, gələcəkdə planlarım yaransın. Amma indi planım yoxdur”.

"Planınızın olmaması zamanlamı və yaxud da maddi imkanlamı bağlıdır” sualına gəlincə, deputat qeyd edib ki, millət vəkillərinə kifayət qədər vaxt verilib: "Vaxt var. Amma icazə versəydiniz bu suala konkret cavab verməzdim”.

Sorğumuza etiraz edərək cavab verən parlament üzvü Fəzail Ağamalı da istirahətini Bakıdakı bağ evində keçirəcək: "Milli Məclis bizə dincəlmək üçün imkan verir, amma siz jurnalistlər bizə imkan vermirsiniz. Amma yenə də baxım görüm başqa bir sərin yer tapsam ora gedəcəm”.

Millət vəkili Adil Əliyev də istirahətini ölkə daxilində keçirəcək: "İstirahətimi öz bağımda keçirəcəm. Xaricə getmək planım yoxdur”.

Millət vəkili Aydın Mirzəzadə də bu yayı əsasən Bakı şəhərində olacaq: "Bəlkə rayonlara da getdim. Əsasən Mingəçevir şəhərinə getmək fikrim var. Onu da deyim ki, istirahət olmağına baxmayaraq telefonum hər zaman açıq olacaq. Mingəçevirdə seçicilərimlə də görüşəcəm. Belə ki, kimin nə problemi olsa, mənə zəng edəcəklər və səlahiyyətim çərçivəsində onu həll etməyə çalışacam. Bir sözlə, yay istirahəti nəzərə alınmazsa, adi həyat tərzimi davam etdirəcəm”.

Milli Məclisin üzvü Aqil Abbasın dediyinə görə, onun harada istirahət etməsi büdcəsindən asılıdır: "Hər il gedib Ağcakənddə dincəlirəm. Bu il də 3-4 gün orada dincələcəm. Bizim Xocalı camaatı da orada olur. Oralar xoşuma gəlir. Bu il isə ölkədən kənara çıxmağım puluma bağlıdır. Pulum olsa, harasa gedib istirahət edəcəm”.

Deputat Rasim Musabəyov da digər həmkarları kimi ölkədən kənara çıxmaq niyyətində deyil. O, Azərbaycanda istirahət etməyə üstünlük verdiyini bildirib: "Dövlətin yaratdığı şəraitdən istifadə edərək Zaqulbada dincələcəyəm”.

Xanım deputat Jalə Əliyeva adətən Bakıdakı bağ evində dincəlir: "Uzaq başı rayonlara altı-bazar gedib gələ bilərəm. Başqa gedəcək yerim yoxdur”.

Millət vəkili Azər Badamov istirahətini Qusar rayonunda seçicilərinin yanında keçirəcək: "Qusarda istirahət etmək üçün müasir istirahət mərkəzləri açılıb. Ümumiyyətlə, istirahətə gedənlərə də bu zonaya üstünlük vermələrini tövsiyə edirəm. Çünki dəniz, meşə və dağ arasındakı məsafə 30 dəqiqəlik maşın yoludur və hər bir turist gündüz dənizdə istirahət edib, axşam sərin dağ havasında oturmaq imkanı əldə etmiş olur”.

Millət vəkili Elman Məmmədov isə yay vaxtı istirahət üçün hər hansı bir yer fikirləşib getmir: "Əsasən Azərbaycanda oluram. Xarici ölkələrə də getmək fikrim yoxdur. Çünki Azərbaycanın istirahət üçün bütün şəraiti var və mən də ölkəmizdə olacam”.

Millət vəkili Rəfael Cəbrayılov bu yayı ancaq Azərbaycanda olacaq: "Respublikamızın istirahət guşələri mənim üçün istənilən xarici ölkədən yaxşıdır. Amma bu yay doktorluq dissertasiyamı bitirməliyəm. Əsasən bununla məşğul olacam”.

Millət vəkili Kamilə Əliyeva yay istirahətini Azərbaycanın guşələrində, xüsusilə seçildiyi Zaqatala və Balakən rayonlarında keçirəcək: "Etiraf etməliyik ki, Zaqatala və Balakən bölgələri Azərbaycanın ən gözəl yerlərindən biridir və mənim üçün də çox xoşdur ki, yay tətilimi orada keçirim. Həm seçicilərimlə yaxından görüşüb, onların arasında olum, həm də istirahət edim.

Həmçinin başqa bölgələrimizə də üz tutacam. Belə ki, düşündüyüm yerlər Qax, İsmayıllı və Şamaxıdır. Onu da deyim ki, mənim istirahətimdə heç vaxt xarici ölkə olmur. Ancaq ezamiyyətlə əlaqədar xarici ölkələrə gedirəm. Dincəlmək üçün isə ən gözəl yer özümüzün hər bir şəraiti olan Azərbaycandır. Bir sözlə, mən xarici ölkələrdə heç vaxt dincəlməmişəm və belə bir fikrim də yoxdur”.

Millət vəkili Şahin İsmayılov bu yayı ölkənin səfalı yerlərində keçirəcək: "Hələ ki, Quba, Qusar, İsmayıllı, Qəbələ və Qax istiqamətində istirahət etməyi planlaşdırıram. Hazırda hər hansı xarici ölkəyə getməyi fikirləşmirəm. Amma ola bilər ki, hər hansı bir səfər olsun”.

Millət vəkili Əli Məsimli istirahət üçün heç vaxt xarici ölkəyə üz tutmur: "Bu yay Şəkidə və Bakıda istirahət edəcəm. Həmçinin dənizə də gedəcəm”.

Millət vəkili Vahid Əhmədov öz evində istirahət edəcək: "Hələlik başqa bir fikrim yoxdur. Çünki Bakıda və Qubada bəzi işlərim var. Onları həll etməliyəm. Bir sözlə, bu yayı Azərbaycanda olacam”.

Millət vəkili Musa Qasımlı da bu yayı Azərbaycanda olacaq: "Doğulduğum və seçildiyim Yardımlı rayonunda və Azərbaycanın digər bölgələrində istirahət edəcəm. İşlər çoxdur. Hesab edirəm ki, ölkəmizdə istirahət etməklə yanaşı, bir sıra yazı-pozu işlərimi də görəcəm. Bu il Azərbaycanda olacam və heç bir xarici ölkəyə getməyəcəm”.

Qeyd edək ki, "Deputatın statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət veriləcək. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alacaqlar.

Ayyət Əhməd