Millətin iradəsi hər şeydən üstündür

Gəncədə baş verən təxribat heç bir halda yerli xalqın iradəsini əks etdirmir
Xalq etimad göstərdiyi hakimiyyətin arxasındadır, pozucu qüvvələrə meydan verməyəcək


İyulun 10-da axşam radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında ekstremist aksiya keçirməyə cəhd ediblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə asayişi kobud şəkildə pozmağa cəhd göstərən şəxslərin hüquqazidd əməllərinin qarşısı alınıb. 40 nəfər saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İctimaiyyət üzvləri, millət vəkilləri də bu hərəkətləri törədənlərin, təşkilatçıların, onların arxasında dayanan qüvvələrin, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlərin hamısının tapılmasını, aşkar olunmasını və cəzalandırılmasını müvafiq qurumlardan tələb edir.

AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı ilk olaraq Gəncədə törədilən iğtişaş zamanı həlak olan polis işçilərinə Uca Yaradandan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyib. Onun sözlərinə görə, iğtişaşın Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, millətimizin müsəlman Şərqində ilk olaraq qurduğu Cümhuriyyətimizin paytaxtı Gəncə şəhərinin sakinlərinə heç bir aidiyyəti yoxdur. Çünki gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç bir zaman təxribatlara uymayıb.

O, iğtişaşın imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi olmadığını deyib: "Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət bütün dinlər üçün şərait yaradıb və onların işlərinə qarışmır.
Hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə və amansızlıqla alınmalıdır. 

İctimai təhlükəsizliyi qoruyan və dövlətin orqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar?”.

Bu iğtişaşın gözlənilən olduğunu vurğulayan professor qeyd edib ki, hələ Prezident seçkilərinin vaxtının dəyişdirilməsi zamanı səbəb kimi baş verən mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi. Radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğu qənaətindəyəm. Bundan sonra da digər belə iyrənc cəhdlər, terror hadisələri gözləniləndir.

Millət vəkilinin fikrincə, daha üç hadisə Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar edib: 

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə bayram edilməsi; millətimizin bağrından çıxan ordumuzun möhtəşəm paradı; Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmənin qovulması və torpaqlarımızın azad edilməsi. Millətimizdə qürur yaradan bu üç hadisəni kimlər, hansı qruplaşmalar və ölkələr istəmir? Elə isə iğtişaş kimə xidmət edir? Ancaq iğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan Respublikası dövləti çox güclüdür, bütün təxribatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür”.

Gəncədə baş verən iğtişaş və dini radikalların iki polis zabitini amansızca qətlə yetirməsini şərh edən millət vəkili Nizami Cəfərov da hesab edir ki, Gəncədə baş verən hadisələr Azərbaycanı gözü götürməyən xarici qüvvələrin işidir. 

O, "Şərq”ə açıqlamasında deyib ki, ötən gün xarici qüvvələr tərəfindən maliyyələşdirilib hazırlanan insanlar ölkədə təxribat törətməyə cəhd etdilər, ancaq istəklərinə nail ola bilmədilər: 

"Azərbaycan dövləti öz dövlətçiliyini və əmin-amanlığını qorumaq üçün hər cür imkanlara sahibdir. Dövlətə qarşı çıxan hər kəs barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər”.

Millət vəkilinin sözlərinə görə, təxribatçı şəxslərə qarşı həm hüquqi, həm də mənəvi mübarizə aparılmalı, təbliğat və maarifləndirmə tədbirləri gücləndirilməlidir: 

"Dini-ekstremist qüvvələrin qarşısını almaq üçün dövlətimiz bütün gücünü səfərbər etməlidir. Kimlərinsə öz siyasi konnekturasını silahla həyata keçirməyə cəhd göstərməsi absurddur. Azərbaycan dövləti 3-5 illik müvəqqəti hökumət deyil ki, bu dövlətin tarixi qədim dövrlərə dayanır. Dövlətimizin müstəqilliyi əbədidir və suverenliyimizə qarşı çıxan istənilən qüvvəyə cavab vermək iqtidarında olan ordumuz, polisimiz var”.

N.Cəfərovun qənaətincə, Gəncədə baş verən təxribat heç bir halda yerli xalqın iradəsini əks etdirmir: 

"Bu cür təxribatçı qüvvələr tarix boyu ölkəmizdə əl-qol atıblar. Dünən Bakıda, bu gün Gəncədə, sabah da başqa bir regionda ortaya çıxa bilərlər. Biz onların maliyyə qaynağını tapmalı və fəaliyyətlərini zərərsizləşdirməliyik.

Şəymən