“AZAL”a ittihamlar, Rəqabət Məcəlləsi, dövlət rüsumu məsələləri ətrafında gərginlik var
Milli Məclisin komitə iclasında qalmaqal...
Jurnalistlər müvəqqəti zaldan çıxarılıb
“AZAL”a ittihamlar, Rəqabət Məcəlləsi, dövlət rüsumu məsələləri ətrafında gərginlik var
“AZAL”a ittihamlar, Rəqabət Məcəlləsi, dövlət rüsumu məsələləri ətrafında gərginlik var
Ötən gün Milli Məclisin qarşıdan gələn 2017-ci il yaz sessiyası ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası baş tutub. Komitənin sədri, deputat Ziyad Səmədzadə ilk öncə 20 Yanvar qəhrəmanlıq səlnaməmizdən danışıb: "Azərbaycan xalqının tarixində həm şanlı, həm də qanlı günlər var. Bu şanlı, həm də qanlı günlərdən, qəhrəmanlıq səhifələrindən biri də 20 Yanvar faciəsidir. Sabah Azərbaycan xalqı 20 Yanvarı onu sevənlərlə, öz dostları ilə birgə qeyd edəcək, xatırlayacaq. 20 Yanvar xalqımızın tarixində ən mühüm səhifələrdən biridir. Eyni zamanda, 20 Yanvar xalqımızın milli-azadlıq hərəkatının tarixində ən mühüm hadisələrimizdəndir. Bunu da həmişə belə dəyərləndiririk. Odur ki, 20 Yanvar hadisələrində Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza isə başsağlığı veririk”.
Azərbaycanda uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanacaq
Toplantıda "Aviasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib ki, Azərbaycanda uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanacaq.
A.Məmmədov artıq dəyişikliyə beynəlxalq təşkilatların tələbləri əsasında başlanıldığını bildirib: "Bu əsasən Çikaqo konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliklə, uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır. Avqust ayında Beynəlxalq Mülki Təşkilat audit keçirəcək. O audit keçirilən kimi biz bu dəyişikliyi qəbul etməliyik. Bundan sonra standartlara uyğun olan fəaliyyət aradan qaldırılacaq. Bu günlərdə administrasiyamızda struktur dəyişikliyi də olmalıdır”.
A.Məmmədov qeyd edib ki, hazırda uçuşların təhlükəsizliyi haqqında administrasiyanın qaydaları var. Və yeni proqram hazırlanmasında bu qaydalardan istifadə olunacaq, həmin qaydalar proqram formasına salınacaq: "Həmin proqramda heyət üzvlərinin səhvlərindən baş verən hadisələrin olmaması üçün müəyyən özəl sistem yaradılması da nəzərdə tutulur. Bir sözlə, administrasiyanın qərarları yetərli deyil, dövlət qanununda əks olunmalıdır. Ona görə də bu dəyişiklik vacibdir. Dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək”.
"AZAL” monopolistdir”
İclasda komitənin üzvü olan millət vəkilləri təkliflərini səsləndiriblər. Deputat Əli Məsimli deyib ki, "AZAL” özəlləşdirməyə çıxarılmalı, eyni zamanda, Azərbaycanın hava məkanına, aviasiya sahəsinə digər şirkətlər buraxılmalıdır: "Azərbaycan aviasiyası, "AZAL” monopolistdir. Bunun qarşısı alınmalıdır. Faktiki olaraq "AZAL” ölkə iqtisadiyyatına, büdcəyə əlavə yükdür. Bu səbəbdən də
düşünürəm ki, "AZAL” özəlləşməyə çıxarılmalıdır. Necə ki, "AZAL”-ın inhisarçılığı davam edəcək, biletlərin qiymətlərinin, tariflərin müəyyənləşdirilməsində özbaşınalıqlar və bunun da nəticəsində narazılıqlar davam edəcək.
Deputatdan "AZAL”-a - "Bu nə özbaşınalıqdır?!”
"AZAL inhisarçılıqla məşğuldur”. Bu sözləri isə millət vəkili Vahid Əhmədov deyib. O da həmkarı Ə.Məsimli ilə razılaşaraq "AZAL”-ı monopolistlikdə ittiham edib: "Azərbaycan aviasiyası, hava nəqliyyatı ilə bağlı tənqidi fikirlərimi, iradlarımı dilə gətirmək istəyirəm. Bununla bağlı, ümumiyyətlə, son illər çoxlu tənqidlər, iradlar səsləndirilir. Bu günlərdə özümün şahidi olduğum bir hadisədən danışmaq istəyirəm. Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özü də "biznes-klass”la...Sonra elə oldu ki, iki gün gecikəsi oldum.
"AZAL”-ın Türkiyədə nümayəndəliyi var. Ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, oraya da müraciət edin. Bu nə deməkdir, nə özbaşınalıqdır? Bütün bunlar "AZAL”-ın monopolist olmasından irəli gəlir. Çünki başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. "AZAL” hər şeyi inhisarında saxlayır, nəticədə də bu cür problemlər, narazılıqlar yaşanır”.
Qeyd edək ki, iclasda Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov da iştirak edib. O deyib ki, "AZAL” prezidenti hazırda məzuniyyətdədir: "Cahangir Əsgərov məzuniyyətdən qayıtsın, mən ona problemləri çatdıracam”.
"Kişini çox incitməyək”
Millət vəkili Cavid Qurbanov deputat həmkarlarından fərqli olaraq, Azərbaycan aviasiyası, "AZAL”-la bağlı səslənən tənqidləri qəbul etməyib.
Deputat deyib ki, bu gün Azərbaycanın gözəl hava limanı var: "Hesab edirəm ki, "AZAL”-ın fəaliyyəti o qədər də pis deyil. Ola bilər ki, qiymətlərdə müəyyən çətinliklər var. Biz istəyirik ki, İsveçə tez çataq. Amma o dövlətlərin tarixi çoxdur. Biz yavaş -yavaş onlara çatacağıq. Ona görə də kişini (söhbət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov nəzərdə tutulur) çox incitməyək”.
Gərginlik yarandı
İclasda müzakirələr zamanı gərgin anlar yaşanıb. Hətta vəziyyət o həddə çatıb ki, jurnalistlər iclas salonundan çıxarılıb. Millət vəkili Vahid Əhmədov Azərbaycanın üzləşdiyi iqtisadi vəziyyətdən çıxışı və normal biznes mühitinin yaradılması məqsədi ilə komitənin yaz sessiyasına Rəqabət Məcəlləsinin salınmasını təklif edib. Bütün məsələlər də bundan sonra başlayıb. Rəqabət Məcəlləsi ciddi və gərgin müzakirələrə səbəb olub. Daha sonra jurnalistlərin iştirakı bərpa edilib.
"Yaranmış indiki vəziyyətə görə Milli Məclisin günahı hamıdan çoxdur”
V.Əhmədov bildirib ki, 10 ildir Rəqabət Məcəlləsini qəbul edə bilmirlər: "Bu qanun Milli Məclisdə iki dəfə oxunuşdan keçib. Üçüncü oxunuşda geri qaytardılar. Prezident "Strateji Yol xəritəsini” imzalayıb. Buna görə bir sıra qanunlar qəbul olunmalıdır. Hesablama Palatası haqqında təzə qanun qəbul etməliyik. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa, niyə qəbul etmirik? Azərbaycanda yaranmış indiki vəziyyətə görə Milli Məclisin günahı hamıdan çoxdur. Çünki biz lazım olan qanunları qəbul etmirik. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalırıq”.
"Biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi?”
Deputat deyib ki, üçüncü bir qanun layihəsi "Maliyyə nəzarəti haqqında” qanun layihəsidir: "İndi biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi? Xeyr, bu, biabırçılıqdır. Necə var idisə, ondan da pis vəziyyətdə davam edir. Biz təşkilatı yaradanda mən dedim ki, lazım deyil. Bu, indiki halda Azərbaycana heç bir xeyir verən deyil. Amma indi Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında müəyyən mübahisəli məsələlər gedir. Bank sistemini biz bu gün sağlamlaşdıra bilmirik. Ona görə bu qanunu qəbul etmək sərf eləmir. Çünki bu gün Azərbaycanda müəyyən qurumlarda maliyyə maxinasiyaları gedir. Təklif edirəm ki, üç qanun layihəsi gündəliyə salınsın”.
Komitə sədri - "Daxil olsun ki, biz onu qəbul edək”
Daha sonra isə komitə sədri Ziyad Səmədzadə bildirib ki, Rəqabət Məcəlləsi ilə bağlı sənəd Milli Məclisə daxil olmayıb: "Daxil olsun ki, biz onu qəbul edək. Prezident Administrasiyasında, müvafiq nazirliklərdə üzərində işləyirlər. Bu günə qədər iş planına salınan qanunların hamısı Milli Məclisdə qəbul olunub. Ona görə də indiki yaranmış vəziyyətə görə Milli Məclisi günahlandırmaq doğru deyil”.
Deputat Əli Məsimli hər iki qanunun dünyanın bütün ölkələrində qəbul olunduğunu deyib: "Amma bizdə bu, qəbul olunmur. Ona görə də iqtisadiyyatımızda fəsadlar baş verir. Tez zamanda sözügedən qanunu qəbul etməliyik”.
"Bizdə 1 milyon rüsumu ödəməyə imkan varmı?”
"Dövlət rüsumu haqqında qanuna dəyişikliklər edilməsi haqqında” qanun layihəsi də iclasda ciddi və maraqlı müzakirələrə səbəb olub.
Qanun layihəsi ilə bağlı danışan millət vəkili V.Əhmədov bildirib ki, bu günə qədər ən böyük rüsumun həcmi 22 min manat idi: "İndi deyirsiniz ki, müəyyən sahələr üzrə lisenziyaların verilməsi üzrə rüsumu iki dəfə azaltmısınız. Ancaq indi mobil rabitə üzrə rüsum 1 milyon manata qaldırılıb. Demək ki, bir sahədən azaltmısınızsa, digər sahəni artırmısınız. Bizdə 1 milyon rüsumu ödəməyə imkan varmı? Həmçinin televiziya yayımına 50 min rüsum qoymusunuz”.
Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov iradlara cavab olaraq bildirib ki, bu sahələr rentabelli olduğu üçün dövlət rüsumları artırılıb: "Söhbət "Azercell”, "Bakcell”, "Nar Mobile” kimi iri şirkətlərdən gedir. Burada qanun layihəsində dəyişiklik ona xidmət edir ki, lisenziyalar üzrə rüsumlar birbaşa dövlət büdcəsinə daxil olacaq”.
"İndi 1 dollar ödəyirsən, həm danışırsan, həm də yazışırsan”
Millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanda lisenziyaların verilməsi müddətsizdir: "Bundan sonra kim mobil operator kimi ölkəyə gəlmək istəsə, lisenziya almaq üçün 1 milyon manat rüsum ödəməlidir. Həqiqətən də mobil sahə rentabellidir. Sahibkarlar bu pulu ödəyə bilər. İndi dünyada mobil danışıq məsələsi yoxdur. İnternet sisteminə keçilib. 1 dollar ödəyirsən, həm danışırsan, həm də yazışırsan”.
Deputat Vahid Əhmədov isə əlavə rüsum məsələsi ətrafında yaranmış anlaşılmazlıqla bağlı komitə sədri Ziyad Səmədzadədən xahiş edib ki, Milli Məclisin iclaslarına nazir müavinləri dəvət olunsunlar: "Düzdür, mənim şöbə müdirlərinin savadına şübhəm yoxdur. Ancaq onlar bu işə məsul səlahiyyətli şəxs deyillər. Suallara aydınlıq gətirə bilmirlər”.
Millət vəkili Şəmsəddin Hacıyev isə bildirib ki, əvvəlki ilə indiki arasında ciddi fərq var: "Əgər əvvəllər rüsumlar lisenziya verən qurumlara gedirdisə, indi bu vəsait büdcəyə gedəcək. İndi mobil operatora lisenziya üçün ödəniləcək bir milyon manatın ancaq 5 min manatı lisenziya verən quruma gedəcək. Yerdə qalan 995000 manat isə büdcəyə gedəcək. Bu isə müsbət haldır”.
Anar Bayramoğlu