
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı (1918-1920-ci illər)
Akif Aşırlı

(Əvvəli ötən sayımızda)
Şamaxının yalnız xarabalıqlarının qaldığını yazan milli mətbu nümunələrimiz sağ qalan insanların yaşayışını bu cür təsvir edir: "Biçarə şamaxılılar, öz isti ocaqlarını buraxıb yağış-yağmurun altında bu səhraları ata-oğlunu, ana qızını gözlərinin yaşını tökə-tökə axtarırlardı”.
Şamaxıdan didərgin düşən, Bakıya və ətraf bölgələrə sığınanların siyahısı "Hümmət” qəzetinin 6 nömrəsində "Şamaxı qaçqınlarının siyahısı” adı altında çap etmişdir.
Şamaxı qəzasında 80-ə yaxın müsəlman kəndi yerlə-yeksan olunmuş, 8 əsr yaşı olan Cümə məscidi yandırılmışdı. Bu bölgədə törədilən qanlı olaylarla bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı fövqəladə təhqiqat komissiyasının sədri Ələkbər bəy Xasməmmədov "Çağırış” məqaləsində bu barədə geniş məlumat verir.
"Zaqafqaziya tarixçəsinin qanlı səhifələri”nə toxunan "Qardaş qayğısı” qəzeti İrəvan quberniyasında 42 kəndin viran olduğunu yazır. Həmçinin İrəvanda 199 kəndin yerlə-yeksan olunduğunu, müsəlman yurduna ermənilərin köçürüldüyü də bu mətbu orqanda əksini tapan mühüm faktlardandır.
Ermənilərin Bakıda, Şamaxıda törətdikləri soyqırım aktları sırasına ziyalıların məhvi planları da daxil idi. Bu barədə 1918-ci ilin martından sentyabra kimi Bakıda olan M.Ə.Əfəndinin Tiflisdə "Qardaş qayğısı”nın müxbirinə verdiyi açıqlamada bu barədə kifayət qədər məlumatlar var. M.Ə.Əfəndi söyləyir ki, Bakını bürüyən qətllər zamanı ermənilər evbəev gəzib müsəlmanları yığırdılar və naməlum bir yerə aparırdılar: "Çox vaxt aparılan ziyalı, oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu. Fəqət, çox vaxt da olurdu ki, heç bir əsər də əldə etmək mümkün olmayırdı”. Şahid misallar da çəkirdi: "İki doktor Kərim bəy, Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən T.V.Qulubəyov da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast gəlir. Quyunun yanında hasar içində çoxlu müsəlman arvad, uşaq meyiti var imiş. İkinci bir dəstə, bir quyuya rast gəlirlər ki, bərk boğucu iyi çıxırmış. Bir nəfəri quyuya salırlar. Fəqət o, tez çıxarılmasını rica edir. Zira, durmaq mümkün deyilmiş. Ancaq özü ilə bir cib dəftəri gətirmiş idi. Yazılardan məlum olmuşdur ki, bu dəftər H.Cəfərovun xidmətçisi Tahirovundur”.
Ermənilərin Şamaxıya hücumu zamanı evinə od vurulmuş Azərbaycanın böyük mütəfəkkiri, milli şair Abbas Səhhət şəhəri tərk edib Gəncə istiqamətinə qaçan zaman erməni hərbçiləri tərəfindən qarət olunmuş, mənəvi-psixoloji sarsıntı keçirmiş, az sonra Gəncədə vəfat etmişdi. Bu barədə o dövrün mətbuat səhifələrində məlumatlar var: "İslam aləmi Abbas Səhhət kimi böyük ədibi bu bandalara qurban vermişdir. Bununla böylə bir neçə doktorlar, cavan-qoca alimlər qətl olunmuşlar”. A.Səhhətin ermənilər tərəfindən qarət olunması, ağır psixoloji sarsıntı keçirməsi və bu səbəbdən vəfatı barədə "Azərbaycan” qəzetinin 13 noyabr, 1918-ci il tarixi sayında da məlumat verilir. Azərbaycan mətbuat tarixində bir sıra solyönümlü qəzetlərin əməkdaşı, həmçinin "Tuti” məzhəkə jurnalının təsisçisi və redaktoru olan Cəfər Bünyadzadə də ermənilərin törətdiyi qətliamın qurbanıdır. Onun qətlinə səbəb bolşevik cildinə girən ermənilərin Bakı və ətraf kəndlərdə törətdikləri vəhşiliklərə etiraz etməsi və mətbuatda bununla bağlı məqalələr yazması idi. C.Bünyadzadənin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə etdiyi minnətdarlıq məktubunda bildirirdi: "Bir il bundan əqdəm "Tuti” məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm”. Müsəlman Milli Şurasının sədri Əlimərdan bəy Topçubaşov da ermənilərin hədəf aldığı ziyalılardan idi. Bakı qırğınından sonra onu həbs edib, aradan götürmək istəyirdilər. Şaumyanın tapşırığına əsasən həbs olunan Ə.Topçubaşovun azad olunması üçün Nəriman Nərimanov böyük səy göstərdi, danışıqlar apardı. Sonda onu həbsxanadan buraxdırdı. "Hümmət” qəzeti Bakı ziyalıları arasında nüfuz sahibi İbrahim bəy Heydərovun da doktor N.Nərimanovun səyi ilə azad olunacağını xəbər verirdi.
"İsmailiyyə” binasının yandırıldığından psixoloji sarsıntı və böyük kədər hissi keçirən M.Ə. Rəsulzadə yazırdı: "Bizim düşmənlərimiz başımıza işbu fəlakət açdıqları kibi hər şey açarlar. Hətta məscidlərimizi, ibadətgahlarımızı da dağıdıb xarabazara döndərə bilərlər. "İsmailiyyə”yə isə toxunmazlar. Çünki o böyük bina bizim məqsədatımızdır. Amalımızdır”.
Azərbaycan jurnalistikası tarixində "İsmailiyyə” mövzusu 1918 - 1920-ci illər Cümhuriyyət dövrü və mühacirət mətbuatımızda tarixləşdi. Qətlə yetirdikləri 30 mindən çox azərbaycanlının qanı və sümükləri üzərində hakimiyyətə gələn bolşeviklər "İsmailiyyə” binasının sökülməsini, Azərbaycan xalqının istiqlal arzularını bu möhtəşəm binanın timsalında yox etmək arzusu çin olmadı. Qardaş Türkiyə və Azərbaycanın milli hərbi qüvvələrinin, çoxsaylı Azərbaycan könüllülərinin formalaşdırdığı Qafqaz İslam Ordusu erməni-bolşevik planını yox etdilər. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun 6 aylıq savaşı ilə Azərbaycan öz istiqlalına qovuşdu.
Onu unutmayaq ki, mart soyqırımı tək hüzn-matəm günü deyil, millətin istiqlalı uğrunda şəhid olduğu gündür.