Mobil telefonlar jurnalistlərin işini asanlaşdırıb
Ancaq ekspert hesab edir ki, peşəkarlıq, işə məsuliyyətlə yanaşmaq hansısa texniki imkanlardan asılı deyil
Dünyada mobil rabitədən istifadə günü-gündən kütləviləşir. Bu proses isə təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də bu kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. Bu baxımdan sözügedən avadanlıqlar media üçün də geniş imkanlar vəd edir.
Qeyd edək ki, ilin-günün bu çağında da Azərbaycanda sovet nostalgiyası ilə yaşayan insanlar var. Zəmanənin korlanmasından giley-güzar edən bu insanlar fürsət düşdükcə, o dövrün qayğısız günlərindən ağızdolusu danışırlar. Amma nostalgiya özü ilə heç də həmişə şirin xatirələr gətirmir. Məsələn, yaşlı nəsil nə qədər cəhd etsə də, günümüzün gənclərini ən azı, texnologiyanın sürəti baxımından təəccübləndirə bilməz. Çünki bir vaxt onlara xəyal kimi görünən, əlçatmaz sayılan bu günün insanları üçün həyat tərzinə çevrilib. Bəlkə o vaxt heç kim təsəvvür belə etməzdi ki, bir gün sovetin "baraban” telefonlarını ovuc içinə sığan mobil telefonlar əvəz edəcək.
Bir vaxtlar jurnalistin ayrılmaz parçası onun mürəkkəbli qələmi idisə, indi bu vacibatların ön sırasında mobil telefon gəlir. Bu gün heç bir media orqanı xəbəri anında ötürən bu aparatlar olmadan işini qura bilməz. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən operativ qaydada həm səsli, həm foto və ya videogörüntülü xəbər ötürəsən. Yəni məşhur məsəldə olduğu kimi, bir gülləyə iki yox, daha çox dovşan vura bilərsən. Təki "silahın” daim səninlə olsun.
Bu baxımdan həm radio, həm televiziya, həm qəzet, həm də internet jurnalistikası mobil rabitənin imkanlarından özünə lazım olan formada istifadə edir. Azərbaycan mediası, bütün ölkə vətəndaşları kimi, mobil rabitənin imkanlarından 90-cı illərin ortalarından istifadə etməyə başlayıb. O vaxta qədər jurnalistləri informasiya sahibi ilə calaşdıran ya ənənəvi telefon aparatları idi, ya da jurnalistin öz ayaqları. Yəni xəbər sahibini telefonla tapa bilməyəndə, ən kiçik məlumatı öyrənmək və ya dəqiqləşdirmək üçün öz ayağınla xəbərin dalınca getməli olurdun. Maraqlıdır, mobil rabitənin bu imkanlarına jurnalistlərin münasibəti necədir. Media nümayəndələri mobil telefonların imkanlarından istifadənin faydalı, yoxsa zərərli tərəflərinin daha çox olduğunu düşünür?
"Report” informasiya agentliyinin redaktoru Pərvin Abbasov da hesab edir ki, mobil telefonlar bir çox texnoloji yeniliklər kimi jurnalistlərin işini asanlaşdırır. Yəni, müxbirlər bu texnoloji yenilikdən istifadə etməklə redaksiya üçün daha faydalı ola bilər:
"Məsələn, "Report” informasiya agentliyinin müxbir və reportyorları gün ərzində müxtəlif tədbirlərə, məhkəmələrə və s. yerlərə gedirlər. Tədbirlərə gedən müxbirlər redaksiyadan noutbuk aparır və tədbirdən xəbərləri yazaraq ofisə - redaktorlara göndərir. Elə yerlər də olur ki, ora noutbuk aparmaq çətin məsələdir. Məsələn, məhkəmə zalları, yanğın baş verən ərazilər... Bu zaman əməkdaşlarımız telefondan istifadə edir. Onlar xəbərləri telefonda yazaraq vatsap və ya feysbuk vasitəsi ilə redaksiyaya göndərirlər. Vəziyyətə uyğun olaraq müəyyən vaxtlarda xəbəri telefonla çatdırırlar, redaksiyadakı digər əməkdaşlar onu kompüterdə yığır. Bundan başqa, müxbir tədbirə və ya evə gedərkən yolda bir qəza hadisəsi görür, dərhal şəkilləri çəkərək redaksiyaya göndərir, hadisə barədə telefonla məlumat verir. Təbii ki, hansısa redaksiyada sui-istifadə halları da ola bilər. Məsələn, hansısa jurnalist günün çoxunu telefon vasitəsi ilə vatsap, feysbuk və skaypda keçirirsə və yalnız şəxsi işləri ilə məşğuldursa, həmin şəxsin redaksiyaya faydası olmayacaq. Bütün bunlara isə redaktorlar nəzarət etməlidir ki, müxbirlər işdən yayınmasın”.
"Azvision”.az saytının baş redaktoru Vüsal Məmmədov isə jurnalistlərin bütün texnoloji imkanlardan istifadə etməsinə yaxşı baxdığını deyib.
Onun sözlərinə görə, hətta vatsapda səsli mesaj vasitəsilə açıqlama almaq da olar. Niyə də yox?. Mobil telefonlar vasitəsilə alınan açıqlamaların bir o qədər də oxunaqlı olmadığı ilə bağlı səslənən iddiaların əsassız olduğunu vurğulayan baş redaktor deyib ki, əgər qoyulan sual, toxunulan mövzu və ya müsahibin cavabı maraqsızdırsa, telefonda nə günah var?”.
Bütün dünyada, o cümlədən də Azərbaycanda media, informasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyini vurğulayan "Yenilik.az” saytının baş redaktoru Xanlar Xocanın sözlərinə görə, informasiya az qala işıq sürətilə yayıldığı bir vaxtda jurnalistin informasiyanı daha sürətli əldə edib yayması baxımından mobil telefonların əhəmiyyəti böyükdür:
"Telefonsuz jurnalisit təsəvvür etmək balığı susuz təsəvvür etmək kimidir. Müasir jurnalistin "ağıllı telefon”u yoxdursa, onun informasiyanı əldə etməsi də sual altındadır. Çünki telefon bu gün informasiyaya çıxış imkanı yaradır. Tənbəl onsuz da tənbəldir, onun telefonu olmasa, başqa bir yolla öz tənbəlliyini büruzə verəcək. Məncə, telefonun və digər vasitələrin jurnalistin işinə ancaq xeyri var”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika kafedrasının dosenti, media eksperti Vüqar Zifəroğlu da hesab edir ki, müasir günümüzdə informasiya ötürücülərinin və informasiya daşıyıcılarının portativ və mobilliyi, əslində informasiya ilə işləyən peşə sahiblərinə yeni və əlavə imkanlar açır:
"Mobil telefonlar da həmçinin, bizim peşə sahiblərinin öz fəaliyyətlərini daha səmərəli qurmaları üçün bir vasitədir. Peşəkarlıq, işinə məsuliyyətlə yanaşmaq, mobil telefondan hansı şəkildə istifadə edilməsindən asılı deyil. Bu gün əlimizdə olan texniki imkanlar, bizim işimizi daha da səmərəli qurmaq, onu daha keyfiyyətli şəkildə etmək üçündür. Artıq bu texniki imkanlardan nə dərəcədə yerində və səmərəli istifadə edilməsi isə, jurnalistin peşəkarlığı ilə ölçülür. Təbii ki, günümüzdə daha çox istifadə edilən "ağıllı telefonlar”ın media üçün faydaları var. İnternetə bağlantısı aktiv olduğu halda, orada olan müxtəlif tətbiqlərdən yararlanmaqla, jurnalist əlində olan vizual və ya yazılı informasiyanı anında həmkarları və ya auditoriyası ilə paylaşa bilər. Bu cür telefonlarda eyni zamanda, müxtəlif xəbər portallarının və media quruluşlarının tətbiqlərini yükləməklə, bir növ, xəbərlərin içində olmuş olursan, baş verənlərdən zamanında xəbərdar olursan ki, bu da bizim peşənin sahibləri üçün son dərəcə önəmlidir. Ümumiyyətlə istər mobil telefonlar, planşetlər, istər müxtəlif portativ informasiya daşıyıcıları və ya ötürücüləri jurnalistə peşəkarcasına öz fəaliyyəti ilə məşğul olmasına əngəl olsun. Əksinə, bir daha təkrar edirəm, peşəkar jurnalist bu alətlərdən öz işini daha səmərəli qurmaq üçün istifadə edəcək”.
"Azxəbər.com" saytının həmtəsisçisi, gənc jurnalist Əfsələddin Ağalarovun fikrincə, ixtira olunan hər bir texnoloji avadanlıq ayrı-ayrı sahələr üzrə iş əmsalının və keyfiyyətinin artırılması üçün istifadə olunur. Əgər hansısa sahədə bir boşluq varsa, müasir avadanlıqlar məhz həmin boşluqları doldurmaq üçün ixtira edilir. Mobil telefonların jurnalistləri tənbəlləşdirməsi, öz işlərindən uzaqlaşdırması kimi dəyərləndirilməsini doğru hesab etməyən həmkarımız informasiya texnologiyalarının mediadının inkişafına rəvac verən məsələlərdən olduğunu deyib:
"Mobil telefonlar heç də jurnalistləri tənbəlləşdirmir. Bilirsiniz ki, informasiya dünyada ən tez sıradan çıxan bir məhsuldur. Məhz mobil telefonlar vasitəsilə informasiya öz dəyərini itirmədən operativ şəkildə oxuculara çatdırılır. Hansısa bir məsələ ilə bağlı yazı hazırlayan jurnalist faktı bir və ya bir neçə mənbədən dəqiqləşdirməli və ya bir neçə ekspertin mövqeyini öyrənməlidir. Bir-bir həmin şəxslərin ünvanına getməkdənsə, mobil telefon vasitəsilə açıqlama alıb, yazının operativ şəkildə oxuculara çatdırılmasına nail olur. Bu mənada demək olar ki, media jurnalistləri nəinki tənbəlləşdirir, əksinə, onların fəaliyyətini daha da sürətləndirir. Mobil telefonların yeganə ziyanı ofis jurnalistikasını stimullaşdırmasıdır. Bu isə Azərbaycanda jurnalist araşdırmasını arxa plana keçirir və gənc jurnalistlər jurnalistikanın bu istiqamətindən xəbərsiz olurlar”.
Xüsusən də internet xəbər portallarında çalışan insanlar üçün mobil telefonların mühüm vasitə olduğunu vurğulayan Ə.Ağalarovun sözlərinə görə, Android və AOS proqramları vasitəsilə jurnalistlər hadisə baş verən andaca onu paylaşmaq imkanına sahibdirlər.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb
Şəymən