"...Mollanın psixi durumu elə vəziyyətdədir ki..." - Uşağın intiharına təsir

"İntihar edən 12 yaşlı uşağın iradəsi həddindən artıq zəif olub”.
Bu barədə "Sherg.az”a Ağdaşda intihar edən 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlunun psixoloji durumunu izah edərkən psixoloq Aytən Ələkbərova danışıb. 
Onun sözlərinə görə, həmin yeniyetmə tez təsir altına düşüb:
"Valideynlər uşağın mollanın uyanına getdiyindən xəbərdar olub. O yaşda uşağı mollanın yanına qoymaq və üstəlik tamamilə nəzarətsiz saxlamaq olmaz. Yeniyetməlik dövründə uşaqların təsir altına düşməsi sürətlənir. Hətta biz, böyüklər belə hansısa mollanı dinlədikcə özümüzü həyatda günahkar, öləndən sonra cəhənnəmə düşəcəkmiş kimi hiss edirik. Həmçinin, din xadimlərinin hamısına da güvənmək olmaz. "Həci” adı altında elə mollalar gizlənir ki, fikirləri, aşıladığı düşüncələr insanları fərqli yollara çəkə bilir. Düzdür, bunu hər kəsə şamil etmək də olmaz. Valideyn övladını mollaya əmanət edirsə, heç olmasa bu şəxslər oxumuş, ziyalı axundlar olmalıdır. Həmin uşağa dərs keçən mollanı bir psixoloq danışdırsa, yaxşı olar. Düşünürəm, o zaman mollanın psixi durumu haqqında da bilgilərimiz olar. Bəlkə də, mollanın psixi durumu elə vəziyyətdədir ki, uşağın intiharına birbaşa təsir edib”.
Yeniyetmələrin intiharında son günlər geniş yayılan "Mavi balina” kabusunu da nümunə çəkən A.Ələkbərovanın sözlərinə görə, asılılıq yaradan istənilən kompüter oyunları uşaqlar üçün əlçatmaz olmalıdır:
"Rusiyadan yayılan həmin "Mavi balina” oyunu da neçə gəncin həyatına son qoyub. Asılılıq yaradan bu oyunlar, uşaqlardan kənarlaşdırılmalıdır. Necə ki siqaret zəhər ötürür, kompüter oyunları da yeniyetmələrə o cür təsir edir. Həmin uşağın da intiharında "Mavi balina”nın yaxud digər asılılıq yaradan oyunların motivləri ola bilər.
Həmin uşağın yaxşı oxuduğunu, qiymətlərinin yaxşı, psixi durumunun normal olduğunu yazırlar. Gündəlik məktəbə gedən, dərslərini yaxşı oxuyan, qiymətləri əla olan uşağın, o demək deyil ki, psixi durumu da qaydasındadır. Hər halda bu məsələdə həm psixoloji, həm hüquqi baxımdan ciddi araşdırma vacibdir”.
Qeyd edək ki, bir neçə aydır, dərsdən sonra "Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb. Tapılan məktubda bunlar qeyd edilib: "Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.
İntiharın səbəbi isə məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu deyilib.
Aysel Aslan