Moqerinin açıqlaması populist çıxışdır

Avropa heç vaxt Rusiya ilə eyni müstəvidə hərəkət edə bilməz



Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın müəyyən məsələlərlə bağlı mövqeyinə qarşı
dayanmaq üçün Rusiya ilə birləşə bilər. Bunu Avropa Komissiyasının Təhlükəsizlik məsələləri və
xarici siyasət üzrə komissarı Federika Moqerini söyləyib. Moqerininin fikrincə, AB və Rusiyanı
ABŞ-a qarşı daha çox İranla pozulması planlaşdırılan nüvə razılaşması və Yaxın Şərq məsələləri
birləşdirə bilər. Xatırladaq ki, Donald Tramp bundan öncə İranla imzalanan müqaviləni ABŞ üçün rüsvayçılıq adlandırıb. O, prezidentliyi müddətində bu müqavilənin dəyişdirilməsinə nail olacağını bildirib. 


Məsələni "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli Moqerinin bəyanatını uğursuz
adlandırıb. Ekspertin fikrincə, AB rəsmisinin sözləri populist xarakterlidir: 

"Qərb dünyası vahid sistemdir və heç vaxt Tramp kimi siyasətdə bişməmiş bir adama görə dəyişməz prinsiplərindən vaz keçməz. Nə vaxt ki Tramp Amerikanın fundamental siyasətində hər hansı dəyişiklik edəcəyini deyir, Avropanın maraqlarına uyğun gəlməyən addımlar atır, dərhal onu Rusiya ilə təhdid edirlər. Amma Avropa heç vaxt Rusiya ilə eyni müstəvidə hərəkət edə bilməz. Bu, Qərbin ənənəvi dəyərləri ilə qətiyyən üst-üstə düşmür. Hesab edirəm ki, xanım Federika bu cür bəyanat verməkdə tələsib: "Ən azından bu bəyanat Amerikanın yeni seçilmiş Prezidentinin Avropa dünyasında ciddi həyəcan doğurduğunu göstərir. Amma Avropanın da, Amerikanın da bir nömrəli düşməni Rusiyadır. İnanmıram ki, Moskvaya tətbiq edilən sanksiyalar aradan götürülsün. Məncə, sanksiyalar daha da sərtləşdiriləcək. Hələki ilkin arayışlar dövrüdür”.

İsmayıl